Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni il ərəfəsində evlərdə elektrik girlandalarından, işıqlı dekorasiyalardan və müxtəlif bəzək əşyalarından istifadə artır. Lakin gözoxşayan bu bəzəklər təhlükəsizlik qaydalarına əməl edilmədikdə yanğın və qısaqapanma riski yarada bilər. Xüsusilə nasaz naqillər, həddindən artıq yüklənmiş rozetkalar və tezalışan materialların işıqlandırma vasitələrinə yaxın yerləşdirilməsi ciddi təhlükə mənbəyidir.
Mütəxəssislərin fikrincə, yanğınların əsas səbəbləri arasında zədələnmiş elektrik naqilləri, boş kontaktlar və uzadıcıların normadan artıq yüklənməsi dayanır. Boş birləşmələrdə yaranan qızma və qığılcımlar, eləcə də naqillərdəki qısaqapanma yaxınlıqda olan kağız, parça və digər tezalışan materialların alovlanmasına səbəb ola bilər. Naqillərin qapı və pəncərələr arasında sıxılması, ağır əşyaların altında qalması da təhlükəni artırır.
Digər risk mənbəyi qurumuş təbii yolkalar, yanan şamlar və elektrik qızdırıcılarıdır. ABŞ Yanğın İdarəsinin (USFA) NFPA məlumatlarına istinadən bildirdiyinə görə, evlərdə baş verən yolka yanğınlarının təxminən üçdəbirinə yaxını elektrik problemləri ilə əlaqəlidir. Bu isə bayram işıqlandırmasının təhlükəsizliyinə xüsusi diqqət yetirməyin vacibliyini göstərir.
Elektrik girlandaları alarkən etibarlı istehsalçıların məhsullarına üstünlük verilməli, texniki göstəricilər və istifadə təlimatı yoxlanılmalıdır. Hər mövsüm quraşdırmadan əvvəl naqillər, fişlər və birləşmələr nəzərdən keçirilməli, zədələnmiş vasitələrdən istifadə edilməməlidir. Bir-birinə qoşulan girlandaların sayı istehsalçının müəyyən etdiyi həddi keçməməli, rozetka və uzadıcılar artıq yüklənməməlidir.
Açıq havada yalnız bu məqsəd üçün nəzərdə tutulmuş işıqlandırma vasitələrindən istifadə edilməlidir. Elektrik birləşmələri rütubətdən qorunmalı, naqillərin xalçanın altında və ya sıxılmış vəziyyətdə qalmasına yol verilməməlidir. LED lampalar daha az enerji sərf etsə və nisbətən az qızsa da, onların elektrik birləşmələrinə nəzarət vacibdir.
Electrical Safety First təşkilatının tövsiyələrinə əsasən, evdən çıxarkən və yatmazdan əvvəl bayram işıqları söndürülməli, elektrik şəbəkəsindən ayrılmalıdır. Yolka isə qızdırıcılardan və açıq alov mənbələrindən ən azı bir metr aralı yerləşdirilməlidir. Təbii yolkadan istifadə edildikdə onun su qabı mütəmadi yoxlanılmalı, qurumasına imkan verilməməlidir.
Yanğın baş verərsə, ilk növbədə insanların təhlükəsizliyi təmin edilməli, məkan dərhal tərk olunmalı və 112-yə zəng edilməlidir. Gərginlik altında olan elektrik avadanlıqlarına su tökmək olmaz.
Bayram sevincinin xoşagəlməz hadisə ilə yarımçıq qalmaması üçün sadə təhlükəsizlik qaydalarına əməl etmək kifayətdir. Unutmayaq ki, Yeni il dekorasiyalarının gözəlliyi qədər onların təhlükəsizliyi də önəmlidir.
S.Rzayeva
XQ