Yeni metro stansiyalar: Sürətlə reallaşacaqmı? AÇIQLAMA

29.01.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Bəs görəsən, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində bu istiqamətdə tezliklə real nəticələr əldə olunacaqmı?
Nəqliyyat eksperti Raqif Raufoğlu açıqlamasında bildirib ki, bu, büdcə imkanlarından və müəyyən səbəblərdən asılı olacaq.
“Məsələn, Günəşli istiqamətində uzun müddətdir işlərin aparıldığı bildirilir, hərçənd hazırda prosesin hansı mərhələdə olduğu barədə konkret məlumat yoxdur. Digər ərazilərdə isə vəziyyət nisbətən daha mürəkkəbdir. Bununla belə, tramvay xətlərinin çəkilməsi məsələsi gündəmdədir ki, bu da daha real variant kimi qiymətləndirilir və nəqliyyatın yükünün azaldılmasında əhəmiyyətli rol oynaya bilər”.
Ekspertin sözlərinə görə, elektrik qatarlarının bərpa olunması nəqliyyat yükünü azalda bilər:
“Xüsusilə Dövlət Proqramı çərçivəsində elektrik qatarlarının bərpa olunması nəzərdə tutulsa, Hövsandan Suraxanıya, eləcə də Əmircana qədər uzanan marşrutlar bir çox Bakı kəndlərini əhatə edə bilər. Qeyd edək ki, 1990-cı illərdə bu qatarlar mövcud idi, lakin sonradan xətlərin bir qismi ləğv edilib, bəzilərində isə hazırda qatar hərəkəti yoxdur. Həmin xətlər yenidən bərpa olunaraq müasir qatarların istismara verilməsi halında, paytaxtın nəqliyyat yükünün əhəmiyyətli hissəsini üzərinə götürə bilər. Əgər əsas məqsəd tıxacların azaldılması və infrastrukturun gücləndirilməsidirsə, prioritet məhz bu istiqamətə verilməlidir”./sfera.az

Oxunub 48

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью