Yeni nəşriyyat fəaliyyətə başladı

04.02.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

“Parafraz Nəşrləri” adlı yeni nəşriyyat faəliyyətə başlayıb. 

525.az xəbər verir ki, nəşriyyatın təsisçi direktoru bədii redaktor, yazıçı, jurnalist və təlimçi Cavid Qədirdir. 

Direktor açıqlamasında qeyd edib ki, kitabçılıq sahəsinə töhfə vermək üçün yaradılan “Parafraz Nəşrləri” əsasən bədii və elmi-kütləvi əsərlərin çapı ilə məşğuldur: “Parafraz Nəşrləri” 2018-ci ildən fəaliyyət göstərsə də, rəsmi şəkildə 2025-ci ildə qeydiyyatdan keçib. Nəşriyyat oxuculara təqdim olunan hər kitabda keyfiyyətli məzmunun etibarlılığına, dil-üslub dəqiqliyinə, eləcə də redaktə və korrektə mədəniyyətinə xüsusi önəm verir. “Parafraz Nəşrləri” müəllif, tərcüməçi və redaktor əməkdaşlığını nəşr prosesinin dayağı hesab edir və kitabın ideyadan hazır nəşrə qədər bütün mərhələlərini sistemli şəkildə həyata keçirir”.

Naşir deyib ki, “Parafraz Nəşrləri” yerli müəlliflərin tanıdılması ilə yanaşı, dünya ədəbiyyatının seçilmiş nümunələrinin Azərbaycan dilinə keyfiyyətli şəkildə qazandırılmasını qarşısına məqsəd qoyur: “Nəşriyyatın fəaliyyətində ədəbi zövqün formalaşdırılması, oxu mədəniyyətinin təşviqi və intellektual mühitin zənginləşdirilməsi əsas istiqamətlərdəndir. “Parafraz Nəşrləri” ədəbi layihələr, tərcümə proqramları və maarifləndirici təşəbbüslər vasitəsilə Azərbaycan kitabçılıq mühitində mövqeyini daha da möhkəmləndirməyi hədəf seçib”.

Nəşriyyatın sloqanının “Sözlərin sirrini aç!” olduğunu deyən Cavid Qədir bildirib ki, “Parafraz Nəşrləri” yenilənmiş konsepsiya, seçilmiş müəlliflər və diqqətlə hazırlanmış nəşrlərlə ədəbi mühitdə öz sözünü deməyi qarşısına məqsəd qoyub: “Bu yolda klassik və müasir ədəbiyyat nümunələri, eləcə də düşüncə və mədəniyyətə töhfə verən layihələr oxuculara təqdim olunacaq. Uşaq kitablarının toplandığı “Naringi Nəşrləri” isə “Parafraz Nəşrləri”nin alt markası kimi fəaliyyət göstərəcək. Yaxın gələcəkdə də müstəqil nəşriyyata çevriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью