Yeni mərhələdə “Güclü Azərbaycan” obrazı: çağdaş siyasi yanaşma

14.10.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

II SİLSİLƏ:

II MƏQALƏ

Geosiyasi reallıq və regional institutlaşma: Azərbaycan nümunəsi

Bu mövzuda II silsilənin II məqaləsində geosiyasi reallıq və regional institutlaşma ilə bağlı vurğulanan bir sıra tezislərin işığında başqa məqamlar üzərində dayanmağa çalışaq. Özlüyündə konseptual səviyyədə bu, çoxlu faktorları nəzərə almağı tələb edir. Ancaq Prezident İlham Əliyevin qurultayda ifadə etdiyi müddəalarda Azərbaycan nümunəsi kontekstində məsələnin əsas cəhətləri öz ifadəsini tapmışdır. Bizim üçün təhlildə müəyyənedici və istiqamətverici məqamlar məhz həmin tezislərdir. Dövlət başçısı məsələni yüksək konseptual səviyyədə və Azərbaycan təcrübəsi kontekstində izah etmişdir. Bizcə, bu xüsusiyyət yeni konseptual doktrinanın vacib tərəflərindən birini əks etdirir. Bu aspketdə Prezident İlham Əliyevin nitqinin vurğulanan məqamlarla bağlı hissəsinə müraciət edə bilərik.

Öncə, qlobal miqyasda əhəmiyyəti olan bir nəzəri fikri vurğulayaq. Tədqiqatçılar hesab edirlər ki, beynəlxalq münasibətlər sistemi çərçivəsində sosial və siyasi bağlantıların mürəkkəb qarşılıqlı əlaqəsinin yaratdığı mənzərəyə uyğunlaşması xüsusi strateji yanaşma tələb edir. Dövlət, ranqından asılı olaraq beynəlxalq münasibətlərin subyekti statusunda qlobal geosiyasi balansı nəzərə almaqla öz prioritetlərini dəqiq müəyyən edilmiş resurslar və alətlər fonunda müəyyən etməlidir. Yəni səmərəverici strategiyanın hazırlanması dövlətin özünü “kiçik”, “orta” və ya “böyük” güc kimi identikləşdirməsindən prinsipial olaraq asılıdır. Əlbəttə, burada şişirdilmiş “duruş almaq” eyforiyası olduqca zərərli ola və sonucda dövlət kimi iflas təhlükəsi yarada bilər.

Çünki indi dünya nizamı beynəlxalq münasibətlərin konfiqurasiyasının “rutinsayağı əvəzləmələr”i xatırladan proses deyildir – o, elə bütöv dünya quruluşudur ki, “ümumi baza prinsipləri üzərində bərqərar olur”(K.N.Uolts). Bu xüsusiyyət “kiçik” və “orta” dövlətlər üçün unikal bir imkan yaradır: onlar beynəlxalq münasibətlərin müstəqil və əhəmiyyətli iştirakçısı kimi özlərini təsdiq edə bilərlər. Lakin elə bu imkan qarşıya iki vacib məsələ çıxarır.

Birincisi, dövlət yaranmış imkandan səmərəli yararlanıb, özünün real imkanlar ilə qlobal miqyasda mənzərənin özəllikləri arasında gerçək nisbəti dərk edib uğurlu kurs seçə bilər.

İkincisi, hansısa səbəblərdən eyforiyaya qapanıb iflasa uğrayar.

Bu iki seçim dərin bilik, liderlik xüsusiyyəti və incə diplomatik yanaşma tələb edir. Azərbaycan Prezidenti bu istiqamətlərin sintezində olduqca uğurlu konsepsiya və konseptual doktrinanın əsas prinsiplərini hazırlamışdır.

Bu fikirlərin prizmasında yuxarıda vurğulanmış konseptual məsələnin təhlilinə keçə bilərik.

Diplomatik məharətin regional institutlaşmada rolu

Endryü Kuper keçən əsrin 90-cı illərində yazırdı ki, fövqəldövlətlər kimi geniş resurslara malik olmayan “orta ranqlı dövlətlər” aktiv diplomatiya, çoxtərəfli əməkdaşlıq və beynəlxalq təşəbbüslər sayəsində regional və qlobal hadisələrə əhəmiyyətli təsir göstərə bilərlər. Onları “orta dövlət” (və ya orta güc) adlandıran E.Kuper, diplomatik vasitələrlə münaqişələrin həllinə, çoxfunksiyalı beynəlxalq institutların möhkəmlənməsinə və beynəlxalq sabitliyin saxlanmasına üstünlük verdiklərini ayrıca vurğulayır. Yəni elə dövlətlər mövcuddur ki, diplomatik məharətlə regional və qlobal miqyaslarda dünya üçün vacib olan fəaliyyət göstərə bilirlər. Bu zaman vacib şərtlərdən biri ölkənin xarici siyasətin müəyyən istiqamətləri üzrə lazımi təcrübəyə, nüfuza və resurslara malik olmasından ibarətdir.

Ölkənin diplomatik fəallığının vurğuladığımız aspektdə bir neçə xüsusiyyəti olmalıdır. Bunlar aşağıdakılardır:

– münaqişələrin həllində vasitəçilik və onları tənzimləmə;

– ekoloji və iqlim diplomatiyası;

– insan hüquqları və humanitar diplomatiya;

– rəqəmsal diplomatiya və kibertəhlükəsizlik;

– mədəni və “yumşaq” diplomatiya.

Ancaq bu ümumi parametrlər konkret regionda dövlətlər üçün fərqli nisbətdə səmərə verə bilərlər. Yəni dünyanın hər bir regionu üçün vahid nisbət yoxdur. O cümlədən Cənubi Qafqazda regional institutlaşmaya təkan verə bilən diplomatik fəaliyyət başqa regionlardan fərqlənə bilər.

Cənubi Qafqazda regional miqyasda əməkdaşlıq və ortaq təhlükəsizlik platforması üçün müsbət şəraitin yarandığını siyasi liderlər artıq vurğulayırlar. Gürcüstanın baş naziri bu ilin sentyabrında ABŞ-da çıxışı zamanı regionda geniş əməkdaşlıq imkanlarının meydana gəldiyini ifadə etmişdir. Burada Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolunu xüsusi qeyd etmək lazım gəlir. İ.Kobaxidze vurğulamışdır ki, “regional əməkdaşlığın möhkəmlənməsi müxtəlif sferalarda – ticarət, qarşılıqlı bağlılıq və iqtisadi inkişafda, yeni imkanlar yarada bilər”. Ermənistanın baş naziri N.Paşinyan demişdir ki, sərhədlərin delimitasiyası və TRIPP regional institutlaşmaya töhfə verə bilər.

İki qonşu dövlətin başçılarının vurğulanan fikirlərində regionda institutlaşmanın əsas motivəedici dövlətinin Azərbaycan olduğunun sətiraltı etirafı vardır. Bu tezisin konkret diplomatik təsdiqləri mövcuddur. Onları aşağıdakı kimi təsnif edə bilərik.

6 istiqamət

Hər şeydən öncə, tarixən Azərbaycan diplomatiyasının ən güclü istiqaməti olan “enerji təhlükəsizliyinin təminatçısı” xəttidir. Azərbaycan neft və qaz istehsalı və nəqli aspektlərində meqalayihələr reallaşdıraraq geniş bir geosiyasi məkanda enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi vahid fəaliyyət istiqamətində reallaşdırmaqdadır.

Bununla bağlı Prezident İlham Əliyev dəfələrlə mötəbər tədbirlərdə dəqiq fikirlər ifadə etmişdir. YAP-ın VIII Qurultayında həmin kontekstdə ümumi səviyyədə çox əhəmiyyətli fikir söyləmişdir. Dövlət başçısı demişdir: “Dediyim kimi, bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu, bir nadir təcrübədir”.

İndi bu təcrübə yeni trend səviyyəsinə keçid edir. O, enerji diplomatiyasının tədricən “yaşıl enerji” müstəvisinə transformasiyası ilə xarakterizə olunur.

İkinci diplomatik istiqamət kimi nəqliyyat-logistikanı göstərmək olar. Bu, Azərbaycanın coğrafi vəziyyətindən istifadə edərək regionda vacib tranzit infrastrukturu yaratmağı ehtiva edir. Bura müxtəlif nəqliyyat və logistika layihələri daxildir. Həmin istiqamətdə Orta Dəhliz və Zəngəzur dəhlizi xüsusi yer tutur.

Üçüncü istiqamət “körpülər və vasitəçilik” diplomatiyası adlandırıla bilər. Ona “neytral platforma” məkanı da demək olar. Bu, bir-biri ilə birbaşa dialoq apara bilməyən tərəflər arasında elə beynəlxalq ünsiyyət platforması yaratmaq deməkdir ki, Bakıda təmaslarda ola bilsinlər. Prezident İlham Əliyev bu kontekstdə qurultayda ifadə etmişdir ki, hətta bir-birinə düşmən olan tərəflər Azərbaycanda müzakirələr aparırlar. Bunun bir neçə nümunəsi haqqında dövlət başçısı danışmışdır.

Dördüncü istiqamət “ümumi potensialdan istifadə imkanları” yönündə həyata keçirilən diplomatik fəaliyyətlə bağlıdır. Bu, bütövlükdə müasir diplomatiyada əhəmiyyətli aspektlərdən biridir. İndiki mərhələdə orta güc olmanın əsas şərtlərindən birini təşkil edir. Ölkənin mövcud resurslarından maksimum istifadə imkanlarını səfərbər etməyi və kompleks halında onları reallaşdırmağı ehtiva edir. Avrasiya məkanında Azərbaycanın bu təcrübəsini təkrar edə bilən ikinci dövlət yoxdur.

Azərbaycan təcrübəsi ilə bağlı isə Prezident İlham Əliyev iki mühüm kriteriyanı qurultayda ifadə etmişdir.

Birincisi, “Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın. Amma təbii ki, bunun üçün iqtisadi inkişaf lazımdır. Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür”.

İkincisi, “Yeni geosiyasi və iqtisadi reallıq ondan ibarətdir ki, bu gün bir çox ölkələr enerji resurslarını əvvəlki kimi əldə edə bilmirlər. Burada yenə də Azərbaycan nadir ölkələrdəndir ki, dünya miqyasında bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir – xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr. Bunların da istehsalı üçün əsas mənbə enerjidir”.

Buradan strateji mahiyyətli belə bir qənaət alınır ki, Azərbaycan böyük resursa malikdir və hazırda ondan maksimum yararlanmaq konsepsiyasına sahibdir. Bu, ölkəmizin orta güc nümunəsinin mərkəzi tezisidir.

Növbəti istiqamət “inkişafa dəstək” adlanır və ya “ağıllı diplomatiya” kimi xarakterizə olunur. Onun başlıca əlaməti donor ölkə olmaqdan ibarətdir. Azərbaycan xüsusilə pandemiya dönəmində çoxlu sayda ölkəyə dəstək oldu, onlara yardım göstərdi və həm də onlara qarşı ədalətisizliyin aradan qaldırılması üçün fəallıq göstərdi. Bu kontekstdə rəsmi Bakının neomüstəmləkə təzahürlərinə qarşı barışmaz mövqeyi xüsusi diqqət çəkmişdir.

Nəhayət, “yumşaq güc” diplomatiyası və ya “mədəniyyət diplomatiyası”dan danışmaq olar. Burada müxtəlif yüksək səviyyəli tədbirlərin keçirilməsi vasitəsi ilə ölkənin imicini dünya miqyasında daha yüksəklərə qaldırmaq ayrıca yer tutur. Mədəniyyət və idmanla bağlı təşkil edilən tədbirlər buna nümunədir.

Bütün bunlarla yanaşı, Azərbaycanın hərbi güclə diplomatik potensialı uzlaşdırmaq qabiliyyəti yeni regional geosiyasi reallığın yaranmasında əsas rollardan birini oynamışdır. Prezident İlham Əliyevin qurultayda ifadə etdiyi aşağıdakı fikirlər bunu bir daha təsdiq edir. Dövlət başçısı demişdir: “...biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, Azərbaycana qarşı hansısa təxribat törətmək heç kimin ağlına belə gəlməsin. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur”.

Bunlardan Azərbaycanın regional geosiyasi reallığı yaratmaq aspektində fəaliyyətinin bir mühüm cəhəti ilə bağlı nəticə çıxarmaq olar. Bu məqamı dövlət başçısı qurultaydakı nitqində belə ifadə etmişdir: “...bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir”.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью