Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Tranzit sferasında 10 illik dəstək dövrü başlayır
Qlobal iqtisadiyyatın kəskin dəyişikliklərlə üz-üzə qaldığı, tədarük zəncirlərinin yenidən formalaşdığı müasir dövrdə Azərbaycan öz iqtisadi inkişaf strategiyasında mühüm transformasiya mərhələsindədir. Milli iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi, neft-qaz amilindən asılılığın minimuma endirilməsi və ixrac potensialının şaxələndirilməsi bu gün dövlət siyasətinin ən prioritet istiqamətlərindəndir.
Son illər həyata keçirilən sistemli və dərin islahatlar nəticəsində ölkəmizdə istehsal olunan qeyri-neft-qaz məhsullarının xarici pazarlara çıxış imkanları genişlənir, “Made in Azerbaijan” brendi beynəlxalq aləmdə öz mövqeyini addım-addım möhkəmləndirir. Bu uğurlu dinamikanın arxasında yerli sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti, sənaye parkları və məhəllələrində təqdim olunan vergi-gömrük güzəştləri, eləcə də kompleks ixrac təşviqi alətləri dayanır. Lakin müasir ticarətdə məhsulu istehsal etmək qədər, onu rəqabətqabiliyyətli qiymətlə və vaxtında xarici alıcıya çatdırmaq da həlledici əhəmiyyət kəsb edir.
İxracın şaxələndirilməsi prosesi Azərbaycanın unikal coğrafi mövqeyi və formalaşdırdığı müasir nəqliyyat-logistika infrastrukturu ilə birbaşa vəhdət təşkil edir. Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz regional tranzit qovşağı rolunu ardıcıl olaraq gücləndirir. Müasir dəmir yolu şəbəkələri, Bakı-Tbilisi-Qars xəttinin imkanlarının genişləndirilməsi, beynəlxalq hava limanları və müasir avtomobil magistralları Azərbaycanı Avrasiyanın əvəzedilməz logistika mərkəzlərindən birinə çevirib.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə sürətlə bərpa olunan infrastrukturlar, Naxçıvanla quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılması perspektivləri və Şərqi Zəngəzurun nəqliyyat xəritəsinə inteqrasiyası ölkəmizin daxili və beynəlxalq yükdaşıma imkanlarına yeni nəfəs verir. Bu tranzit gücü yerli ixracatçıların beynəlxalq nəqliyyat koridorlarına birbaşa və daha ucuz xərclə çıxışına şərait yaradır.
İxracatçıların logistika yükünü yüngülləşdirmək və onları beynəlxalq bazarlarda daha rəqabətqabiliyyətli etmək məqsədilə dövlət dəstəyi mexanizmləri ardıcıl olaraq təkmilləşdirilir. Bu istiqamətdə atılan növbəti strateji addım Prezident İlham Əliyevin 9 iyun 2026-cı il tarixli “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı oldu.
Fərmana əsasən ixrac daşıma dəstəyi yalnız Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracına tətbiq ediləcək. Dəstək məbləği iki kriteriya əsasında hesablanacaq: ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğ və istifadə olunan nəqliyyat növündən asılı olaraq ixrac olunan malın gömrük dəyəri.
Daşıma dəmir yolu, hava, dəniz və ya Azərbaycanda qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə nağdsız ödənilmiş daşıma xərclərinin 70 faizi, digər ölkələrdə qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə isə 50 faizi nəzərə alınacaq. Bununla yanaşı, avtomobil, dəmir yolu və hava nəqliyyatı üzrə malın gömrük dəyərinin 15 faizi, dəniz nəqliyyatı üzrə isə 5 faizi yuxarı hədd kimi müəyyən ediləcək. İxracatçıya bu iki hesablamadan daha az olan məbləğ ödəniləcək.
Daxili daşıma dəstəyi Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınmasına şamil olunacaq. Bu halda sahibkar tərəfindən nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70 faizi dövlət dəstəyi kimi həmin biznes nümayəndəsinə ödəniləcək. Ödənişlər rüb ərzində daşıma həyata keçirən sahibkarların müraciətləri əsasında hesablanacaq və İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
Dəstək mexanizmi 2026-cı ilin 1 sentyabr tarixindən 2036-cı ilin 30 sentyabr tarixinədək həyata keçirilən daşımalara tətbiq olunacaq. Dəstək mexanizminin 2026-cı ilin 1 sentyabr tarixindən 2036-cı ilin 30 sentyabr tarixinədək bütöv bir dövrü (10 il) əhatə etməsi xüsusi əhəmiyyət daşıyır. Bu uzunmüddətli xarakter sahibkarlara öz ixrac strategiyalarını və investisiya planlarını qısamüddətli risklərdən azad şəkildə, dayanıqlı əsasda qurmaq imkanı verir.
Mexanizmin tam tətbiqi üçün mənşə qaydası, dəstəyin şamil olunmadığı istisnalar, dəstəklənəcək malların siyahısı, ölkə qrupları və multimodal (çoxnövlü) daşımalar üzrə detallı hesablama qaydaları ayrıca normativ aktlarla tənzimlənəcəkdir.
Nəticə etibarilə, Azərbaycanın genişlənən tranzit-logistika şəbəkəsi ilə dövlətin tətbiq etdiyi bu yeni stimul mexanizmləri sinergiya yaradacaq. Bu addımlar yerli məhsulların xarici bazarlardakı rəqabət qabiliyyətini kəskin şəkildə artıracaq, ixracatçıların maya dəyərini optimallaşdıracaq, yeni satış coğrafiyalarının fəthinə yol açacaq və ölkəmizin qeyri-neft iqtisadiyyatının davamlı yüksəlişinə mühüm töhfə verəcək.
N.ABDALOV
XQ