Yeni investisiyalar Azərbaycan iqtisadiyyatını sürətlə modernləşdirir

29.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son 20 ildə üstün istiqamətlərə 35 milyon dollar  yatırım cəlb edilib

Dünyanın iqtisadi xəritəsinin sürətlə dəyişdiyi, ənənəvi təchizat zəncirlərinin yenidən qurulduğu, enerji və ərzaq təhlükəsizliyinin qlobal gündəmin əsas məsələlərindən birinə çevrildiyi bir vaxtda investisiya üçün əsas meyar artıq yüksək gəlir imkanlarının əldə edilməsi ilə bərabər, həm də kapitalın uzunmüddətli sabitlik, təhlükəsizlik, nəqliyyat və enerji bağlantıları, eləcə də   texnoloji imkanlarla birlikdə qiymətləndirilməsidir. 

Məhz belə bir şəraitdə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mühüm  önəm daşıyır. Prezident İlham Əliyevin “Global Infrastructure Partners” şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesinin suallarına cavabları isə bu mövzunun konkret iqtisadi məzmununu açmağa imkan verir.  

Dövlət başçısının cavablarında Azərbaycanın son iki onillikdə keçdiyi iqtisadi yol, mövcud investisiya mühiti və qarşıdakı dövrdə yeni artım mənbələrinin formalaşdırılması bir-biri ilə əlaqəli şəkildə təqdim edildi. Eyni zamanda, respublikamızın gələcək iqtisadi inkişafı təkcə bir sektorun genişləndirilməsi ilə deyil, həm də enerji, nəqliyyat, logistika, rəqəmsal texnologiyalar, mədənçilik, kənd təsərrüfatı və insan kapitalının paralel inkişafı ilə əlaqələndirildi.  

                 Yeni mərhələnin başlanğıc nöqtəsi: sabit iqtisadi baza

Prezident İlham Əliyevin fikirlərində gələcəyə dair bütün iqtisadi hədəflərin birinci şərti kimi son illərdə yaradılmış sabit iqtisadi və maliyyə bazası ön plana çıxır. Dövlət başçısının son 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunması və bunun, təxminən, yarısını birbaşa xarici investisiyalar təşkil etməsi kimi fikri də bu baxımdan xüsusi diqqət çəkir. Bu göstərici ölkənin iqtisadiyyatına beynəlxalq kapitalın cəlb edilməsinin artıq uzunmüddətli proses xarakteri daşıdığını göstərir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna ünvanladığı müraciətdə də Azərbaycan Prezidenti əvvəlki forumun nəticələrinə diqqət çəkərək ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox investisiya sazişlərinin imzalandığını, bunun 7 milyard dollardan çox hissəsinin qeyri-neft sektoruna aid olduğunu bildirmişdi. Bu fakt investisiya siyasətində şaxələndirmənin artıq strateji məqsəd kimi müəyyənləşdirildiyini göstərir. Başqa sözlə, ölkənin investisiya siyasətində əsas məsələ təkcə kapitalın ölkəyə gətirilməsi deyil, eyni zamanda, həmin kapitalın iqtisadiyyatın gələcək strukturunu dəyişdirən sahələrə yönəldilməsidir.

Dövlət başçısının forumdakı çıxışında səsləndirdiyi digər mühüm rəqəmlərdən biri də qeyri-neft sektorunun ÜDM-dəki payı ilə bağlıdır. Ölkə rəhbəri bildirdi ki, hazırda ÜDM-in 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Eyni zamanda, ixracda neft və qazın payı hələ də 90 faizdən çoxdur.

Bu iki rəqəmin yanaşı qoyulması Azərbaycanın qarşısında duran əsas iqtisadi vəzifələrdən birini aydın göstərir: daxili iqtisadi strukturda qeyri-neft sektorunun çəkisi artıq yüksək olsa da, ixrac strukturunda eyni dəyişiklik hələ tam baş verməyib. Deməli, növbəti mərhələnin əsas hədəflərindən biri qeyri-neft iqtisadiyyatının yalnız daxili tələbatı ödəyən deyil, həm də xarici bazarlarda rəqabət aparan və valyuta gətirən sahələr hesabına genişləndirilməsidir.

