Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına Konsert salonunda “Şanlı Zəfərə həsr olunan Azərbaycan bəstəkarlarının simfonik orkestr üçün əsərləri” (Partitura, II cild) yeni not nəşrinin təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqdan məlumat verilib.
Bildirilib ki, İttifaqının sədri, dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxışında Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı konsertdə səslənən əsərlər və 3 cilddən ibarət not nəşrləri haqqında məlumat verib.
Layihənin bədii rəhbəri Firəngiz Əlizadə Bəstəkarlar İttifaqı tərəfindən əsərlərin partiturasının ilk dəfə çap olunduğunu vurğulayaraq, nəfis tərtibatda işıq üzü görən bu əsərlərin Azərbaycan musiqi mədəniyyətində dəyərli mənbə olacağını söyləyib.
Yeni not nəşrinin II cildinə Xalq artisti Azər Dadaşovun “Zəfər çələngi uvertüra”, Əməkdar incəsənət xadimləri Mobil Babayevin “Şanlı Qələbə”, Ceyhun Allahverdiyevin “Qələbə uvertürası”, Əməkdar artist Vüqar Camalzadənin “Qarabağa gedən yol”, Vüqar Məmmədzadənin “Dəmir yumruq” simfonik əsərləri daxildir.
Tədbirdə ABİ-nın katibləri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnara Dadaşova, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova, Əməkdar artist, bəstəkar Vüqar Camalzadənin fikirləri dinlənilib.
Tədbir bədii proqramla davam edib.