Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb və sentyabrın ilk günlərindən Bakıda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. Xüsusilə səhər və axşam saatlarında məktəbə gedən şagirdlər, valideyn avtomobilləri və ictimai nəqliyyatın hərəkəti yollardakı yükü artırır. Tıxacların qarşısının alınması üçün məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyatın düzgün təşkili və alternativ həllərin tətbiqi vacib məsələyə çevrilir.
Yeni tədris ilinin başlanması ilə Bakıda nəqliyyat sıxlığının artmasının qarşısının alınması istiqamətində hansı tədbirlərin həyata keçirilməsi zəruridir? Paytaxtda məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkətinin daha səmərəli təşkili üçün hansı mexanizmlər tətbiq oluna bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, məktəblərin ətrafında yaranan tıxaclar hər il aktuallığını qoruyan problemdir.
Onun sözlərinə görə, son 20 ilə yaxındır ki, Bakıda məktəblərin ətrafında oxşar mənzərə müşahidə olunur və vəziyyət getdikcə daha da ağırlaşır: “Əvvəllər tıxaclar bir qədər yumşaq və dözülən xarakter daşıyırdı. İndi isə daha ciddi və daha sıx tıxaclarla qarşılaşırıq. Təəssüf ki, bunun səbəbləri də əsasən dəyişməyib. Şəhər məktəblərinin ətrafında belə vəziyyətin yaranmasının əsas səbəblərindən biri, nə qədər qəribə səslənsə də, məskunlaşma və şəhərsalma norma və qaydalarının pozulmasıdır. Məsələn, diqqət etsəniz, görərsiniz ki, Bakıda bəzi məktəblərə şəhər ətrafı ərazilərdən kütləvi şəkildə şagird gətirilir. Ən böyük tıxaclar da məhz həmin məktəblərin ətrafında yaranır. Məsələn, 20 Yanvar istiqamətində belə məktəblər var”.
Ekspert qeyd edib ki, digər tərəfdən, bəzi məktəblərin xüsusi statusu və ya daha yüksək prestiji olduğuna dair təsəvvür formalaşıb. Valideynlər övladlarını məhz həmin məktəblərə aparmağa üstünlük verirlər: “Bunun səbəblərindən biri də şəhər ətrafında yüz minlərlə insanın məskunlaşmasına baxmayaraq, həmin ərazilərdə sakinlərin, xüsusilə də uşaqların tələbatını ödəyəcək qədər məktəbin olmamasıdır. Eyni zamanda, bəzi məktəblərdə tədris prosesinin təşkili ilə bağlı problemlər valideynlərin övladlarını başqa məktəblərə aparmasına səbəb olur. Nəticədə insanlar uzun məsafələr qət edir, şəhərin giriş-çıxış yolları, eləcə də məktəblərin yerləşdiyi ərazilər, küçə və prospektlər əlavə yüklənir. Bu, əslində, məskunlaşma ilə bağlı problemdir. Eyni zamanda, təhsilin təşkili ilə də əlaqəlidir.
Dünyada belə bir yanaşma var ki, ümumi təhsil müəssisələri, xüsusilə böyük şəhərlərdə, insanların piyada məsafəsində yerləşməlidir. Yəni hər bir şagirdin yaxınlığında məktəb olmalıdır ki, onun ictimai nəqliyyatdan və ya ümumiyyətlə, nəqliyyatdan istifadə etməsinə ehtiyac qalmasın. Bu prinsip təmin olunarsa, məktəblərə gediş-gəlişlə bağlı nəqliyyat yükünü də əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”.
Ə.Hüseynov əlavə edib ki, ikinci məsələ ictimai nəqliyyatın vəziyyətidir. Müəyyən istiqamətlərdə ictimai nəqliyyat kifayət qədər inkişaf etməyib. Əsas problemlərdən biri də avtobusların dəqiq qrafik üzrə işləməməsidir. Bu da ayrıca ciddi problemdir: “Bakı metropolitenində xətlərin ayrılması zərurəti qaçılmaz idi və bu addım mütləq atılmalı idi. Lakin xətlərin ayrılması ilə əlaqədar “Nizami” və “28 May” stansiyaları arasındakı hərəkətin dayandırılması da müəyyən çətinliklər yaradacaq. İctimai nəqliyyatı daha da inkişaf etdirmək və onun fəaliyyətini ideala yaxınlaşdırmaqla məktəblərin ətrafında yaranan tıxacların qarşısını müəyyən qədər almaq mümkündür. Ümumiyyətlə, məktəblərin ətrafında yaranan tıxaclar ayrıca bir tıxac növü deyil. Bunlar şəhərdəki ümumi nəqliyyat sıxlığının fraqmentləri, tərkib hissələridir. Ona görə də tıxac probleminin həlli, nəqliyyat və mobilliyin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər məktəblərə gediş-gəlişi də yaxşılaşdıracaq və məktəblərin ətrafındakı sıxlığı azaldacaq. Burada ictimai nəqliyyatın inkişafı həlledici məqamlardan biridir.
Digər məsələ insanların yanaşması ilə bağlıdır. Xüsusilə Bilik Günündə belə hallar daha çox müşahidə olunur. Hər kəs övladını məktəbə bir qədər təntənəli şəkildə aparmağa çalışır. Bu, xüsusilə aşağı sinif şagirdləri arasında geniş yayılıb. Bəzən universitetlərdə də birinci kurs tələbələrinin təntənəli şəkildə gətirilməsi ilə bağlı oxşar hallar müşahidə olunur. Lakin Bilik Günündə bu daha çox nəzərə çarpır. Sonrakı günlərdə isə həmin intensivlik müəyyən qədər azalır”.
Nəqliyyat eksperti onu da deyib ki, aşağı sinif şagirdlərinin məktəbə fərdi avtomobillərlə gətirilməsi hallarının çox olması da əlavə yük yaradır. Bu istiqamətdə təşkilati tədbirlər görülməlidir: “İnsanların yanaşması dəyişməlidir. Məsələn, valideynlər övladlarını evdən təntənəli şəkildə yola salmaq əvəzinə məktəbə daha sadə formada, ən uzağı bir nəfərin müşayiəti ilə göndərə və ya mümkün olduğu halda ictimai nəqliyyatdan istifadə edə bilərlər. Məktəblərin ətrafındakı küçə və prospektlərdə yol infrastrukturundan qaynaqlanan problemlər də tıxacların yaranmasına səbəb olur. Məsələn, valideynlər avtomobillərini yolun hərəkət hissəsində saxlayır, yaxud qısa müddətə dayanırlar. Lakin eyni anda çoxlu sayda avtomobilin qısa müddətə belə dayanması həmin ərazidə hərəkəti iflic edə bilər. Nəticədə həmin küçə və ya prospekt tıxanır, tıxac isə paralel və kəsişən küçələrə də yayılır. Beləliklə, az qala bütün ərazidə nəqliyyat problemi yaranır. Buna görə də məktəblərin ətrafındakı ərazilər xüsusi nəzarətə götürülməlidir. Dayanma və durma qaydalarını pozan sürücülərin qarşısı alınmalı, hərəkətə mane olan hallara yol verilməməlidir.
Eyni zamanda, həm dövlət yol qurumları, həm də yerli nəqliyyat strukturları hərəkətin təşkili və idarə olunması sahəsində daha səmərəli həllər tətbiq etməlidirlər. Bu tədbirlər vəziyyətin müəyyən qədər yaxşılaşmasına imkan verə bilər”.
Ə.Hüseynov vurğulayıb ki, problemin həlli üçün bir neçə istiqamətdə kompleks tədbirlərə ehtiyac var: “Buraya şəhərsalma və məskunlaşma normalarına riayət olunması, təhsilin təşkili, məktəblərin düzgün planlaşdırılması, məktəblərdə pedaqoji proseslərin keyfiyyətinin yüksəldilməsi, valideynlərin yanaşmasının dəyişdirilməsi, əraziyə gediş-gəlişin düzgün təşkili, ictimai nəqliyyatın inkişaf etdirilməsi, həmçinin məktəblərin ətrafındakı küçə və prospektlərdə hərəkətin düzgün təşkil və tənzimlənməsi daxildir. Bu istiqamətlər üzrə tədbirlər kompleks şəkildə həyata keçirilərsə, düşünürəm ki, vəziyyəti nisbətən yaxşılaşdırmaq və məktəblərin ətrafındakı nəqliyyat sıxlığını daha dözümlü səviyyəyə endirmək mümkündür”.
Oğuz Ayvaz
“AzPolitika.info”