Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Daxili gərginliklər və etirazlar iqtisadi və sosial problemlər həll olunmadıqca davam edəcək”
ABŞ kəşfiyyatının son hesabatına görə, İran hökuməti 1979-cu il inqilabından bəri ən zəif dövrlərindən birini yaşayır. “Nyu York Tayms”ın məlumatına görə, geniş yayılmış etirazlar və çətin iqtisadi vəziyyət İran hakimiyyətini ciddi sınaqlar qarşısında qoyub:
“ABŞ prezidenti Donald Tramp da vəziyyətlə bağlı məlumatlandırılıb və İranla bağlı hərbi əməliyyatların mümkünlüyü barədə xəbərdarlıq edilib. Etirazlar son dövrlərdə azalsa da, ABŞ rəsmiləri İran hökumətinin hələ də qeyri-sabit vəziyyətdə olduğunu bildirirlər”.
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Sherg.az”a bildirib ki, İranda artıq ciddi dəyişikliklər baş verib. Onun fikrincə İran indi 10–15 il əvvəlki İran deyil: 
“Bu dəyişikliklərin miqyası həm sosial, həm iqtisadi, həm də siyasi sahələri əhatə edir. Yeni nəsil vətəndaşlar, xüsusilə şəhərlərdə yaşayan gənclər, daha çox təhsil almış və informasiya texnologiyalarına daha çox yaxın olduqları üçün ictimai proseslərdə iştirak imkanlarını artırırlar. Bu isə tədricən siyasi və sosial dəyişikliklərin formalaşmasına təsir edir. Sadəcə bu dəyişikliyin rəsmi şəkildə tanınması və hökumət strukturuna inteqrasiyası müəyyən zaman tələb edir. Hər bir inqilabi və ya transformativ proses kimi, bu da tədricən baş verir və nəticələrin tam görünməsi illərlə ölçülür”.
Bununla belə iqtisadçı hesab edir ki, İranda dəyişiklik tələb edən əsas səbəblər hələ də aradan qaldırılmayıb. Burada ən mühüm amil iqtisadi çətinliklərdir:
“İranın əhali sayı təxminən Türkiyə ilə müqayisə oluna biləcək səviyyədədir, lakin dövlət büdcəsi və iqtisadi imkanları Türkiyənin büdcəsindən təxminən 8- 9 dəfə aşağıdır. Bu iqtisadi fərq əhalinin həyat səviyyəsinə birbaşa təsir edir və sosial narazılıqları artırır. Əhalinin böyük hissəsinin kasıblığı, işsizlik, inflyasiya və əsas ərzaq məhsullarının qiymətlərinin yüksək olması kimi problemlər, uzun müddət davam edən etiraz dalğalarının səbəblərindən biridir. Bütün bu iqtisadi və sosial çətinliklər obyektiv dəyişiklikləri tələb edir. Əgər struktur islahatları və iqtisadi təşəbbüslər həyata keçirilməzsə, daxili gərginliklər və dalğavari qarşıdurmalar da davam edəcək. Bu qarşıdurmalar bəzən regional və ideoloji fərqliliklərdən qaynaqlanır, bəzən isə iqtisadi bərabərsizlik və sosial ədalətsizlik səbəbindən güclənir. Çox güman ki, İran daxilində baş verən dəyişikliklər tamamlanana qədər ölkədə daxili təlatümlər, etirazlar və dalğavari qarşıdurmalar davam edəcək. Hətta bəzi hallarda bu qarşıdurmalar müəyyən vaxtlar üçün sönmüş kimi görünsə də, iqtisadi və sosial problemlər həll olunmadığı müddətcə yenidən alovlanma ehtimalı yüksəkdir. Dəyişikliklərin rəsmi olaraq qəbul edilməsi və yeni nəsilin proseslərdə fəal iştirakı isə yalnız zamanla baş verəcək”.