Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Son illərdə əmək bazarında maraqlı tendensiya müşahidə olunur. Müasir gənclər 4 illik ali təhsildən çox, qısamüddətli bacarıqlara - kurslara, frilans işlərə, xüsusilə də İT sahəsinə üstünlük verirlər. Hətta müasir işəgötürənlər üçün diplom artıq ikinci plana keçir.
Maraqlıdır ki, bu vəziyyət ənənəvi əmək bazarının inkişafına necə təsir edir? Bu tendensiya ali məktəbləri öz tədris proqramlarını yeniləməyə məcbur edə bilərmi?
Təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Ekspert bildirib ki, bu günün əmək bazarı ali təhsil müəssisələrinin məzunlarını tam mənada işlə təmin edə bilmir:
"Əmək bazarı məhduddur. Digər tərəfdən, ali təhsil müəssisələrində bakalavriat səviyyəsindən sonra təhsilini davam etdirmək istəyənlərin sayı çox azdır. Bu, bir tərəfdən magistratura səviyyəsi üçün keçirilən imtahan şərtlərinin ağır olması ilə bağlıdır. Orada 50 məntiq, 25 informatika və 20 xarici dil sualı qoyulub. Bu da bakalavrlar üçün problem yaradır. Ona görə də bu sahədə ürəkaçan mənzərə yoxdur".
Təhsil eksperti Məzahir Məmmədli
M.Məmmədlinin sözlərinə görə, hazırda əmək bazarının tələbini ən çox peşə təhsili mərkəzləri ödəyir.
"Qısamüddətli kurslarla məzunlar özlərini əmək bazarında işlə təmin edə bilirlər. Bu gün kollec və ali təhsil müəssisəsi məzunları əmək bazarının şərtlərinə və tələblərinə cavab verə bilmir. Ona görə də müasir işəgötürənlər üçün diplomdan çox peşə bacarığı əsas götürülür", - deyə müsahibimiz qeyd edib.
Gülşən Şərif