Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi nitq ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi möhtəşəm nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin dərin siyasi təhlili kimi yadda qaldı.
Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultayda iştirak etmək mənim üçün də böyük qürur və məsuliyyət hissi doğuran mühüm hadisə oldu. Qurultay nümayəndəsi kimi bu möhtəşəm siyasi tədbirin iştirakçısı olmaq, Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi mühüm məqamları canlı şəkildə izləmək mənə böyük təəssürat bağışladı.
Prezident İlham Əliyevin çıxışını dinləyərkən bir daha aydın oldu ki, VIII Qurultay sadəcə Yeni Azərbaycan Partiyasının növbəti hesabat-seçki tədbiri deyil. Bu Qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni tarixi mərhələdə keçirilən mühüm siyasi hadisədir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu, ilk dəfədir ki, YAP qurultayını Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu şəraitdə keçirir.
Prezident İlham Əliyevin nitqində 2020-ci ilin Vətən müharibəsində qazandığımız tarixi Zəfər və 2023-cü il sentyabrın 20-də suverenliyimizin tam bərpası xüsusi yer tutdu. Bu qələbələr Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələridir. Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa etmədi, eyni zamanda regionda yeni reallıqlar yaratdı və bu reallıqlar artıq beynəlxalq müstəvidə qəbul olunur.
Cənab Prezidentin çıxışında dünyada gedən proseslərə də xüsusi diqqət yetirilməsi təsadüfi deyildi. Müharibələrin və qarşıdurmaların artdığı, beynəlxalq hüququn ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Azərbaycanın öz təhlükəsizliyini təmin etməsi, güclü orduya və iqtisadi potensiala malik olması həyati əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq” fikri dövlətimizin təhlükəsizlik siyasətinin əsas fəlsəfəsini ifadə edir.
Çıxışda Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi də geniş şəkildə diqqətə çatdırıldı. Çin və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığın genişlənməsi Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın sözü və imzası beynəlxalq münasibətlər sistemində böyük etimad qazanıb. Bu, ölkəmizin müstəqil və prinsipial xarici siyasətinin nəticəsidir.
Prezidentin çıxışında iqtisadi inkişaf məsələləri də mühüm yer aldı. Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi, Orta Dəhlizin və Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından səmərəli istifadə edilməsi ölkəmizin gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Dövlət başçısının qarşıya qoyduğu hədəf — Azərbaycan ərazisindən keçən tranzit yüklərin orta müddətdə 30 milyon tona çatdırılması — ölkəmizin regionda logistika və nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində böyük perspektivlər açır.
Çıxışın ən çox qürur doğuran məqamlarından biri isə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı səsləndirilən fikirlər idi. Bu gün artıq həmin ərazilərdə həyat yenidən canlanır. Prezident İlham Əliyevin məlumatına görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Böyük Qayıdışın bundan sonra daha da sürətləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Mənim üçün Prezident İlham Əliyevin çıxışının ən mühüm mesajlarından biri Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrlə bağlı fikirlər idi. Partiyanın 30 ildən artıq müddətdə ölkənin ictimai-siyasi həyatında oynadığı rol, dövlətimizin uğurlarında YAP fəallarının və üzvlərinin töhfəsi yüksək qiymətləndirildi. İndi isə yeni tarixi mərhələ yeni yanaşmalar, daha böyük məsuliyyət və daha fəal fəaliyyət tələb edir.
VIII Qurultaydan aldığım əsas təəssürat budur ki, Azərbaycan artıq yalnız qazandığı Zəfərləri qoruyan deyil, həmin Zəfərlərin yaratdığı imkanlar əsasında gələcəyini quran qüdrətli dövlətdir. Bu prosesdə Yeni Azərbaycan Partiyasının üzərinə mühüm siyasi və ictimai missiya düşür.
Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər hər bir YAP üzvü üçün həm böyük qürur, həm də ciddi məsuliyyət yaradır. Qarşımızda yeni hədəflər, yeni vəzifələr və yeni inkişaf mərhələsi dayanır.
VIII Qurultay Azərbaycanın yeni tarixi mərhələyə inamla qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Bu mərhələnin əsas istiqaməti isə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü, daha qüdrətli və daha firavan Azərbaycanın qurulmasıdır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu böyük yolun növbəti mühüm siyasi mərhələsi kimi tarixə düşdü.
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini