Yeni il bəzəkləri: Yolka bazarından REPORTAJ

29.11.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Yeni ilin gəlişinə sayılı günlər qaldıqca paytaxtda bayram hazırlıqları da sürətlənir. Küçələr və vitrinlər rəngarəng işıqlarla bəzədilir, mağazalarda Yeni il atributları satışa çıxarılır. Evlərində bayram ab-havası yaratmaq istəyənlər isə artıq yolka və müxtəlif dekorativ bəzək əşyalarının axtarışına başlayıblar.

Bəs bu il Yeni il yolkası almaq istəyənləri hansı qiymətlər gözləyir? Bayram hazırlıqları ailə büdcəsinə neçəyə başa gələcək? Alıcılar daha çox hansı modellərə üstünlük verirlər?

Bu suallara aydınlıq gətirmək üçün Abşeron Ticarət Mərkəzinə yollandıq.

Ticarət mərkəzinə daxil olarkən ilk diqqətimizi çəkən məqam Yeni il məhsullarının çeşidinin kifayət qədər geniş olması idi. Müxtəlif ölçülü yolkalar, rəngarəng oyuncaqlar, işıqlandırmalar və bayram dekorları artıq satışa çıxarılıb. Görünən odur ki, sahibkarlar Yeni il mövsümünə əvvəlcədən hazırlaşıblar.

“Qiymətlər 5 manatdan başlayır, 1700 manatadək yüksəlir”

Bazardakı qiymətlər və alıcı marağı ilə bağlı Abşeron Ticarət Mərkəzində fəaliyyət göstərən kiçik sahibkar Şahlar Şahbazovla söhbətləşdik. Onun sözlərinə görə, hazırda yolkaların qiyməti 5 manatdan başlayaraq 1700 manatadək yüksəlir. Qiymət fərqini isə ilk növbədə məhsulun ölçüsü müəyyənləşdirir.

Sahibkar bildirir ki, bazarda ən kiçik yolkaların hündürlüyü 60 santimetr, ən böyük modellərin hündürlüyü isə 6 metrdir. Təbii ki, yolkanın hündürlüyü və gövdəsinin diametri artdıqca qiyməti də yüksəlir.

Şahlar Şahbazovun sözlərinə görə, qiymətə təsir edən əsas amillərdən biri də məhsulun hazırlandığı material və keyfiyyətidir. Xüsusilə “full plastik” adlandırılan modellər daha keyfiyyətli və bahalı hesab olunur. Bu yolkaların budaqları tamamilə plastik materialdan hazırlanır. Həsir və kisə materialından hazırlanan modellər isə nisbətən münasib qiymətə təklif edilir.

Bazarda təkcə klassik, sadə yolkalar deyil, üzərində müxtəlif dekorativ elementlər olan modellər də diqqət çəkir. Süni qar effekti, qış temalı oyuncaqlar və digər hazır bəzəklərlə təqdim olunan yolkalar əlavə dekorasiya tələb etmədiyindən alıcıların marağına səbəb olur.

Ən çox hansı ölçüdə yolkalar alınır?

Sahibkarın sözlərinə görə, alıcıların əsas seçimi 1,80, 2,10 və 2,40 metr hündürlüyündə olan yolkalardır. Bu ölçülər həm evlərdə yerləşdirmək baxımından əlverişli, həm də çeşid və qiymət baxımından daha geniş seçim imkanı yaradır.

Qiymətlərə gəlincə, 1,80 metr hündürlüyündə olan yolkalar 45 manatdan başlayır. Daha keyfiyyətli və fərqli dizayna malik modellərin qiyməti isə 300-400 manatadək yüksəlir.

2,10 metrlik yolkaların qiyməti 65 manatdan başlayır, bəzi modellər isə 400-500 manata təklif olunur. 2,40 metr hündürlüyündə olan yolkaların qiyməti isə 80 manatdan başlayaraq 600-700 manatadək çatır.

Şahbazov qeyd edir ki, alıcılar arasında hazır bəzəklərlə təqdim olunan modellərə maraq daha çoxdur. Bununla yanaşı, seçim zamanı ailələr əsasən həm yolkanın görünüşünə, həm də qiymətinə diqqət yetirirlər.

Yolka almaqla bayram xərcləri bitmir…

Əlbəttə, Yeni il hazırlıqlarının əsas atributu olan yolkanı almaqla iş bitmir. Onu bayram ab-havasına uyğun bəzəmək üçün müxtəlif oyuncaqlara, işıqlara, zərlərə və dekorativ aksessuarlara da ehtiyac yaranır.

Sahibkarın sözlərinə görə, bu məhsulların qiyməti ölçüsünə, hazırlandığı materiala və keyfiyyətinə görə dəyişir. Alıcılar yolka ilə yanaşı, əlavə bəzək əşyaları üçün təxminən 30-50 manat vəsait də nəzərdə tutmalıdırlar.

Beləliklə, Yeni il yolkası almaq istəyənlər üçün bu il bazarda seçim imkanları kifayət qədər genişdir. Büdcəsi məhdud olanlar münasib qiymətə sadə modellərə üstünlük verə, daha çox vəsait xərcləmək istəyənlər isə keyfiyyətli, iriölçülü və hazır dekorasiyalı yolkalar ala bilərlər.

Bir sözlə, Yeni il sevincini evinə gətirmək istəyən hər kəs üçün seçim var. Əsas məsələ isə həm zövqə, həm də ailə büdcəsinə uyğun yolkanı müəyyənləşdirməkdir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью