Yeni qanun layihəsi məmurlar üçün hansı qadağaları nəzərdə tutur?

24.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Maraqlar toqquşmasının qarşısını almaq, onu idarə etmək və nəticələrini aradan qaldırmaq qanunun əsas məntiqini təşkil edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisin iclasında gündəliyin səkkizinci məsələsi – “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, qanun layihəsində maraqlar toqquşmasının üç növü müəyyən edilir: real, potensial və təəssürat yaradan maraqlar toqquşması.

Deputatın sözlərinə görə, real maraqlar toqquşması şəxsi marağın vəzifəli şəxsin xidməti vəzifələrini qərəzsiz icra etməsinə təsir göstərdiyi vəziyyətdir. Potensial maraqlar toqquşmasında belə ziddiyyət hələ yaranmasa da, gələcəkdə meydana çıxma ehtimalı var. Təəssürat yaradan maraqlar toqquşmasında isə real ziddiyyət mövcud olmasa da, kənardan baxan şəxsdə belə bir təəssürat formalaşır.

K.Cəfərov vurğulayıb ki, şəxsi maraq anlayışı yalnız vəzifəli şəxsin özünü əhatə etmir. Onun yaxın qohumları və digər yaxınları üçün maddi və ya qeyri-maddi nemət, fayda, üstünlük, imtiyaz və güzəşt əldə etmək gözləntisi də bu anlayışa daxildir.

O qeyd edib ki, qanun maraqlı şəxslərin dairəsini konkret müəyyən edir və maraqlar toqquşmasının qarşısının alınması, idarə edilməsi, eləcə də nəticələrinin aradan qaldırılması üçün mexanizmlər nəzərdə tutur.

Deputat bildirib ki, maraqlar toqquşmasının qarşısını almaq üçün vəzifəli şəxs şəxsi marağının xidməti vəzifələrinə təsir göstərməsinə yol verməməlidir. Bunun üçün o, konkret məsələ üzrə qərar qəbulunda iştirakdan imtina etməli, aktivlərini özgəninkiləşdirməli və ya qanunla nəzərdə tutulan digər tədbirləri görməlidir. Ziddiyyət aradan qalxmadıqda isə vəzifədən azad olunması barədə müraciət etməlidir.

K.Cəfərovun sözlərinə görə, maraqlar toqquşmasının idarə edilməsi üçün vəzifəli şəxs şəxsi maraqlarını bəyan edir, səlahiyyətli subyekt isə həmin bəyanatı qiymətləndirərək zəruri tədbirlər barədə qərar qəbul edir.

O əlavə edib ki, maraqlar toqquşması artıq nəticələrə səbəb olubsa, bu yolla əldə edilmiş əmlak və imtiyaz könüllü qaydada, bundan imtina edildikdə isə məhkəmə qərarı ilə dövlətə qaytarıla bilər. Belə şəraitdə qəbul edilmiş aktlar da ləğv oluna bilər. Lakin təəssürat yaradan maraqlar toqquşması aktın ləğvi üçün əsas sayılmır.

Deputat qanun layihəsinin ikinci fəslində vəzifəli şəxslərin gündəlik fəaliyyətində riayət etməli olduqları qadağa və məhdudiyyətlərin əksini tapdığını bildirib.

Onun sözlərinə görə, vəzifəli şəxs şəxsi marağına toxunan məsələnin qərar qəbulunda iştirak edə bilməz. Bu məhdudiyyət hüquqi və inzibati aktların hazırlanmasına və qəbuluna, müqavilələrin bağlanmasına, nəzarət və yoxlama tədbirlərinə də aiddir. Vəzifəli şəxs öz statusundan istifadə edərək digər şəxslərə də bu məsələlərlə bağlı təsir göstərə bilməz.

K.Cəfərov qeyd edib ki, kollegial orqanın üzvü, o cümlədən deputat şəxsi marağına toxunan məsələ barədə əvvəlcədən məlumat verməlidir. Zərurət yarandıqda müzakirədən kənarlaşmalı və qanunla nəzərdə tutulan digər tədbirləri görməlidir.

O, qeyri-məhdud şəxslər dairəsinə şamil olunan ümumi aktların hazırlanması və qəbulunun isə şəxsi maraq hesab edilmədiyini diqqətə çatdırıb.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью