Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Dövlət İmtahan Mərkəzinə təyin olunacaq yeni sədrdən cəmiyyətin gözləntiləri böyükdür. Kimisi bu dəyişikliyi yeni ümidlərlə qarşılayır, kimisi isə ehtiyatla gözləyir. Artıq ictimaiyyət arasında iki fərqli fikir formalaşıb: bir qisim imtahanların çətinləşəcəyini, digər qisim isə asanlaşacağını düşünür. Xüsusilə ingilis dili fənni üzrə dəyişikliklərin daha ciddi olacağı, hətta danışıq bacarığının da imtahan meyarlarına daxil ediləcəyi ehtimalı müzakirə olunur".
Bu sözləri Redaktor.az-a açıqlamasında ingilis dili müəllimi Səbinə Babayeva dedi.
Müshaibimiz müəllim və repetitor olaraq düşünür ki, qarşıdakı dəyişikliklərin əsas məqsədi imtahanları çətinləşdirmək və ya asanlaşdırmaq deyil, təhsilin məktəbə qaytarılması olmalıdır:
"Bu gün qəbul imtahanlarının tələbləri ilə məktəbdə verilən təhsil arasında yaranan fərq şagirdləri əlavə hazırlığa üz tutmağa məcbur edir. İmtahan şərtlərinin daha da ağırlaşdırılması isə məktəbin rolunu gücləndirmək əvəzinə repetitorluğa tələbatı artıra bilər. Beləliklə, məktəb bilik mənbəyi olmaqdan uzaqlaşır, əsas hazırlıq mərkəzinə çevrilən repetitor yanına ikinci ünvan kimi baxılır.
İngilis dili üzrə danışıq bacarığının imtahana daxil edilməsi də bu baxımdan ciddi düşünülməlidir. Dilin yalnız qrammatika və yazıdan ibarət olmadığını qəbul edirəm. Lakin danışıq bacarığı sistemli ünsiyyət mühiti, fərdi praktika və kifayət qədər dərs saatı tələb edir. Siniflərdəki şagird sayı, mövcud dərs saatları və tədris proqramının real imkanları nəzərə alınmadan bu tələbin tətbiqi nə dərəcədə ədalətli olacaq? Məktəbdə formalaşdırılmayan danışıq bacarığını imtahanda tələb etmək şagirdi yenidən əlavə hazırlığa yönəltmək deməkdir. Üstəlik, hər ailənin fərdi danışıq müəllimi tutmaq imkanı yoxdur".
S.Babayeva diqqətə çatdırdı ki, imtahanların asanlaşdırılmasının tərəfdarı deyil:
"İmtahan şagirdin düşünmə, anlama və tətbiqetmə bacarığını ölçməlidir. Lakin çətinlik keyfiyyət göstəricisi deyil. Əvvəlcə tədris proqramı, dərs saatları, müəllimlərin imkanları və məktəbin maddi-texniki bazası qarşıya qoyulan tələblərə uyğunlaşdırılmalıdır.
Yeni rəhbərlikdən gözləntim imtahan mexanizmini mürəkkəbləşdirmək deyil, təhsil və qiymətləndirmə arasında balans yaratmaqdır. Məktəbin nüfuzu bərpa olunmalı, müəllimin əməyinə və tədris prosesinə verilən dəyər artırılmalıdır. Unutmayaq ki, güclü təhsil sistemi şagirdin yalnız imtahanda yüksək nəticə göstərməsi deyil, məktəbdə keyfiyyətli bilik əldə etməsidir. İmtahan məktəbdə verilən təhsilin nəticəsini ölçməlidir. Yeni sədr təhsilin məktəbə qaytarılmasının son şansıdır".
Aytəkin TOFİQQIZI