Prezident İlham Əliyev forumda səsləndirilən suala cavabında  siyasi və iqtisadi sabitliyi Azərbaycanın əsas üstünlüklərindən biri kimi qeyd edərək, Azərbaycanın xarici borcunun ÜDM-in 5,6 faizini təşkil etdiyini, ümumi dövlət borcunun isə, təxminən, 20 faiz səviyyəsində qərarlaşdığını bildirdi. Ölkə rəhbəri valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsini də maliyyə dayanıqlılığının mühüm göstəricilərindən biri kimi dəyərləndirdi. Prezident, eyni zamanda, manatın ABŞ dollarına nisbətdə məzənnəsinin  2017-ci ilin aprelindən 1,70 manat səviyyəsində qaldığını, həm də bu faktın investisiya layihələrinin maliyyə planlaşdırılmasında əhəmiyyətli məsələ olduğunu vurğuladı.   

Xatırladaq ki, investor üçün sabit məzənnə, aşağı borcluluq, geniş valyuta ehtiyatları və davamlı ticarət balansı bir-birindən ayrı göstəricilər deyil. Onların məcmusu uzunmüddətli layihələrin maliyyə risklərinin qiymətləndirilməsində böyük əhəmiyyət daşıyır. Bu baxımdan dövlət başçısının “uzunmüddətli və dayanıqlı artım” vurğusu təsadüfi  sayılmır. Qarşıdakı mərhələdə isə əsas məqsəd qısamüddətli kapital axını deyil, uzun illər ərzində iqtisadiyyatda qalacaq, istehsal və ixrac imkanlarını genişləndirəcək investisiyaların cəlb olunmasıdır.

                              Yeni enerji quruculuğu

Forumda ölkəmizin investisiya imkanlarından danışarkən enerji sektorunun əhəmiyyətinin yaxın perspektivdə də qalacağı açıq şəkildə ifadə edildi. Bunun, ilk növbədə, neft-qaz ehtiyatlarının hələ də böyük iqtisadi potensiala malik olması ilə bağlılığı vurğulandı. Prezident İlham Əliyev qarşıdakı dövrdə də neft və qaz sektorunun iqtisadiyyatda aparıcı rolunu qoruyacağını və bu sahədən əldə olunan gəlirlərin digər istiqamətlərə, o cümlədən iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcəyini bildirdi.

Forum çərçivəsində bunun konkret nümunələri də müşahidə edildi. SOCAR, “TotalEnergies” və XRG arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı mübadilə olundu. Bundan başqa, SOCAR ilə “ExxonMobil” arasında Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalandı.

Dövlət başçısının bildirdiyinə görə, “Abşeron” yatağının ikinci mərhələsi Azərbaycanın qaz hasilatını 3-4 il ərzində əlavə 5 milyard kubmetr artıra bilər. Beləliklə, enerji sektorunda söhbət təkcə mövcud hasilatın davam etdirilməsindən getmir. Bu məsələdə yeni yataqların işlənilməsi, beynəlxalq şirkətlərlə tərəfdaşlığın genişləndirilməsi və enerji gəlirlərinin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi paralel proseslərdir.

Respublikamızın enerji strategiyasında yeni və getdikcə daha böyük əhəmiyyət qazanan istiqamət bərpa olunan enerjidir. Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat həcmində külək enerjisi potensialına malik olduğunu bildirdi. Eyni zamanda, quruda Günəş və külək elektrik stansiyalarının artıq fəaliyyət göstərdiyini, qarşıdakı 5 ildə ölkənin müxtəlif ərazilərində bərpa olunan enerji mənbələrinin daha geniş tətbiqinin nəzərdə tutulduğunu qeyd etdi.

Burada diqqətçəkən məsələ bərpaolunan enerjiyə təkcə ekoloji keçid vasitəsi kimi yanaşılmamalı, həm də Azərbaycanın gələcək ixrac potensialının tərkib hissəsi kimi dəyərləndirilməlidir. Məsələnin iqtisadi məntiqi isə aydındır: ölkə daxilində elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı artdıqca təbii qazın daxili istehlak üçün sərf olunan hissəsinin müəyyən qədər azaldılması və həmin resursun ixrac üçün yönəldilməsi imkanları genişlənir. Digər tərəfdən, artıq elektrik enerjisinin regional və Avropa bazarlarına çıxarılması yeni gəlir mənbələri yarada bilir.

Bu baxımdan ötürücü xətlər və enerji saxlanc sistemləri bərpa olunan enerji layihələrinin özündən az əhəmiyyət daşımır. Prezident İlham Əliyevin forumda  məhz istehsalla yanaşı, ötürülmə və akkumulyasiya imkanlarının inkişaf etdirilməsini vacib istiqamət kimi göstərməsi də bunun bariz ifadəsidir.

Dövlət başçısının çıxışında diqqət çəkən yeni məqamlardan biri də enerji sektorunun rəqəmsal iqtisadiyyatla əlaqələndirilməsidir. Belə ki, bu gün ölkədə süni intellekt sistemləri və data mərkəzləri böyük həcmdə elektrik enerjisi tələb edir. Bu səbəbdən gələcəkdə rəqəmsal infrastrukturun yerləşdirilməsi üçün fiber-optik şəbəkələr və coğrafi mövqe ilə yanaşı, həm də etibarlı və münasib qiymətli enerji təchizatı mühüm amilə çevrilir. Azərbaycan da bu baxımdan bir neçə üstünlüyü, məsələn, coğrafi mövqe, enerji resursları, bərpa olunan enerji potensialı, rəqəmsal bağlantılar və insan kapitalı kimi amilləri bir araya gətirməyi qarşıya mühüm vəzifələr kimi qoyur.  

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan artıq dünyanın aparıcı şirkətləri ilə data mərkəzlərini və süni intellekt sahəsində  əməkdaşlıq imkanlarını müzakirə edir. Qərbə doğru fiber-optik bağlantının mövcudluğu, ilin sonunadək Xəzərin dibi ilə Azərbaycanı Qazaxıstanla birləşdirəcək kabelin istifadəyə verilməsi də bu istiqamətdə əlavə imkanlar yaradır. Bu yanaşma iqtisadiyyatın rəqəmsallaşdırılmasını sadəcə dövlət xidmətlərinin elektronlaşdırılması səviyyəsindən çıxararaq yeni investisiya və ixrac modelinə çevirmək imkanını gündəmə gətirir.

                            Xəzər üzərindən enerji körpüləri

Data mərkəzləri, süni intellekt və rəqəmsal infrastruktur ətrafında formalaşa biləcək iqtisadiyyatın üstünlüyü ondan ibarətdir ki, burada enerji, telekommunikasiya, proqram təminatı, mühəndislik, maliyyə və insan kapitalı eyni zəncirə daxil olur. Bu isə Azərbaycan üçün qeyri-neft sektorunda yeni əlavə dəyər imkanlarının yaradılması deməkdir.

Dövlət başçısı forumdakı cavabında insan kapitalını da xüsusi vurğuladı. Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti, təhsil sahəsində görülən işlər və xaricdə təhsil proqramları barədə danışan ölkə rəhbəri peşəkar kadrlar olmadan qarşıya qoyulan məqsədlərin gerçəkləşdirilməsinin mümkün olmadığını bildirdi.  

Yeri gəlmişkən, forumda respublikanın qarşıdakı iqtisadi inkişafında logistika və tranzit imkanlarının da xüsusi yer tutduğu,  coğrafi mövqenin isə öz-özlüyündə iqtisadi üstünlük yaratmadığı da bildirildi. Burada infrastruktur, qonşularla münasibətlər, gömrük prosedurlarının səmərəliliyi, rəqəmsallaşma və daşımaların sürəti kimi amillərin üstünlüyünün xüsusi önəm daşıdığı diqqətə çatdırıldı.  

Prezident İlham Əliyevin forumdakı cavablarından görünür ki, Azərbaycanın tranzit strategiyası məhz bu elementlərin məcmusuna əsaslanıb. Dəmir yolları, dəniz limanı, hava yükdaşımaları və avtomobil magistrallarına uzun illər ərzində investisiya qoyulması, qonşu dövlətlərlə nəqliyyat bağlantılarının yaradılması və multimodal daşımaların inkişaf etdirilməsi bu siyasətin infrastruktur bazasını formalaşdırıb. 

Forumda ölkə rəhbəri bu il ölkə ərazisindən tranzit yüklərin həcminin 16 milyon tona çatdırılacağını, 2030-cu ilədək isə bu göstəricinin 25 milyon tona və daha yüksək səviyyədə olacağının proqnozlaşdırıldığını vurğuladı. Dövlət başçısı bunun  sadəcə nəqliyyat göstəricisi olmadığını, eyni zamanda, hər əlavə ton yükün Azərbaycan iqtisadiyyatında logistika, sığorta, bank, anbar, gömrük, servis və digər xidmətlər üçün əlavə iqtisadi fəaliyyət yarada bildiyini diqqətə çatdırdı.  

İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, müasir logistika rəqabətində yükün bir ölkədən keçməsi üçün təkcə dəmir yolu və avtomobil yolunun mövcudluğu kifayət etmir. Bu məsələdə mülk sahibini sürət, tarif, təhlükəsizlik, rəqəmsal izləmə, gömrük prosedurlarının sadəliyi və sərhəd keçidlərinin səmərəliliyi daha çox maraqlandırır.

Prezident İlham Əliyevin çıxışında gömrük inzibatçılığı və rəqəmsallaşmanın ayrıca vurğulanması da məhz bununla bağlıdır. Dövlət başçısının qeyd etdiyi kimi, yük idarəetməsi daha asan və sürətli qurulmasa, rəqabətdə üstünlük əldə etmək çətinləşir. Deməli, Azərbaycanın tranzit strategiyasının növbəti mərhələsi artıq yalnız “daha çox yol” meyarı ilə deyil, “daha sürətli, daha rəqəmsal və daha inteqrasiya olunmuş logistika” prinsipi ilə dəyərləndirilir. Bu baxımdan Orta Dəhliz və Şimal – Cənub marşrutu Azərbaycanın qlobal bağlantı siyasətində bir-birini tamamlayan iki istiqamət kimi çıxış edir.

Azərbaycanın tranzit və enerji siyasətinin bir-birinə yaxınlaşdığı başqa mühüm sahə elektrik enerjisinin ötürülməsidir. Forumda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Mərkəzi Asiyanı Azərbaycan və daha sonra Avropa ilə birləşdirəcək sualtı elektrik kabeli layihəsi üzrə müqavilə imzalanması da bunun bariz ifadəsidir. Digər tərəfdən, respublikamızdan Gürcüstan və Rumıniya istiqamətində 4 giqavat gücündə Qara dəniz kabeli layihəsi üzərində də davamlı iş aparılması da sözügedən təşəbbüsün əhəmiyyətini diqqətə çatdırır.  

Bu layihələr həyata keçdikcə Azərbaycan enerji resurslarının ixracatçısı olmaqla bərabər, həm də müxtəlif enerji sistemlərini birləşdirən regional elektrik qovşağı funksiyasının müəllifinə çevriləcək. Burada investisiya üçün ayrıca imkan yaranacaq. Başqa sözlə, enerji istehsalı ilə yanaşı, ötürücü şəbəkələr, saxlanc sistemləri, rəqəmsal idarəetmə və enerji bazarlarının inteqrasiyası da böyük maliyyə tələb edəcək.  

Vaqif BAYRAMOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью