“Yeni nəsil energetiklər”in şəbəkə memarlığı

26.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərişıq” ASC-nin təşkil etdiyi “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının növbəti regional turu Gəncədə keçirilib. Yarışda Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə 9 komanda iştirak edib.

110/35/10 kilovoltluq “Yeni Gəncə” elektrik yarımstansiyasının ərazisində keçirilən açılış mərasimində “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək maarifləndirmə proqramının keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, ümumrespublika yarışının təşkili peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin direktoru iştirakçı komandalara uğurlar arzulayıb.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda “Ağstafa”, “Daşkəsən”, “Gədəbəy”, “Gəncə”, “Göygöl”, “Qazax”, “Samux”, “Şəmkir” və “Tovuz” elektrik şəbəkələrinin komandaları nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırmağa çalışıblar. İkinci mərhələdə isə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Hər iki mərhələnin nəticələrinə əsasən, “Qazax EŞ” regional turun qalibi olub. Beləliklə, komanda ümumrespublika yarışının Hadrutda təşkil olunacaq final mərhələsində mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью