Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi tarixi yolun, qazandığı nailiyyətlərin geniş mənzərəsini əks etdirir. Qurultayda Dövlət başçısının çıxışı təkcə daxili auditoriya üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyan mesajlarla zəngin idi.
1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, partiyanın fəaliyyəti və siyasi xətti artıq yalnız ölkə daxilində deyil, Cənubi Qafqaz miqyasında da aparıcı qüvvəyə çevrilib: “Partiyamızın qəbul etdiyi qərarlar və seçdiyi yol təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün böyük önəm daşıyır. Müxalifət partiyası kimi yaranmış Yeni Azərbaycan Partiyası otuz ildən artıqdır ki, ölkəni idarə edir və bu dövrdə əldə edilən bütün uğurlarda onun fəallarının əvəzsiz payı var.”
Çıxışda, Yeni Azərbaycan Partiyasının və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin əhəmiyyəti də xüsusi vurğulanır. Partiyanın yaradılması ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşdiyi bir dövrə təsadüf etmişdi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi sabitliyin təmin olunması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Sonrakı dövrdə bu siyasi kurs davam etdirilərək ölkənin hərbi və iqtisadi potensialının artırılmasına, milli maraqların qorunmasına və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət etdi.
Bu gün Azərbaycan yalnız öz gücü, xalqın yumruq kimi birliyi və Ali Baş Komandanın qətiyyətli siyasəti sayəsində ədaləti bərpa etmiş qalib ölkədir. Azərbaycanın müasir tarixində ən əlamətdar səhifələrdən biri Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpasıdır. Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi “Bu iki hərbi qələbə təkcə xalqımız və dövlətimiz üçün deyil, bütün dünya üçün yeni bir presedent yaratdı. Azərbaycan təkbaşına, böyük güclərin açıq və gizli müqavimətinə baxmayaraq, işğala və separatizmə son qoydu. Bölgəmizdə və dünyanın müxtəlif nöqtələrində baş verən qlobal münaqişələr fonunda hər zaman ayıq-sayıq olmalı, ordumuzu və təhlükəsizlik sistemimizi ən yüksək səviyyədə saxlamalıyıq ki, heç bir xarici qüvvə ölkəmizə qarşı hər hansı təxribat törətmək cəsarətində olmasın.”
Vətən müharibəsindən qeyd etmişkən, bu baxımdan VII qurultayın da xüsusi tarixi əhəmiyyətini qeyd etmək lazımdır. VII qurultay 2020-ci ildə Vətən müharibəsində qazanılan şanlı Zəfərdən cəmi bir neçə ay sonra keçirilmişdi. Həmin dövrdə bütün dünyanın diqqəti Azərbaycanın tarixi qələbəsinə yönəlmişdi. Azərbaycan öz gücünə, siyasi iradəsinə və xalqın həmrəyliyinə əsaslanaraq işğala son qoymuş, eyni zamanda, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmışdı. VIII qurultaya qədər isə 2023-cü il sentyabrın 20-də Azərbaycan işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bəli, VIII qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Bu fakt qurultaya xüsusi tarixi və siyasi məna verir. Azərbaycan artıq uzun illər davam edən işğal problemini arxada qoymuş, ərazi bütövlüyünü bərpa etmiş və dövlət suverenliyini tam təmin etmişdir. Buna görə də VIII qurultay Azərbaycanın yeni siyasi və geosiyasi şəraitdə qarşısında duran vəzifələri müəyyənləşdirən mühüm hadisə kimi diqqəti cəlb edir.
Yeni mərhələdə qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş tarixi nailiyyətlərin qorunması və ölkənin təhlükəsizliyinin daha da gücləndirilməsidir. Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir şəraitdə güclü ordu və yüksək müdafiə qabiliyyəti dövlət müstəqilliyinin mühüm təminatlarından biri olaraq qalır. Bununla yanaşı, müasir dövrdə informasiya və ideoloji təhlükəsizlik də xüsusi əhəmiyyət daşıyır. Təhsilli, savadlı və vətənpərvər cəmiyyətin formalaşdırılması bu istiqamətdə mühüm amildir.
İnformasiya təhlükəsizliyi və informasiya müharibəsinin nə qədər önəmli olduğunun ən bariz nümunəsini biz 2020-ci il Vətən müharibəsində gördük. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici Kütləvi İnformasiya Vasitələrinə 30-a yaxın müsahibə vermişdir. Rəsmi dövlət hesabatlarında və media təhlillərində bu göstərici daha dəqiq şəkildə 11 ölkənin 26 tanınmış media qurumu olaraq qeyd edilir. Xarici Kütləvi İnformasiya vasitələri jurnalistlərinin təxribat xarakterli suallarına verdiyi kəskin və tutarlı cavablarla Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev həm də bizim müharibənin qızğın günlərində əldə etdiyimiz nailiyyətlərə kəm baxanları, qalib gəlməmizi istəməyənləri öz yerinə oturdaraq eyni zamanda informasiya müharibəsində də düşmənə və onun havadarlarına qalib gəlmiş oldu.
Bu gün fiziki təhlükəsizliklə yanaşı, ideoloji müstəvidə ayıq-sayıqlığın qorunması da xüsusi əhəmiyyət daşıyır. Qloballlaşma və rəqəmsal əsr dövründə xalqın milli birliyini sarsıtmağa, gənclərin şüurunu zəhərləməyə yönəlmiş xarici təbliğat kampaniyalarına qarşı ən güclü qalxan keyfiyyətli təhsil, dərin vətənpərvərlik və milli dəyərlərə sadiqlikdir. Prezident İlham Əliyevin çıxışında təhsilin ideoloji təhlükəsizliyin təmin olunmasında mühüm vasitə kimi dəyərləndirilməsi hər bir təhsil işçisi üçün xüsusi məna daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ideoloji təxribatlara və saxta məlumatlara qarşı ən güclü səngər təhsildir: “Xalqımız nə qədər savadlı, bilikli və yüksək təhsilli olarsa, kənar dairələrin cəmiyyətimizi çaşdırmağa, gənclərimizin düşüncəsini zəhərləməyə yönəlmiş çirkin planları bir o qədər boşa çıxacaqdır.”
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında etdiyi çıxış ölkəmizin keçdiyi tarixi inkişaf yolunun, əldə olunan mühüm nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxış Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində qarşısında duran əsas məqsədlərə aydın baxışı əks etdirir.
Azərbaycanın müstəqil xarici siyasəti də çıxışın əsas istiqamətlərindəndir. Müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürütməsi onu beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeləndirir.
İqtisadi inkişaf ölkənin siyasi müstəqilliyinin əsas dayaqlarından biri kimi çıxış edir. Azərbaycanın enerji potensialından səmərəli istifadə etməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi ölkənin iqtisadi gücünü artıran əsas amillərdəndir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat layihələri Azərbaycanın regional əhəmiyyətini daha da artırır.
Qarabağ və Şərqi Zəngəzurun bərpası isə yeni mərhələnin ən mühüm vəzifələrindən biridir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. “Böyük Qayıdış” prosesi tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında açılan yeni quruculuq mərhələsinin əsas göstəricilərindəndir. Məhz bunun nəticəsində bu günədək 100 000-ə yaxın insan müasir standartlara cavab verən, yüksək şəraitli mənzillərlər təmin olunaraq Qarabağ və Şərqi Zəngəzura qaytarılıb.
Qurultayda səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaq, milli təhlükəsizliyi və iqtisadi gücü daha da möhkəmləndirmək, Qarabağ və Şərqi Zəngəzurun bərpasını sürətləndirmək, beynəlxalq mövqeləri gücləndirmək və xalqın rifahını davamlı şəkildə yüksəltməkdir. Bu baxımdan, VIII qurultayda qarşıya qoyulan məqsəd və vəzifələr Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində davamlı inkişafını və milli maraqlarının etibarlı şəkildə qorunmasını təmin edən strateji istiqamətləri müəyyənləşdirir.
Bu yeni mərhələdə əsas məsələ əldə edilən uğurlarla kifayətlənməmək, daim irəliyə baxmaqdır. Dövlətçilik yolunda hər bir nailiyyət yeni məsuliyyət doğurur. Ölkəmizdə fəaliyyət göstərən hər bir qurum, hər bir ictimai fəal, hər bir YAP üzvü öz fəaliyyətini bu böyük məqsədlərin reallaşmasına xidmət edən konkret əməli işlərlə zənginləşdirməlidir. Zaman dəyişir, dünyanın siyasi mənzərəsi yenilənir, yeni çağırışlar meydana çıxır, lakin milli maraqlara söykənən dövlətçilik xətti öz mahiyyətini qoruyur.
Biz inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bu yeni mərhələdə də ölkəmizin tərəqqisinə, sabitliyinə və beynəlxalq arenada nüfuzunun artmasına misilsiz töhfələr verəcəkdir. Hər birimizi bu ali məqsədlər ətrafında daha sıx birləşməyə, dövlətimizin və xalqımızın gələcəyi naminə var qüvvəmizlə çalışmağa çağırır və hər birimizə bu yolda uğurlar arzulayıram.
Ruslan Cəfərov
Yeni Azərbaycan Partiyası Culfa Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədri