Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyev “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti və Maliyyə Nazirliyi Sistemin yaradılması, aparılması və inkişaf etdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) isə Sistemi “Hökumət buludu”nda yerləşdirəcək, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və fərdi məlumatların dövlət reyestrinə daxil edilməsini təmin edəcək.
RİNN, məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları ilə birlikdə, üç ay ərzində məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təşkil edəcək və bununla bağlı dövlət başçısına hesabat təqdim edəcək.
Gununsesi.info bildirir ki, iqtisadçı Eldəniz Əmirov məsələyə belə münasibət bildirib:
“Kənar maneələr və təzyiqlər olmazsa, bu sənəd, daha doğrusu bu informasiya sistemi dövlət maliyyə idarəçiliyinin arxitekturasının dəyişə bilər.
O ki, qaldı bu sistemin əsas məqamlarına. Qısa desəm, dövlət büdcəsi, dövlət borcu, xəzinədarlıq, investisiya layihələri, inzibati cərimələr, rüsumlar, dövlət müəssisələri, mühasibat uçotu və bu sistemlə əlaqəli nə varsa, hamısı vahid rəqəmsal platformada toplanır.
Sistemdə məlumatlar real vaxt rejimində izlənilir, təhlil edilir və proqnozlaşdırılır. Büdcə xərcləri üzrə nəzarət mexanizmi güclənir, “sonradan yoxlama” əvəzinə “icra zamanı monitorinq” yanaşması tətbiq olunur”.
İqtisadçı əlavə edib ki, güzəştlərin, azadolmaların, subsidiyaların büdcəyə real təsiri ölçülə bilən olur:
“Dövlət müəssisələri üzrə maliyyə intizamı və şəffaflıq sistemli şəkildə artırılır.
Həmçinin, elektron müqavilə, elektron mühasibat, elektron rüsum və mədaxil mexanizmləri kölgəni daraldır, hesabatlılığı genişləndirir.
Məsələnin ən vacib tərəfi isə budur ki, bu əsasnamə maliyyə dayanıqlığı, şəffaflıq, hesabatlılıq və dövlət vəsaitinə nəzarət baxımından uzun müddətdir danışılan, amma bəzi hissələri parçalı şəkildə tətbiq edilən yanaşmaları vahid sistemə birləşdirir.
Əlqərəz, kənar müdaxilələrsiz və texniki-institusional baxımdan düzgün icra edilərsə, bu sistem dövlət maliyyəsinin idarə olunmasında qaydaları dəyişə bilər (kosmetik yox, köklü) . Hansı ki, indiki mərhələdə ölkə üçün məhz belə bir dönüş nöqtəsinə ehtiyac var”.
Şəbnəm