Yeni kitab: neftçi alimin poetik dünyası

16.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsan ömrünün elə məqamları var ki, onları nə elmi nailiyyətlərin siyahısı, nə də tutduğu vəzifələrin miqyası ilə ifadə etmək mümkün deyil. Belə məqamlarda insanın mənəvi dünyası, duyğuları, həyata və insanlara münasibəti ön plana keçir. Tanınmış neftçi alimi, mühəndis, ictimai xadim və şair Nazim Aslan (Nazim Aslan oğlu Vəliyev) məhz belə çoxşaxəli şəxsiyyətlərdəndir.

Onun həyat və fəaliyyət yolu Azərbaycan neft sənayesinin inkişaf mərhələləri, elmi-texniki yeniliklərin istehsalata tətbiqi və milli kadr potensialının formalaşdırılması ilə sıx bağlıdır. Neft və Kimya İnstitutunda (indiki ADNSU) aldığı təhsil, hələ tələbəlik illərindən başladığı elmi fəaliyyət, sonralar mühəndisdən böyük elmi işçiyə qədər keçdiyi peşə yolu Nazim müəllimin elmə bağlılığının göstəricisidir. SOCAR-da müxtəlif məsul vəzifələrdə çalışması, uzun illər Elm və texnika sahəsinə rəhbərlik etməsi onun peşəkar nüfuzunu və idarəçilik təcrübəsini daha da möhkəmləndirmişdir. Üç elmi kitabın, dörd patentin və 130-a yaxın elmi məqalə və məruzənin müəllifi olması onun tədqiqatçı alim kimi məhsuldar fəaliyyətindən xəbər verir. Beynəlxalq sertifikatları, elmi qurumlardakı üzvlükləri, dosent elmi adı və professor fəxri adları isə bu fəaliyyətin ölkə hüdudlarından kənarda da qiymətləndirildiyini təsdiqləyir.

Lakin Nazim Aslanın dünyası yalnız neft elminin mürəkkəb problemləri, texnologiyalar və elmi tədqiqatlarla məhdudlaşmır. Onun qəlbində poeziyaya, sözün sehrinə, sevginin və insan duyğularının incəliklərinə xüsusi yer ayrılıb. Bu mənada doğulduğu Tovüz - Bozalqanlı torpağının bəxş etdiyi şairlik onun şəxsiyyətinin başqa bir tərəfi deyil, mənəvi aləminin təbii ifadəsidir. 

2001-ci ildə “Sənsiz yaşamağa dəyməz”, 2011-ci ildə “İzin qalacaq” adlı şeir kitablarını oxuculara təqdim edən müəllif bu dəfə “Bir sevginin taleyi” adlı üçüncü poetik toplusu ilə görüşə gəlib. “Zərdabi Nəşr” MMC-də çap olunan 272 səhifəlik kitabda sevginin müxtəlif çalarları, sədaqət, ayrılıq, həsrət, xatirə və insan münasibətlərinin mənəvi tərəfləri poetik dillə ifadə edilir. Kitabın adından da göründüyü kimi, burada sevgi sadəcə xoş duyğuların ifadəsi deyil. O, bəzən sevinc, bəzən nisgil, bəzən də insanın bütün ömrü boyu qəlbində daşıdığı unudulmaz xatirədir. Müəllif sevginin taleyini insan ömrünün taleyi ilə əlaqələndirərək oxucunu duyğuların dərinliklərinə aparır. Nəşrin redaktoru şair-publisist Eldar Ələsgəroğlu, məsləhətçisi professor Məhərrəm Qasımlı, rəyçisi isə yazıçı-jurnalist Elşad Mehdidir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью