Yeni pandemiya qapıda Nipah virusu nədir, necə yoluxur?

29.01.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında Nipah virusu ilə bağlı iki yoluxma halı təsdiqlənib. Hadisə beynəlxalq səviyyədə diqqətə səbəb olub. Məlumata görə, hər iki yoluxan şəxs səhiyyə işçisidir və hazırda reanimasiya şöbəsində müalicə alır. Hindistan hökuməti bildirib ki, təsdiqlənmiş hallarla təmasda olmuş 196 nəfərin hamısı simptomsuzdur və aparılan testlərin nəticəsi mənfi çıxıb. Səhiyyə Nazirliyi mövcud məlumatların əhali və ailələr üçün əlavə risk yaratmadığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, Nipah virusunun ölüm nisbətinin yüksək olması narahatlıq doğurur. Virusun bəzi növlərində ölüm göstəricisi 75 faizə qədər yüksələ bilir. Xəstəliyə qarşı hazırda xüsusi müalicə üsulu və ya peyvənd mövcud deyil.
Nipah virusu nədir?
Nipah virusu heyvanlardan insanlara, çirklənmiş qidalar vasitəsilə və ya yoluxmuş şəxslə təmas nəticəsində yayıla bilir. Virus əsasən Hind okeanı hövzəsində, Hindistanda, Cənub-Şərqi Asiyada və Okeaniyada yaşayan yarasalarda aşkarlanır. Xəstəlik insanda simptomsuz keçə bildiyi kimi, ağır tənəffüs problemləri və ölümcül beyin iltihabına da səbəb ola bilər. Ölüm nisbəti virusun növündən asılı olaraq 40–75 faiz arasında dəyişir.
Hindistandakı hallardan sonra bəzi qonşu ölkələr təhlükəsizlik tədbirlərini artırıb.Tayland Qərbi Benqaldan gələn sərnişinlər üçün hava limanlarında yoxlamalara başlayıb. Hazırda Hindistandan kənarda yoluxma halı qeydə alınmayıb. Nepal da sərhəd-keçid məntəqələrində və hava limanlarında nəzarəti gücləndirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 1998-ci ildən bəri Banqladeş, Hindistan, Malayziya, Filippin və Sinqapurda Nipah virusu ilə bağlı hallar qeydə alınıb. Hindistanın Kerala ştatında 2025-ci ilin iyul ayında dörd yoluxma halı təsdiqlənmiş, onlardan ikisi ölümcül olmuşdu. Banqladeşdə isə xəstəlik endemik hesab olunur və demək olar ki, hər il yoluxma halları qeydə alınır.
ÜST beynəlxalq yayılma riskinin hazırda aşağı olduğunu bildirsə də, xəstəliyə qarşı dərman və peyvənd olmadığı üçün risk faktorları barədə məlumatlılığın artırılmasının vacibliyini vurğulayır.
Kənan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью