Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısında iştirak etmək üçün Çinin Şencen şəhərinə gəlib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidentini Şencen şəhərinin “Baoan” beynəlxalq hava limanında qarşılayıb.
Bu, Donald Trampın cari ildə Çinə ikinci səfəridir. May ayında Donald Tramp Çində dövlət səfərində olub.
APEC sammiti çərçivəsində ABŞ, Çin və Rusiya liderlərinin tarixdə ilk üçtərəfli görüşü baş tutacaq.
3 dünya lideri arasında keçiriləcək görüşdən müxtəlif gözləntilər var. Rusiyalı ekspertlər bu görüşü “ikinci Yalta” kimi qələmə verməyə çalışırlar. Guya 3 böyük ölkənin lideri dünyanın gələcəyini, o cümlədən öz aralarında oyun qaydalarını müəyyənləşdirəcəklər.
Mövzunu şərh edən siyasi ekspert Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ, Çin və Rusiya liderlərinin görüşündən müəyyən anlaşmaların əldə olunacağı ilə bağlı iddialar səsləndirilir. Hətta bəzi dairələr bu görüşü dünyanın yenidən bölüşdürülməsi prosesinin başlanğıcı kimi təqdim edir:
“Xüsusilə Rusiya mətbuatında bu istiqamətdə yayılan məlumatlarda üç liderin görüşünün Yalta konfransının yeni versiyası ola biləcəyi iddia edilir. Guya tərəflər öz geosiyasi maraqlarına uyğun olaraq dünyanı təsir və nəzarət zonalarına bölüşdürəcəklər. Lakin mən bu ehtimalları utopik hesab edirəm. Müasir beynəlxalq münasibətlər sistemi artıq belə bir bölgü modelinə uyğun deyil. Üstəlik, ABŞ, Çin və Rusiyanın qlobal maraqları bir çox istiqamətlərdə ciddi şəkildə toqquşur. Bu baxımdan, üç dövlətin dünyanı öz aralarında bölüşdürməsi barədə iddialar reallıqdan uzaqdır.
Mövcud ziddiyyətlər fonunda liderlərin görüşü ən yaxşı halda formal diplomatik təmas xarakteri daşıya bilər. Dünyanın yenidən bölüşdürülməsi ilə bağlı iddialara inanmaq isə, onun qənaətincə, sadəlövhlük olardı”.
E. Xalidbəyli bildirib ki, hazırkı geosiyasi reallıqlar fonunda ABŞ, Çin və Rusiyanın dünyanı öz aralarında bölüşdürməsi mümkün görünmür. Onun sözlərinə görə, ilk növbədə, Rusiya Ukrayna müharibəsi nəticəsində ciddi şəkildə zəifləyib:
“Bu səbəbdən dünyanın yenidən bölüşdürülməsi prosesində Moskvanın siyasi iradəsinə həlledici əhəmiyyət veriləcəyi inandırıcı deyil. Digər tərəfdən, Çinin geosiyasi və iqtisadi maraqları həm Rusiya, həm də ABŞ ilə bir sıra istiqamətlərdə kəskin ziddiyyət təşkil edir. Bu isə üç dövlət arasında fundamental anlaşmanın əldə olunması ehtimalını xeyli azaldır. Eyni zamanda, ABŞ tarixən qlobal hegemonluğunu qorumağa və möhkəmləndirməyə çalışan dövlətdir. Vaşinqtonun bu məqsədinə nail olması üçün həm Çin, həm də Rusiyanın müəyyən güzəştlərə getməsi lazımdır. Lakin mövcud münasibətlər fonunda belə güzəştlərin mümkünlüyü real görünmür”.
Elçin Xalidbəyli əlavə edib ki, hazırda üç dövlət arasındakı əsas müzakirə mövzularından biri nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı yeni sazişin imzalanmasıdır. Belə ki, ABŞ və Rusiya arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan əvvəlki müqavilənin qüvvəsi başa çatıb:
“Tramp administrasiyası yeni nüvə sazişinə Çinin də qoşulmasında maraqlıdır. Lakin Pekin bu məsələyə ehtiyatla yanaşır. Çin tərəfi haqlı olaraq diqqətə çatdırır ki, ABŞ və Rusiyanın nüvə potensialı Çinin müvafiq potensialından təxminən dörd-beş dəfə çoxdur. Buna görə də Pekinin mövqeyi ondan ibarətdir ki, əvvəlcə ABŞ və Rusiya öz nüvə arsenalını azaldaraq Çinin nüvə potensialına uyğun səviyyəyə endirməlidir. Yalnız bundan sonra Çin belə bir sazişə qoşulmaq məsələsini nəzərdən keçirə bilər.Dünyanın müxtəlif regionlarında ABŞ, Rusiya və Çin arasında nüfuz uğrunda ciddi mübarizə gedir. Belə bir şəraitdə, tərəflərin maraqları və geosiyasi mövqeləri arasında kəskin ziddiyyətlər olduğu halda, üç ölkənin liderləri arasında fundamental anlaşmanın əldə olunması real görünmür. Bu səbəbdən dünyanın təsir dairələrinə bölüşdürülməsi ehtimalı da inandırıcı deyil”.
Ekspert hesab edir ki, görüş baş tutarsa, daha çox formal və simvolik xarakter daşıyacaq. Bununla belə, görüşdən müəyyən mənada siyasi dividendlər əldə edən tərəf Rusiya ola bilər:
“Çünki Kreml bu platformada iştirak etməklə Rusiyanın hələ də qlobal siyasətdə söz sahibi olan dövlətlərdən biri olduğunu nümayiş etdirməyə çalışır. Vladimir Putinin ABŞ və Çin liderləri ilə eyni masa arxasında əyləşməsi Moskva üçün mühüm təbliğat və ictimai diplomatiya imkanı yaradacaq. Rusiya bununla dünyaya üç əsas qlobal gücdən birinin məhz özü olduğu, prezidentinin isə beynəlxalq münasibətlərin gələcək istiqamətinin müəyyənləşdirilməsində iştirak etdiyi mesajını verməyə çalışacaq. Lakin bütün bunlar əsasən siyasi imic və təbliğat xarakteri daşıyır. Belə bir görüşün dünyanın gələcək taleyinə ciddi təsir göstərəcək fundamental dəyişikliklərə yol açacağı gözlənilmir”.