Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin "İncəsənət və dizayn" fənn birləşmə komissiyasının müəllimi, sənətşünas Sevinc Babaxanovadır. Müsahibimizlə məşhur fransız rəssamı Edqar Deqanın "Yeni Orleanda pambıq ticarət ofisi" əsərindən danışmışıq.
Edqar Deqa 19 iyul 1834-cü ildə Fransanın Paris şəhərində varlı bankir ailəsində anadan olub. Ailəsinin imkanları onun erkən yaşlarından incəsənətə maraq göstərməsinə və yüksək səviyyəli təhsil almasına şərait yaradıb. Atası onun rəsm qabiliyyətini dəstəkləyib, Paris muzeylərinə baş çəkməsinə və klassik sənət nümunələrini öyrənməsinə kömək edib. Deqa əvvəlcə hüquq təhsili almağa başlamış, lakin incəsənətə olan marağı səbəbindən bu istiqamətdən uzaqlaşıb. 1855-ci ildə Parisdə "Ecole des Beaux-Arts" məktəbində təhsil alıb, rəssam Lui Lamotun (Louis Lamothe) emalatxanasında akademik rəsm prinsiplərini mənimsəyib. Onun sənətə yanaşmasında Jan-Oqüst-Dominik Enqrin xətt və rəsm sənətinə verdiyi əhəmiyyət xüsusi rol oynayıb. 1856-1859-cu illərdə İtaliyaya səfəri zamanı Roma, Florensiya və digər şəhərlərin incəsənət abidələrini, Renessans ustalarının əsərlərini öyrənib. Leonardo da Vinçi, Mikelancelo və Rafael kimi rəssamların yaradıcılığı onun bədii dünyagörüşünün formalaşmasına təsir göstərib. Deqa 27 sentyabr 1917-ci ildə Parisdə vəfat edib. O, impressionizm tarixində özünəməxsus bədii üslubu və yenilikçi kompozisiya prinsipləri ilə seçilən sənətkar kimi qəbul olunur.
- Əsərin yaranma tarixi Deqa yaradıcılığının hansı dövrünə təsadüf edir?
- "Yeni Orleanda pambıq ticarət ofisi" fransız rəssamı Edqar Deqa tərəfindən 1873-cü ildə yaradılmış, onun realist müşahidə qabiliyyətini və gündəlik həyat səhnələrinə marağını nümayiş etdirən mühüm əsərlərindən biridir. Rəsm XIX əsrin ikinci yarısında ABŞ-ın Yeni Orlean şəhərində pambıq ticarəti ilə məşğul olan iş adamlarının gündəlik fəaliyyətini təsvir edir. Əsərin yaranması Deqanın 1872-1873-cü illərdə ABŞ-a səfəri ilə sıx bağlıdır. Rəssam ailəvi əlaqələrini ziyarət etmək və Amerika həyatını yaxından müşahidə etmək məqsədilə Yeni Orleana gəlmişdi.
Deqanın anası Mari-Selestin Musson Yeni Orleanda doğulmuş və nüfuzlu kreol ailəsindən gəlmişdi. 1872-ci ilin payızında rəssam qardaşı Rene ilə birlikdə ABŞ-a səfər etmiş, təxminən beş ay ana tərəfdən olan qohumlarının yanında yaşamışdır. Onun qohumları Rene və Aşil pambıq ticarəti ilə məşğul olur, əmisi Mişel Musson isə bu sahədə vasitəçi kimi fəaliyyət göstərirdi. Ailə üzvlərinin məşğul olduğu bu sahə Deqanın diqqətini cəlb etmiş və əsərin mövzusunun formalaşmasına zəmin yaratmışdır.
Əsərin yaradılması ilə bağlı mühüm məlumatlardan biri Deqanın 18 fevral 1873-cü ildə rəssam Ceyms Tissota yazdığı məktubdur. Rəssam məktubunda pambıq alıcılarının iş otağını təsvir edən, təxminən on beş nəfərin iştirak etdiyi böyük kompozisiya üzərində işlədiyini bildirirdi. O, əsəri İngiltərənin Mançester şəhərindəki pambıq sənayesi nümayəndələrinə təqdim etməyi və mümkün alıcı tapmağı düşünürdü. Bu fakt Deqanın əsəri yalnız ailəvi xatirə və ya məişət səhnəsi kimi deyil, həm də müəyyən sənaye və ticarət auditoriyasına ünvanlanan bədii layihə kimi nəzərdə tutduğunu göstərir.
Əsər 1873-cü ildə tamamlanıb. Deqa burada pambıq ticarəti ofisinin daxili məkanını, iş prosesində iştirak edən şəxsləri və onların fərqli fəaliyyətlərini təsvir edir. Kompozisiyanın ön planında rəssamın əmisi Mişel Musson pambıq nümunəsini yoxlayır, digər fiqurlar isə sənədlərlə işləyir, pambıq nümunələrini nəzərdən keçirir və gündəlik işlərini davam etdirirlər. Rəssamın qardaşları Rene və Aşil də əsərdə təsvir olunmuşdur. Beləliklə, əsər həm real ticarət mühitinin təsviri, həm də Deqanın ailə üzvlərinin iştirakı ilə yaradılmış kollektiv portret xarakteri daşıyır.
"Yeni Orleanda pambıq ticarət ofisi" 1876-cı ildə Parisdə keçirilən II İmpressionist sərgisində nümayiş olunub. Əsər Deqanın müasir həyat mövzularına müraciətini və realist müşahidələr əsasında qurulmuş kompozisiya həllini nümayiş etdirirdi. Rəssamın əsəri əvvəlcə İngiltərədə satmaq niyyəti həyata keçməyib, sonradan 1878-ci ildə Fransanın Pau şəhərinin incəsənət muzeyi tərəfindən satın alınıb. Bu, Deqanın sağlığında muzey tərəfindən satın alınan ilk əsəri olması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün tablo Fransanın Pau şəhərində yerləşən "Musee des Beaux-Arts de Pau" muzeyində saxlanılır. Kətan üzərində yağlı boya texnikası ilə işlənmiş əsərin ölçüləri 7392 sm-dir.
- Əsərin kompozisiya həlli necədir?
- Əsərin kompozisiyası üfüqi istiqamətdə qurulmuş geniş interyer təsvirinə əsaslanır. Rəssam otağın uzunluğunu və dərinliyini göstərmək üçün arxa plana doğru uzanan pəncərə və qapı konstruksiyalarından, divar səthlərindən və mebel elementlərindən istifadə edib. Bu memarlıq detallarının ritmik təkrarı kompozisiyanın strukturunu müəyyənləşdirir. Fiqurlar müxtəlif planlarda yerləşdirilib: ön planda oturmuş kişi, orta planda pambıq nümunələri ilə işləyən şəxslər, arxa planda isə digər əməkdaşlar təsvir olunur. Belə yerləşmə məkan dərinliyini artırır, tamaşaçının baxışını kompozisiyanın müxtəlif hissələrinə yönəldir.
Əsərin kompozisiya həllində diqqətəlayiq xüsusiyyətlərdən biri yuxarıdan aşağıya yönəlmiş, bir qədər yüksəldilmiş baxış nöqtəsidir. Tamaşaçı otağı adi göz səviyyəsindən deyil, müəyyən yüksəklikdən müşahidə edir. Bu perspektiv yanaşma döşəmənin geniş sahəsini, masanın səthini və fiqurların yerləşmə xüsusiyyətlərini daha aydın göstərir. Məkanın dərinliyi pəncərə və qapıların, masanın, döşəmə xətlərinin perspektiv istiqamətləri vasitəsilə ifadə olunur. Sol tərəfdəki şüşəli arakəsmələr məkanı bölməklə yanaşı, arxa plandakı fiqurların da görünməsinə imkan yaradır.
Əsərin əsas diqqət mərkəzini masanın üzərində yerləşdirilmiş ağ pambıq kütləsi təşkil edir. Pambığın açıq rəngi ətrafdakı tünd geyimli fiqurlarla kontrast yaradaraq tamaşaçının diqqətini kompozisiyanın mərkəzinə yönəldir. Pambıq yalnız ticarət fəaliyyətinin predmetini deyil, həm də kompozisiyanın birləşdirici elementini təşkil edir. Onun ağ və yumşaq formaları masanın üzərində geniş sahə yaradaraq müxtəlif fiqurlar arasında vizual əlaqə qurur. Pambıq kütləsindən qəzetə və sağ tərəfdəki ağ köynəyə doğru uzanan açıq rəng keçidləri də kompozisiyanın bütövlüyünü gücləndirir.
Rəssam insan fiqurlarını müxtəlif fəaliyyət və vəziyyətlərdə təsvir etmişdir. Bəzi şəxslər pambıq nümunələrini yoxlayır, digərləri sənədlərlə işləyir, qəzet oxuyur və ya müşahidəçi mövqeyində dayanırlar. Fiqurların oturaq, ayaqüstü və əyilmiş vəziyyətlərdə yerləşdirilməsi statik interyer daxilində vizual dinamika formalaşdırır.
Əsərdə vahid dramatik hadisə yoxdur; diqqət müxtəlif şəxslərin paralel fəaliyyətlərinə bölünür. Bu xüsusiyyət kompozisiyanı gündəlik həyatın təbii müşahidəsinə əsaslanan təsvirə çevirir. Deqa fiqurların və əşyaların bir hissəsini rəsm çərçivəsinin kənarında kəsilmiş şəkildə təqdim edir. Ön plandakı oturmuş fiqurun bədəninin aşağı hissəsinin çərçivədən kənarda qalması və sağ tərəfdəki işçinin təsvirinin kəsilməsi əsərə təsadüfi müşahidə təəssüratı verir. Sanki tamaşaçı hadisənin yalnız bir hissəsini görür, çərçivədən kənarda da fəaliyyət davam edir. Bu, Deqanın müasir həyat səhnələrini təqdim etməsində səciyyəvi bədii xüsusiyyətlərdəndir.
- Rəng həlli haqqında nə deyə bilərsiniz?
- Əsərin rəng həllində ən mühüm vizual element pambıq kütləsinin ağ rəngidir. Masanın üzərində yerləşdirilmiş ağ material kompozisiyanın mərkəzində geniş rəng sahəsi yaradaraq ətrafdakı tünd geyimli fiqurlarla güclü kontrast təşkil edir. Deqa pambığın ağ rəngini müxtəlif boz, sarımtıl və krem çalarları ilə işləyərək onun həcm və tekstura xüsusiyyətlərini ifadə edib. Bu rəng variasiyaları pambığın yumşaqlığını və lifli quruluşunu daha inandırıcı göstərir. Ağ rəngin qəzet, köynək və bəzi pəncərə səthləri ilə əlaqələndirilməsi əsərin vizual bütövlüyünü təmin edir.
Əsərdə işıqlandırma təbii interyer mühitinə uyğun təqdim edilib. Pəncərə və qapılardan daxil olan işıq məkanın müəyyən hissələrini işıqlandırır, digər sahələrdə isə yumşaq kölgələr yaranır. Bu işıq-kölgə münasibətləri fiqurların həcmini və interyerin dərinliyini müəyyənləşdirir. Rəssam işıqlanmış səthlərdə açıq sarımtıl, boz və krem çalarlarından, kölgəli sahələrdə isə tünd qəhvəyi, boz-yaşıl və qara tonlardan istifadə edib.
Əsərin koloriti əsasən isti rənglərin üstünlüyü ilə səciyyələnir. Döşəmədə, mebeldə və bəzi geyimlərdə müşahidə olunan qəhvəyi, oxra və sarımtıl tonlar isti rəng mühiti yaradır. Bu tonlar divarlardakı boz-yaşıl çalarlarla qarşılıqlı münasibətdə təqdim edilir. İsti və nisbətən soyuq rənglərin kontrastı interyerin vizual tarazlığını təmin edir. Tünd geyimlərin açıq pambıq kütləsi ilə qarşılaşdırılması da rəng həllində tonallıq və kontrast münasibətlərini gücləndirir.
Deqanın rəng həllində əsas məqsədi rənglərin dekorativ gözəlliyini nümayiş etdirməkdən daha çox, təsvir olunan mühitin real görünüşünü və atmosferini yaratmaqdır. Rəssam rəngləri məkanın, predmetlərin və insan fiqurlarının xarakterinə uyğun seçərək əsərin məzmununu vizual şəkildə ifadə edib. Koloritin təmkinli olması, torpaq tonlarının üstünlüyü və ağ pambıq kütləsinin parlaq rəng aksenti kimi təqdim edilməsi əsərin bədii təsirini artırır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Edqar Deqanın "Yeni Orleanda pambıq ticarət ofisi" əsəri rəssamın gündəlik həyat hadisələrini yüksək müşahidə qabiliyyəti və realist yanaşma ilə təsvir etmək bacarığını nümayiş etdirən maraqlı sənət nümunəsidir. Əsər ilk baxışdan adi bir ticarət məkanını əks etdirsə də, diqqətlə nəzərdən keçirildikdə burada insan fəaliyyətinin, sosial münasibətlərin və əmək mühitinin bədii ifadəsini görmək mümkündür. Rəssamın insanları müxtəlif vəziyyətlərdə təsvir etməsi kompozisiyaya təbiilik və canlılıq gətirir.
Məni əsərdə ən çox cəlb edən xüsusiyyət fiqurların sərbəst yerləşdirilməsi və hər birinin öz fəaliyyəti ilə məşğul olmasıdır. İnsanların bir-biri ilə formal şəkildə əlaqələndirilməməsi, hər birinin fərqli davranış və düşüncə vəziyyətində təqdim edilməsi əsərə real həyat təsiri bağışlayır. Hesab edirəm ki, Deqa bu yanaşma vasitəsilə tamaşaçıya yalnız müəyyən bir məkanı deyil, həmin məkanın daxilində yaşayan və çalışan insanların gündəlik həyatını da təqdim edir. Əsərin rəng həlli də mənim üçün xüsusi maraq doğurur. Ağ pambıq kütləsinin tünd geyimli fiqurlar və qəhvəyi interyer fonunda diqqət mərkəzinə çevrilməsi rəssamın rəng kontrastlarından ustalıqla istifadə etdiyini göstərir. Perspektiv quruluşu və fiqurların müxtəlif planlarda yerləşdirilməsi də məkan dərinliyini artırır.
Bu əsərin əsas bədii dəyəri adi həyat hadisəsinin sənət vasitəsilə əhəmiyyətli və düşündürücü təsvirə çevrilməsindədir. Deqa gündəlik əmək fəaliyyətini estetik müşahidə predmetinə çevirərək göstərir ki, incəsənətin mövzusu yalnız tarixi hadisələr və monumental obrazlar deyil, həm də insanın gündəlik həyatı, fəaliyyəti və sosial mühiti ola bilər.
Aytac SAHƏD