Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni il öncəsi demək olar ki, bütün marketlərdə uşaqlar üçün müxtəlif şirniyyat məhsullarından ibarət hazır paketlənmiş hədiyyələr satışa çıxarılır.
Bəs Yeni il hədiyyə qutuları alarkən nələrə diqqət edilməlidir?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və informativ həllər şöbəsindən Sfera.az-a bildirilib ki, uşaqlar üçün içərisində müxtəlif şirniyyatlar olan Yeni il hədiyyə qutularını alan zamanı son dərəcə diqqətli olmaq lazımdır.
Belə ki, ilk növbədə hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür.
Həmçinin bilmək lazımdır ki, belə qutuların üzərində içərisindəki məhsulların deyil, həmin qutuların qablaşdırılma tarixi yazılır.
Ona görə də istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənib-etiketlənmədiyinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, eləcə də istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirmək tövsiyə edilir.
Bununla yanaşı, Yeni il hədiyyə qutularını seçərkən onların qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə və korlanmadığına fikir vermək lazımdır.