Yeni həbs dalğası başlayır? KONKRET

10.07.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində keçirilən əməliyyatlar nəticəsində bir sıra icra başçıları, yüksək vəzifəli məmurlar və dövlət qurumlarında çalışan şəxslər həbs olunmuş, bu proses cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Həmin dövrdə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiya hallarının qarşısının alınması istiqamətində mühüm addımlar kimi qiymətləndirilirdi.
Lakin son illər bu istiqamətdə diqqətçəkən əməliyyatların sayının azalması ictimai müzakirələri yenidən alovlandırıb. Dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət və digər qanun pozuntuları ilə bağlı zaman-zaman ortaya çıxan iddialar fonunda bu sahədə daha ardıcıl və sistemli nəzarət mexanizmlərinə ehtiyac olduğu barədə fikirlər də səslənir.

Bəs yaxın dövrdə yenidən qanunu pozan məmurlara qarşı genişmiqyaslı əməliyyatların keçirilməsi gündəmə gələ bilərmi və hansı sahələrdə nəzarətin daha da gücləndirilməsinə ehtiyac var?

KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı hesab edir ki, korrupsiyaya qarşı mübarizə müəyyən dövrlərdə aparılan kampaniya deyil, fasiləsiz davam etdirilməli olan hüquqi prosesə çevrilməlidir.

Tural Abbaslı

“Bu əməliyyatlar kampaniya xarakteri daşımamalıdır. “Korrupsiya mövsümü açıldı” deyə 2-3 icra başçısını həbs edib, videogörüntülərini yayıb, sonra isə aylarla bu prosesi unutmaq doğru deyil. Əgər ortada cinayət varsa, cəza da olmalıdır. Yeyinti, korrupsiya və qanun pozuntuları mövcuddursa, onların araşdırılması davamlı şəkildə aparılmalıdır.”

Partiya sədri bildirib ki, hazırkı vəziyyət bəzi hallarda korrupsiyaya qarşı mübarizənin epizodik xarakter daşıdığı görüntüsünü yaradır.

“Hamı bilir ki, rüşvətxor məmurlar və icra başçıları var. Əgər obyektivlik qorunsaydı, bu gün daha çox məmur qanun qarşısında cavab verərdi.”

Tural Abbaslı vurğulayıb ki, məsələ yeni həbs dalğasının başlanmasında deyil, qanunun bütün hallarda və hər kəsə eyni şəkildə tətbiq edilməsindədir.

“Burada söhbət yeni dalğanın başlanmasından getmir. Bu, davamlı proses olmalıdır. Əgər rüşvət alan, vəzifəsindən sui-istifadə edən məmur və ya icra başçısı varsa, onun fəaliyyəti araşdırılmalı və hüquqi qiymət verilməlidir. Belə əməliyyatlara hər zaman ehtiyac var. Bu, həm cəmiyyətlə məmurlar arasında yaranan uçurumun aradan qaldırılması, həm də ədalətin təmin olunması baxımından vacibdir. Eyni zamanda, digər vəzifəli şəxslər üçün də ciddi xəbərdarlıq rolunu oynayır.

Sonda Tural Abbaslı vurğulayıb ki, vətəndaşların ən çox şikayət etdiyi, korrupsiya və qanun pozuntuları ilə bağlı narazılıqların səsləndiyi bütün dövlət qurumlarında hüquq-mühafizə orqanlarının araşdırmaları aparılmalıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью