Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
"Trampın hər kəsə yuxarıdan aşağı baxmaq siyasəti sürətlə ABŞ-ın hegemoniyasına zərbə vurur, ona olan etimadı sarsıdır, iqtisadi, ticari və hərbi yöndə əməkdaşlığa böyük zərbə vurur. Ona görə Avropa Çinlə yaxınlaşmaqla ABŞ-a alternativlərin olduğu gerçəkliyini göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-la münasibətlərin soyuması fonunda Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Çinlə əlaqələri genişləndirmək siyasətini şərh edərkən deyib.
Ekspert qeyd edir ki, Avroatlantik məkanda ənənəvi siyasət dəyişir və bunu edən də ABŞ prezidenti Donald Trampdır:
"O, bir tərəfdən Avropa İttifaqı ölkələrini qorumayacağını bəyan edir, digər tərəfdən də tədricən NATO-dan məsafə saxlayır. Başqa bir tərəfdən, Avropanın tərkib hissəsi sayılan əraziləri ilhaq etmək iddiasını ortaya qoyur. Bu isə Avropa ilə münasibətləri gərginləşdirməklə, eyni zamanda, "müttəfiqləri" bir-birindən uzaqlaşdırır. Tramp ticarətdə tarif siyasətindən istifadə etmək məsələsində də müttəfiq saydığı ölkələrlə düşmən saydığı ölkələr arasında heç bir fərq qoymur".
Müsahibimiz bildirir ki, Çinlə yaxınlaşma kursunun götürülməsi Aİ və Londonun ABŞ-a alternativlərin olduğunu nümayiş etdirməsinin göstəricisidir:
"Yəni demək istəyirlər ki, ABŞ heç də əvəzolunmaz tərəfdaş deyil. Hər kəs əvəz oluna bilər. Nəticədə Avropa dövlətləri Trampın tutduğu yolun yanlış olduğunu açıq şəkildə ortaya qoyurlar. Çin qlobal səviyyədə ən böyük ticarət mərkəzi olmaqla AB-nin marağını ifadə edən böyük bazardır. Aİ Ukrayna-Rusiya müharibəsi kontekstində itirdiklərini məhz Çin vasitəsilə kompensasiya etmək istəyir. Habelə, Çinlə hərbi qarşıdurmadansa, onunla əməkdaşlıq daha münasibdir".
Buna baxmayaraq, politoloq hesab etmir ki, Aİ və London birmənalı olaraq ABŞ-ı Çinlə əvəzləyəcək:
"Aİ-nin təhlükəsiz və böyük maliyyə gücünə sahib olmasının əsas səbəbkarı məhz ABŞ-dır. Məhz Vaşinqtonun sayəsində Avropa dünyanın qlobal güc mərkəzlərindən biri olub. Hazırda Çinlə yaxınlaşmaq bir taktiki gedişdir və qısamüddətli zamanda Aİ-nin maraqlarına cavab verir".
Qeyd edək ki, Çin lideri Si Szinpinin bu ilin yazında Böyük Britaniyaya səfəri gözlənilir. Bu, Çin liderinin 2015-ci ildən bəri Londona ilk səfəri olacaq. Britaniya rəsmiləri hesab edir ki, iqlim dəyişikliyi, ticarət və qlobal təhlükəsizlik kimi məsələlərdə Pekinlə dialoq vacibdir.
Si Szinpinin Londona səfəri Donald Trampın Çinə qarşı kəskin addımlar atması və Avropa ilə münasibətlərin soyuması fonunda baş tutur.
Rüfət Sultan