Yeni dünya nizamında Azərbaycanın regional sülh və enerji diplomatiyası

22.01.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 20-də keçirilmiş ənənəvi Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Euronews telekanalına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda Azərbaycanın mövqeyini aydın şəkildə ortaya qoydu. Müsahibə təkcə cari siyasi proseslərə münasibət deyil, eyni zamanda rəsmi Bakının uzunmüddətli strateji baxışının konseptual təqdimatı kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev müsahibədə diqqəti qlobal miqyasda müşahidə olunan əsas tendensiyaya — yeni dünya reallığı şəraitində beynəlxalq hüquqdan güc balansına, başqa sözlə, beynəlxalq münasibətlərdə “qanunun aliliyi” prinsipinin zəifləməsinə və “güc amili”nin ön plana çıxmasına yönəltdi. Dövlət başçısının vurğuladığı kimi, artıq beynəlxalq hüquq normaları bütün aktorlar üçün eyni dərəcədə icbari xarakter daşımır və bu, dövlətləri öz milli maraqlarını təmin etmək üçün daha praqmatik siyasət yürütməyə məcbur edir. Bu yanaşma müasir beynəlxalq sistemin reallıqları ilə üst-üstə düşür. Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən böhranlar, ABŞ-Çin rəqabəti və qlobal təhlükəsizlik mexanizmlərinin səmərəliliyinin azalması fonunda Prezident Əliyevin fikirləri realist beynəlxalq münasibətlər nəzəriyyəsinin praktik ifadəsi kimi çıxış edir. Azərbaycan bu kontekstdə öz siyasətini emosional deyil, milli potensiala və real güc balansına əsaslanan şəkildə qurduğunu nümayiş etdirir.
Müsahibənin mühüm istiqamətlərindən biri postmünaqişə dövründə Cənubi Qafqazın gələcəyi ilə bağlıdır. Prezident İlham Əliyev vurğuladı ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra regionda sülh və yeni inkişaf mərhələsi başlayıb. Belə ki, uzun illər davam etmiş münaqişələrdən sonra region tarixində ilk dəfə real sülh və sabitlik mərhələsinə qədəm qoyub. Azərbaycan üçün bu sülh yalnız təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi və nəqliyyat inteqrasiyası üçün tarixi fürsətdir. Bu mövqe Azərbaycanın regional liderlik ambisiyalarının açıq şəkildə nümayiidir. Bakı sülhü yalnız siyasi nəticə kimi deyil, həm də regional əməkdaşlıq platforması kimi təqdim edir. Zəngəzur dəhlizi, tranzit layihələri, regional ticarət və enerji təhlükəsizliyi bu strategiyanın əsas sütunlarını təşkil edir. Prezidentin “sülhə alışmaq” ifadəsi isə Cənubi Qafqaz üçün tamamilə yeni siyasi psixologiyanın formalaşdığını göstərir. Ölkəmizin rəhbəri Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olmağı əsas hədəf olaraq seçilməsini tarixi zərurət kimi dəyərləndirmişdir.
Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın buistiqamətdəki yerinə diqqət yönəldərək ölkəmizin enerji ixracatçısı kimi artan rolunu da xüsusi qeyd etmişdir. Hazırda 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac etməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevirir. Son illər Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji xəritəsi kəskin şəkildə dəyişib. Bu şəraitdə Azərbaycan etibarlı, siyasi risklərdən nisbətən uzaq alternativ enerji mənbəyi kimi çıxış edir. Cənub Qaz Dəhlizi artıq təkcə iqtisadi layihə deyil, həm də geosiyasi alətə çevrilib. Prezident Əliyevin Davosdan verdiyi mesaj Avropaya açıq siqnaldır: Azərbaycan sabit, proqnozlaşdırılan və uzunmüddətli tərəfdaşdır.
Müsahibədə Avropa Parlamentinin Azərbaycana qarşı tənqidi mövqeyinə də toxunan dövlətimizin başçısı bu yanaşmanı qərəzli və siyasi lobbilərin təsiri altında formalaşan mövqe kimi qiymətləndirmişdir. O, Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığa üstünlük verdiyini və siyasi təzyiq alətlərini qəbul etmədiyini açıq şəkildə bəyan etmişdir. Bu mövqe Azərbaycanın suverenlik anlayışına verdiyi xüsusi önəmi göstərir. Bu tezisin əsas məğzi ondan ibarətdir ki, rəsmi Bakı üçün tərəfdaşlıq qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanmalıdır. Prezidentin mövqeyi də onu göstərir ki, Azərbaycan enerji və strateji əməkdaşlığı siyasi şərtlərlə dəyişmək fikrindən uzaqdır. Bu isə ölkənin müstəqil xarici siyasət kursunun əsas elementidir.
Müsahibənin ümumi ruhu Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasını bir daha təsdiqlədi. Prezident İlham Əliyev həm Qərb, həm Şərq, həm də regional aktorlarla münasibətlərin balanslaşdırılmış şəkildə qurulmasının vacibliyini vurğuladı. Davos kimi qlobal platformada bu siyasi mövqeyin səsləndirilməsi təsadüfi deyil. Azərbaycan özünü nə blok siyasətinin, nə də qarşıdurma tərəfi kimi təqdim edir. Bu yanaşma ölkəyə həm siyasi manevr imkanları yaradır, həm də iqtisadi və diplomatik çevikliyi qorumağa imkan verir.
Beləliklə, Prezident İlham Əliyevin Davosda Euronews telekanalına verdiyi müsahibə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində özünü necə gördüyünün konseptual təqdimatıdır. Yeni dünya nizamı, regional sülh, enerji təhlükəsizliyi və suverenlik prinsipləri bu çıxışın əsas ideya xəttini təşkil edir. Nəticə etibarı ilə, Azərbaycan artıq hadisələrin obyektindən subyektinə çevrilmiş, regional və qlobal gündəliyə təsir göstərə bilən aktor statusunu möhkəmləndirir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью