Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O, sözügedən qanunun əvvəlkilərdən fərqi və özündə nələri birləşdirməsi ilə bağlı suallara aydınlıq gətirib:
“Birincisi, aqrar məhsul istehsalçılarının reytinq sistemi yaradılır. Fermerlərin iqtisadi səmərəliliyi, resurslardan istifadəsi və dövlət dəstəyindən düzgün istifadə etməsi qiymətləndiriləcək. Dövlət dəstəyi verilərkən bu reytinq nəzərə alınacaq.
İkincisi, müqavilə əsasında istehsal genişləndirilir. Fermer məhsulu yetişdirməzdən əvvəl alıcı ilə onun miqdarını, keyfiyyətini, qiymətini və ya qiymətin müəyyənləşdirilməsi qaydasını razılaşdıra biləcək. Bu, fermerin satışla bağlı riskini azalda bilər.
Üçüncüsü, dövlətin aqrar bazara müdaxilə mexanizmi nəzərdə tutulur. Zərurət yarandıqda dövlət məhsul ala, ehtiyat yarada və məhsulun saxlanması xərclərini subsidiyalaşdıra bilər. Bu mexanizm xüsusilə məhsul bolluğu zamanı qiymətlərin kəskin düşməsinin qarşısının alınmasına kömək edə bilər.
Dördüncüsü, torpaqlardan daha səmərəli istifadə üçün konsolidasiya, kooperativləşmə və vahid əkin imkanları nəzərdə tutulur. Məqsəd kiçik və parçalanmış torpaq sahələrinin yaratdığı səmərəsizliyi azaltmaqdır.
Beşincisi, fermerlərin məhsullarını satmaq imkanları genişləndirilir. Aqrar bazarlar və yarmarkalarla yanaşı fermer mağazaları, səyyar satış yerləri və elektron platformalar da nəzərdə tutulur. Kooperativlərin öz satış yerlərini yaratması da mümkün olacaq.
Altıncısı, dövlət dəstəyi üçün geniş alətlər müəyyən edilir. Subsidiyalar, güzəştli kredit və lizinq, qrantlar, dövlət investisiyaları, vergi və gömrük güzəştləri, aqrar sığorta və digər dəstək mexanizmləri nəzərdə tutulur.
Yeddincisi, regionların aqrar ixtisaslaşması və bitkilərin rayonlaşdırılması dövlət dəstəyi ilə əlaqələndirilir. Yəni hansı ərazidə hansı məhsulun yetişdirilməsinin daha səmərəli olması dövlət dəstəyi zamanı nəzərə alına bilər.
Səkkizincisi, aqrar sahədə rəqəmsal məlumat sisteminin rolu artırılır. Fermerlərin qeydiyyatı, dövlət xidmətləri və dəstək tədbirlərindən istifadə ilə bağlı məlumatlar bu sistemdə toplanacaq və dövlət dəstəyi verilərkən həmin məlumatlar əsas götürüləcək”.
Ekspertin fikrincə, qanunda nəzərdə tutulan mexanizmlərin real nəticəyə çevrilməsi onun tətbiqindən asılı olacaq. Yaxşı qanun vacibdir, amma fermer üçün nəticəni qanunun mətnindən sonra başlayan proses müəyyən edir:
“Tətbiq mexanizmləri aydın və dəqiq hazırlanmalı, mərkəzi icra hakimiyyəti orqanları arasında səlahiyyət və məsuliyyət bölgüsü konkret müəyyən edilməli, regionlarda qanunun icrasında iştirak edən qurumların fəaliyyəti əlaqələndirilməli, fermer üçün prosedurlar sadə və anlaşıqlı olmalıdır. Eyni zamanda regionlarda özbaşınalıq halları ilə bağlı siqnallar daxil olduqda buna sərt reaksiya verilməli və belə halların qarşısı vaxtında alınmalıdır.
Dövlət dəstəyinin hansı meyarlarla verilməsi, reytinq sisteminin necə işləməsi, bazar intervensiyasının hansı hallarda həyata keçirilməsi, müqaviləli istehsalda tərəflərin hüquqlarının necə qorunması və qəbul edilən qərarların icrasına necə nəzarət olunması əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir.
Burada nəzarət mexanizmi də xüsusi əhəmiyyət daşıyır. Qanunun bütün regionlarda eyni prinsiplərlə tətbiqi (bəzi coğrafi amillər istisna olmaqla), qərarların subyektiv yanaşmalardan mümkün qədər qorunması, fermerlərin dövlət dəstəyinə bərabər çıxışının təmin edilməsi və nəticələrin davamlı qiymətləndirilməsi vacibdir. Mərkəzi qurumların qəbul etdiyi qərarla fermerin rayonda qarşılaşdığı praktika arasında fərq yaranmamalıdır”.
“Əlqərəz, əgər tətbiq qaydaları aydın, icra mexanizmi işlək, qurumlar arasında koordinasiya düzgün, nəzarət effektiv və fermer üçün prosedurlar əlçatan olarsa, yeni qanunda nəzərdə tutulan imkanlar aqrar sahədə məhsuldarlığın, investisiyanın, fermer gəlirlərinin və bazara çıxış imkanlarının artmasına real töhfə verəcək. Əks halda qanun nə qədər mükəmməl olursa olsun, ondan gözlənilən iqtisadi nəticələrin əldə olunması çox çətin olacaq”, -deyə E. Əmirov əlavə edib.
Könül