Yeni müəssisələr iş yerlərinin yaradılmasına xidmət edir

05.10.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. Xatırladaq ki,  Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Bu yöndə yeni yaradılan müəssisələr əhalinin məşğulluğunda nə kimi rol oynaya bilər?

XQ-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, dərman preparatları olan tələbatın yerli istehsal hesabına ödənilməsi əsas prioritetlərdəndir. Nəzərə alsaq ki, dərman istehlakı hər bir ölkədə kifayət qədər vəsaət tələb edir və idxaldan asılı olduğu halda bu, təbii ki, həmin vəsaətlərin ölkədən çıxmasına gətirib çıxarır. Bu baxımdan, dərman istehsal edən müəssisənin istifadəyə verilməsi birmənalı şəkildə idxalın minimallaşdırılması və istehlakın daha sonra yerli istehsal hesabına ödənilməsi məqsədi daşıyır. 

Deputat daha sonra qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş yeni dövrün yeni hədəflərində yerli istehsalın, xüsusən də daha çox istehlak olan məhsullar üzrə genişləndirilməsi əsas hədəflərdəndir. Bu baxımdan dərman preparatları, əczaçılıq sahəsində də istehsalın artırılması birmənalı şəkildə prioritet və hədəf istiqamətlərdəndir. Sözsüz, bütün bunlar valyutanın ölkədə qalması və, xüsusən də, yerli istehsal hesabına əlavə dəyərin yaradılması və yeni iş yerlərinin yaradılması baxımından də vacibdir. Nəticədə bu, yeni iş yerlərinin yaradılmasına və bütövlükdə idxalın minimallaşdırılmasına xidmət edəcək.

Müşfiq MİRZƏ

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью