Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bundan sonra 16 yaşa çatmamış uşaqlar müəyyən edilmiş sosial şəbəkə platformalarında hesab aça bilməzlər. 16-18 yaş arasında olanlar isə ata-analarının icazəsi ilə hesab aça biləcək. Sosial şəbəkə platformalarına yaş həddinin yoxlanılması ilə bağlı mexanizm yaratmaq tələb ediləcək.
Bu qanunu pozan provayderlərin vəzifəli şəxslərinə və özlərinə yüksək məbləğlərdə cərimələr nəzərdə tutulub. Qanun 12 ay sonra qüvvəyə minəcək. Bu 12 ay hazırlıq dövrüdür.
Bu cür qanunlar Avstraliyada, Türkiyədə, ABŞ-ın bəzi ştatlarında, Böyük Britaniyada, eləcə də, Avropa İttifaqı ölkələrində artıq çoxdan qüvvədədir.
Bu, çox müsbət addımdır. Çünki uşaqları həm fiziki, həm psixoloji, həm mənəvi baxımdan qorumaq ailələr qədər dövlətin də əsas vəzifəsidir. Kiçik yaşlardan uşaqların sosial şəbəkələrə maneəsiz girişi, əlbəttə, onların psixoloji vəziyyəti və mənəvi tərbiyəsi üçün çox zərərlidir. Uşaqlar virtual aləmə erkən düşür, alışır, onda asılılıq yaranır, ailədən, məktəbdən, real mühitdən uzaqlaşır. Belə virrual dünyada böyüyən uşaqlar sonralar real həyatın qanunlarına və qanunauyğunluqlarına uyğunlaşa bilmir. Nəticədə ailələr də zərər görür, cəmiyyət də. Elə dövlət də.
Dünya sosial platformaların xeyri ilə yanaşı zərərini də görür. Bəli, adında "sosial" ifadəsi var. Ancaq mahiyyətcə cəmiyyətdə insanların real sosiallaşmasına bir tərəfdən geniş imkanlar açsa da, həm də mane olur. O cümlədən, uşaqları ailələrdən qoparır, real cəmiyyətdən uzaqlaşdırır. Rəqəmsal dünyanın belə paradoksları da var. Məhz buna görə İngiltərə kralı "rəqəmsal detoks" çağırışı edir. İsveç məktəblərdə tabletlərdən, planşetlərdən kitaba, çap dərsliklərinə qayıdır.
Bütün bunları nəzərə alanda Milli Məclisdə qəbul olunmuş və dünən ölkə Prezidentinin də imzaladığı qanun tamamilə sosial sifarişdən və sosial təhlükəsizlik maraqlarından irəli gəlir. Qalır bu qanuna, bu normalara əməl etmək.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol info