Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir”.
“Xalq Cəbhəsi” xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin birbaşa tapşırıq və göstərişləri əsasında həyata keçirilən “Böyük Qayıdış” proqramı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir:
“Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, sakinlərin doğma yurdlarına qayıdışı dövlət başçısının yüksək siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində mümkün olub. Prezident İlham Əliyevin bölgəyə mütəmadi səfərləri, yeni layihələrin təməlini qoyması, görülən işlərlə yerində tanış olması və sakinlərlə görüşləri bərpa prosesinin mühüm tərkib hissəsidir.
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri dünyada post-münaqişə dövründə həyata keçirilən ən böyük layihələrdən biridir.
Bu gün regionda sülhün, sabitliyin və rifahın təmin olunması əsas siyasi prioritetdir. Sülh təşəbbüsünün müəllifi və əsas tərəfi Azərbaycandır. Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar və formalaşan de-fakto sülh yeni reallıqlar yaradıb”.
Pərvanə Vəliyeva bildirib ki, Ermənistanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməsi və mövzunun bağlanması ilə bağlı mövqeyi bölgədə yeni mərhələnin başladığını göstərir:
“Bəzi xarici dairələr və erməni lobbisinin təsiri altında olan qüvvələr regionda yaranmış reallıqları qəbul etmək istəmir, köhnə münaqişə ritorikasını davam etdirməyə çalışırlar. Bu cür yanaşmalar bölgədə sülh və sabitliyə xidmət etmir. Azərbaycan isə yeni reallıqlar əsasında Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühiti yaratmaq istiqamətində fəaliyyətini davam etdirir”.
Günel Elxan