Yeni mərhələdə milli təhlükəsizliyin təmininin əsas parametrləri

19.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Milli təhlükəsizlik

XXI əsrdə milli təhlükəsizlik məsələsi fundamental səviyyədə ölkənin, cəmiyyətin və dövlətin ekzistensiyasının əsas parametrlərindən biri kimi qəbul edilir. Bu məsələnin siyasi, hüquqi, nəzəri, sosial, ideoloji və digər aspektləri bir-biri ilə yeni qlobal geosiyasi-mədəni mühitin yaratdığı və hər bir müstəqil dövlətin fəaliyyətinə “hopmuş” formada ehtiva olunur. Hər bir ölkə və dövlət üçün bu xüsusiyyət ənənə, tarix, mədəni özəllik və müasir mərhələdə malik olduğu dövlət gücünün qarşılıqlı münasibətlərində fərqli təzahür edir. O cümlədən, “milli təhlükəsizlik” anlayışı da ölkədən ölkəyə fərqli məzmun (məna yox) çalarlarına malik ola bilər. 

Belə alınır ki, müstəqil dövlətin milli təhlükəsizliyinin özəlliklərini daha adekvat dərk etmək üçün dünya üçün universal olan və konseptual xarakter daşıyan bir sıra faktorları dərk etmək gərəkdir. Müasir elmi ədəbiyyatda mövzu ilə bağlı yer almış bir sıra ümumi müddəlara diqqət edək. Tədqiqatçılar yazırlar ki, “XX əsrin sonlarında yaranan qlobal geosiyasi vəziyyət “milli təhlükəsizlik” anlayışının yenidən nəzərdən keçirilməsini və milli təhlükəsizlik prioritetlərinin müəyyənləşdirilməsinə fərqli bir yanaşma tələb etdi” (Şelaxayev, A.A.). 

Anlayışın yenidən nəzərdən keçirilməsi və prioritetlərin müəyyənləşdirilməsi zərurəti yaranırsa, bu, qlobal miqyasda ciddi dəyişiklərin baş verməsi deməkdir. Onun fonunda milli təhlükəsizliyin komponentlərinin münasibətlərinin də yeniləşməsi qaçılmaz olur. Prosesin gedişatı göstərdi ki, həmin yeniləşmədə və prioritetlərin müəyyən edilməsində enerji təhlükəsizliyi vacib atribut kimi milli təhlükəsizliyin təmini kontekstinə daxil edilmişdir. Deməli, milli təhlükəsizliyin müasir mərhələdə dərkində enerji təhlükəsizliyi məsələsi fundamental rol oynayır.   

Burada tədqiqatçıların ayrıca diqqət yetirdiyi digər məqam məsələnin tarixi-siyasi konteksti ilə bağlıdır. Həmin bağlılıqda vurğulayırlar: “...inkişaf edən geosiyasi proseslərin nəticəsi olaraq, müasir mənada “təhlükəsizlik” termini “təbiət-insan-cəmiyyət” sistemindəki bütün forma və istiqamətlərlə sıx bağlı olan və tarixi inkişafla xarakterizə olunan olduqca mürəkkəb bir sosial fenomen kimi müəyyən edilir”.

Tarixi inkişaf kontekstində bir nümunəyə də baxmaq lazım gəlir. Konkret olaraq, “təhlükəsizlik” və “milli təhlükəsizlik” anlayışlarının kateqorial aparatını araşdırarkən, birinci terminin uzun müddət istifadə olunduğu, ikinci terminin – “milli təhlükəsizliy”in 1904-cü ildə ABŞ Prezidenti Teodor Ruzveltin Konqresə göndərdiyi mesajda yazıldığını...görürük”. Həm də Amerikada “1947-ci ilə qədər “milli təhlükəsizlik” termini xarici və daxili siyasətin inteqrasiyası əvəzinə “müdafiə” kontekstində istifadə olunurdu. 1947-ci ildə ABŞ Konqresi Milli Təhlükəsizlik Qanununu qəbul etdi və bu Qanun Milli Təhlükəsizlik Şurasını yaratdı. Bu qanun ona milli təhlükəsizliklə bağlı xarici, daxili və hərbi siyasətləri əlaqələndirmək funksiyasını həvalə etdi. Milli Təhlükəsizlik Qanunu ABŞ milli siyasəti üçün məqsədlər, maraqlar, təhdidlər və prioritetlər sistemini müəyyən etdi”.

Vurğulanan məqamlar əsasında yığcam terminoloji ümumiləşdirmə edə bilərik. 

Terminoloji ümumiləşdirmə

Hər şeydən öncə milli təhlükəsizliyi fərdin, cəmiyyətin və dövlətin daxili və xarici təhdidlərdən qorunması vəziyyəti kimi dərk etmək olar.

Sonra, milli təhlükəsizlik sistemində qorunma obyektləri fərd, cəmiyyət və dövlətdir.

Bundan başqa, fərd, cəmiyyət və dövlətin daxili və xarici təhdidlərin təsirinə məruz qalması mütləq şərt kimi qəbul edilməlidir. Hər bir dövlətin ən xoş fikirlər ifadə etməsinə baxmayaraq hansısa ölkəyə qarşı vurğulanan təsirlər etməsi real həyatda baş verir. 

Bu zaman, fərdin, cəmiyyətin və dövlətin daxili və xarici təhdidlərdən qorunması konkret şərtləri təmin edir. Həmin şərtlərə konstitusiya hüquqları, azadlıqları, vətəndaşlar üçün layiqli keyfiyyət və həyat səviyyəsi, dövlətin suverenliyi və ölkənin ərazi bütövlüyünün qorunması, davamlı inkişaf, dövlətin müdafiəsinin və təhlükəsizliyinin təmini daxildir. 

Deməli, ümumi səviyyədə milli təhlükəsizlik milləti və onun yaratdığı müstəqil dövləti həyatın bütün sahələrində zərər və məhv olmaqdan qorunmasının sistemli təminidir.

İndi vurğulanan ümumi xüsusların fonunda Azərbaycanda milli təhlükəsizliyin əsas parametrlərinə nəzər salaq. Öncə məsələnin qanuni təqdimatına baxaq. 

Azərbaycanın milli təhlükəsizliyinin ümumi müddəaları

Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik haqqında” qanununda belə bir tərif mövcuddur: “Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir”.

Burada faktiki olaraq, milli təhlükəsizliyin əsas parametrləri müəyyən edilmişdir. Onlar aşağıdakılardır: 

-         dövlətin müstəqilliyi, 

-         dövlətin suverenliyi, 

-         ölkənin ərazi bütövlüyü, 

-         konstitusiya quruluşu, 

-         xalqın və ölkənin milli maraqları, 

-         insanın, cəmiyyətin və dövlətin hüquq və mənafeləri.

Bütün bu parametrlərin qorunması Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması deməkdir. Belə bir yanaşmanın məntiqinə uyğun olaraq milli təhlükəsizliyin obyektləri kimi qanunda 1) insan - onun hüquq və azadlıqları;.2) cəmiyyət - onun maddi və mənəvi dəyərləri; 3) dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü göstərilir.

Milli təhlükəsizliyin təmini ilə bağlı 6 prinsip sırasında aşağıdakılar da qeyd edilmişdir: beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya və insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti.

Deməli, milli təhlükəsizlik siyasəti hərbi, siyasi, iqtisadi, sosial, informasiya, ekoloji və humanitar istiqamətlərin qarşılıqlı əlaqəsi əsasında qurulmalıdır. Prezident İlham Əliyev bu istiqamətdə mükəmməl müddəlar müyyənləşdirmişdir və hazırda Azərbaycan milli təhlükəsizliyin dinamik inkişaf edən konsepsiyasına və doktrinasına malikdir. Dövlət başçısının YAP-ın VIII Qurultayında irəli sürdüyü tezislərin fonunda bir neçə konkret məqamı vurğulamaq zəruridir. 

Ölkə rəhbəri nitqində ifadə etmişdir: “Təhlükəsizlik tədbirləri. Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır”. 

Bu prinsipial tezislərlə yuxarıda vurğulanan ümumi nəzəri müddəaların qarşılıqlı münasibətləri fonunda konkret bir sıra istiqamətə baxmaq faydalı olardı.  

Dövlət suverenliyi və ərazi bütövlüyü

Bu, yeni mərhələdə milli təhlükəsizliyin fundamental parametridir. Onunla yanaşı, müstəqilliyi mütləq vurğulamaq gərəkdir.  Həmin üç faktor faktiki olaraq milli təhlükəsizliyin bütün digər istiqamətləri üçün əsas yaradır. Suverenlik, müstəqillik və ərazi bütövlüyünün kompleks təmini müdafiə qabiliyyətinin daim gücləndirilməsini, Silahlı Qüvvələrin texniki və peşəkar potensialının artırılmasını, sərhəd təhlükəsizliyinin müasir texnologiyalar əsasında təşkil edilməsini, işğaldan azad olunmuş ərazilərdə təhlükəsiz və dayanıqlı yaşayış mühiti yaradılmasını, mümkün xarici təhdidlərə qarşı qabaqlayıcı strategiyaların hazırlanmasını özündə birləşdirir.

Ərazi bütövlüyünün təmin edilməsi hərbi, hüquqi, diplomatik, iqtisadi, informasiya və sosial mexanizmləri əhatə edir.

Səmərəli dövlət idarəçiliyi

Milli təhlükəsizliyin mühüm şərtlərindən biri dövlət institutlarının səmərəli fəaliyyəti ilə bağlıdır. Dövlət idarəçiliyi çevik və şəffaf olmalıdır. Bu zaman məsuliyyət faktoru ön sıraya çıxmalıdır. Bunlarsız hakimiyyət orqanlarının cəmiyyətin ehtiyaclarına adekvat olması mümkün deyildir. Eyni zamanda, ölkədə daxili sabitlik yeni səviyyəyə qalxır və möhkəmlənir.

Bu şərtlər daxilində yeni mərhələdə səmərəli idarəetmənin əsas prioritetləri sırasında aşağıdakılar xüsusi yer tuturlar:

-                     qanunun aliliyinin təmin edilməsi;

-                     dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması;

-                     korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;

-                     elektron və rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi və s.

Bütün bunların fonunda siyasi institutlara ictimai etimadın yüksək olması vacib şərtlərdən biridir. 

Siyasi sabitlik

Siyasi sabitlik dövlətin milli təhlükəsizliyinin əsas daxili təminedici faktorlarından biridir. O, siyasi sistemin dayanıqlığını ifadə edir. Bu keyfiyyətdə siyasi sabitlik vətəndaş nizam-intizamının, hakimiyyətin legitimliyinin və müxtəlif siyasi qüvvələr arasında tarazlığın qorunub saxlanılmasının, ziddiyyətlərin qanuni vasitələrlə həll edilməsinin vəziyyəti kimi dərk edilməlidir. Belə bir sabitlik daxili və xarici dəyişikliklərə uyğunlaşmağa və konstitusiya quruluşunun dağıdılmasına və silahlı münaqişə olmadan islahatlar həyata keçirməyə tam əsas yaradır, hətta onu motivə edir. 

İqtisadi təhlükəsizlik 

Bu faktor istənilən müstəqil dövlət üçün milli təhlükəsizliyin əsas dayaqlarından biridir. Müasir mərhələdə güclü və şaxələndirilmiş iqtisadiyyata sahib olan dövlətin özünü dayanıqlı inkişaf etdirmək imkanları çox genişdir. Çünki iqtisadi təhlükəsizlik  dövlətin müdafiə, sosial siyasət və fövqəladə hallara cavab imkanlarını tələb olunan səviyyədə saxlamağa imkanlar yaradır.

Burada aşağıdakı komponentləri ciddi surətdə nəzərə almaq gərəkdir. 

Birincisi, iqtisadiyyatın neft və qaz sektorundan asılılığının azaldılması təmin edilməlidir.

İkincisi, qeyri-neft sektoru, sənaye və kənd təsərrüfatı dinamik inkişaf etdirilməlidir.

Üçüncüsü, ərzaq təhlükəsizliyi təmin edilməlidir.

Dördüncüsü, enerji və maliyyə sabitliyi qorunmalıdır.

Beşincisi, strateji resursların təhlükəsizliyi təmin edilməlidir

Nəhayət, innovasiya və yüksək texnologiyalara əsaslanan iqtisadiyyat formalaşdırılmalıdır. 

Vurğulanan məqamlara kibertəhlükəsizlik, xarici siyasət və beynəlxalq əməkdaşlıq kimi parametrləri də əlavə etmək zəruridir. 

Beləliklə, milli təhlükəsizlik məsələsi istənilən müstəqil dövlət üçün olduqca əhəmiyyətli faktordur. Azərbaycan Respublikası bu aspektdə lazımi səviyyədə konsepsiyaya və praktiki fəaliyyət istiqamətlərinə malik güclü dövlətdir. Prezident İlham Əliyev müəyyən etdiyi yeni tarixi mərhələdə dövlətin, cəmiyyətin, vətəndaşların təhlükəsizliyi ilə əlaqədar konseptual və doktrinal mahiyyətli müddəalar irəli sürür. Onlar hazırda milli təhlükəsizliyi mükəmməl şəkildə qorumağa imkan verir və Azərbaycanın tam suverenliyi, müstəqilliyi, fəal geosiyasi güc olması təmin edilir!

Füzuli Məhəmmədoğlu 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью