Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lənkəran şəhər 9 saylı tam orta məktəbin bütün məzunları tələbə adı qazanıb
2 ildir ki, ölkəmizdə tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli həyata keçirilir. Tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin maraq və qabiliyyətlərinə uyğun istiqamətləndirilməsi, ali təhsilə hazırlığın məktəb mühitində aparılması baxımından yeni pilot layihə mühüm əhəmiyyət kəsb edir. Layihənin ilkin tətbiq olunduğu təhsil ocaqlarından biri də Lənkəran şəhərindəki Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbidir.
Yeni tipli məktəbin ilk məzunlarının nəticələri sevinc, qürur doğurur. Bu il təhsil ocağını bitirmiş 131 məzun 100 faiz nəticə göstərərək çox böyük uğura imza atıb. Məzunlardan 125 nəfəri ali məktəblərə, 5-i kolleclərə, biri subbakalavr ixtisas dərəcəsini verən yüksək texniki peşə təhsili məktəbinə qəbul olunub. Məktəbdə 6 sinif maksimum nəticə göstərib və məzunların hər biri tələbə adını qazanıb. Bu rekord nəticə regionda fərəhli, qürurverici hadisə olmaqla yanaşı, təhsilalanların əzmi, müəllimlərin fədakarlığı və məktəb kollektivinin məqsədyönlü fəaliyyətinin parlaq nümunəsidir.
Məktəbin direktoru, biologiya üzrə fəlsəfə doktoru Sevər Ağayeva yeni layihə barədə XQ-yə bildirdi:
– Son illər orta təhsildə yeni mərhələnin əsası qoyulub. Bu, yuxarı sinif şagirdlərinin əlavə hazırlıq kurslarına, repetitorlara ehtiyac duymadan ali təhsil müəssisələrinə hazırlaşmasını təmin edən təmayülləşmənin yeni modelidir. Məqsəd şagirdlərin ali təhsilə hazırlığını oxuduqları məktəbdə təmin etmək, repetitor asılılığını azaltmaq və məktəbin aparıcı rolunu daha da gücləndirməkdən ibarətdir.
Məktəbə əsasən IX sinfin buraxılış imtahanlarında yüksək nəticə qazanmış şagirdlər qəbul edilir və seçdikləri təmayüllər üzrə qruplaşdırılır. Tədris planı onların ixtisas seçiminə uyğun qurulur. Yeni layihənin tətbiqi müəllimə hər bir şagirdlə fərdi işləmək, inkişafını yaxından izləmək və öyrənmə prosesini daha səmərəli təşkil etmək imkanı verir. Eyni zamanda şagirdlərin bir-biri ilə fikir mübadiləsi aparması və komanda şəklində işləməsi üçün də şərait yaradılır.
Buraxılış və ali məktəblərə qəbul imtahanlarının fənnləri tam proqram və artırılmış dərs saatları üzrə tədris olunur. Tətbiq olunan əsas yeniliklərdən biri ondan ibarətdir ki, şagirdlər yalnız X-XI sinfin proqramını öyrənməklə kifayətlənmirlər. Şagird seçdiyi fənnləri sistemli şəkildə aşağı siniflərdən təkrarlayaraq öyrənir. Nəticədə əvvəlki illərdə yaranmış boşluqlar aradan qaldırılır və bütün proqram mənimsənilir.
Layihəyə əsasən ali təhsil müəssisələrinə hazırlıq prosesinin birbaşa məktəbdə aparıldığını söyləyən məktəb rəhbəri qeyd etdi ki, qəbul proqramına uyğun qurulmuş tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərə zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməyə imkan yaradır:
– Şagirdlər gün ərzində seçdiyi ixtisas üzrə ona lazım olan fənnləri mükəmməl öyrənirlər, əlavə hazırlıq kurslarına və ya repetitor yanına getməyə ehtiyac qalmır. Layihənin ən mühüm üstünlüklərindən biri də valideynlərin maliyyə yükünün azalmasıdır.
Gücləndirilmiş tədris, peşəkar müəllim heyəti, mütəmadi keçirilən sınaq imtahanları və monitorinqlər uğurlarımızın əsasını təşkil edir. Layihə çərçivəsində tədris prosesi daha səmərəli planlaşdırılır, müəllimlərin peşəkar inkişafı dəstəklənir, qiymətləndirmə mexanizmləri təkmilləşdirilir və şagirdyönümlü yanaşmalara, motivasiyaedici görüşlərə üstünlük verilir. İmtahan öncəsi şagirdlərlə səmərəli hazırlıq qaydaları, vaxtın düzgün idarə olunması, psixoloji hazırlıq və uğura aparan əsas amillər barədə söhbətlər aparılır. Təhsilalanlara bildirilir ki, davamlı zəhmət, məqsədyönlü çalışma və özünəinam uğurun əsas açarlarıdır.
Şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün hər ay sınaq imtahanları, məktəbdaxili qiymətləndirmələr keçirilir. İmtahanlarda şəffaflıq və obyektivlik təmin olunur, şagirdlərin bilik və bacarıqları yoxlanılır, onların imtahan mühitinə uyğunlaşdırılması müəyyən edilir. Sonra nəticələr təhlil olunur, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Bu cür sınaqlar şagirdlərə real imtahan şəraitini hiss etməyə, vaxtdan səmərəli istifadə bacarıqlarını inkişaf etdirməyə və məsuliyyət hissini artırmağa imkan yaradır.
Məktəb rəhbərliyi şagirdlərlə işin daha da gücləndirilməsi, onların bilik və bacarıqlarının artırılması və imtahanlara hazırlığın sistemli şəkildə təşkil olunması istiqamətində ardıcıl, davamlı iş aparır. Yeni layihənin ilk tətbiq olunduğu məktəblərdən biri olmaq, düzgün istiqamət, peşəkar müəllim heyəti, şagirdlərin əzmi və məqsədyönlü fəaliyyəti nəticəsində qarşıya qoyulan məqsədləri reallaşdırmaq və ilk məzunların yüksək nəticələrini görmək bizi çox sevindirir.
Nəhayət, gözlədiyimiz gün gəldi və 2 il ərzində qarşıya qoyduğumuz məqsədlər, gördüyümüz işlər və çəkdiyimiz zəhmət bəhrəsini verdi. Kollektivimiz möhtəşəm nəticə ilə fəxr edir, qürur hissi keçirir.
Məktəb direktorunun məlumatından göründüyü kimi, yeni təmayül tədris modeli əsasında təhsil alan şagirdlərin buraxılış və blok imtahanlarındakı nəticələri rayon üzrə ümumi orta balı üstələyir. Məktəbin 131 şagirdi arasında buraxılış imtahanlarında orta göstərici 181,3, blok imtahanlarında orta göstərici 203,4, ümumi orta bal isə 384,6 bal təşkil edib. Buraxılış imtahanında 45 nəfər 200 və yuxarı, 7 nəfər isə 250 və yuxarı bal toplayıb. Ən yüksək nəticə 282 bal olub. Blok imtahanlarında isə 22 nəfər 500-dən yuxarı, 3 nəfər 600-dən yuxarı nəticə göstərib.
Məktəbin 3 məzunu – Leyla Ağazadə 656 bal toplayaraq ADA Universitetinin, Firuzə Həsənova 663 balla Bakı Dövlət Universitetinin hüquq fakültələrinə, Günel Hüseynova 612 balla Qarabağ Universitetinə kimya mühəndisliyi ixtisası üzrə qəbul olunub. Məktəbin 10 məzunu yüksək akademik göstəricilərinə, nümunəvi davranışlarına görə fərqlənmə attestatına layiq görülüb. Əlbəttə, bu, sadə nəticə deyil, 2 il ərzində birlikdə görülən işin və əsl komanda əməyinin nəticəsidir.
Cənub bölgəsində yeni təmayül tədris modelinin əhatə dairəsi genişlənməkdədir. Yeni tədris ilində Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarının 10 tam orta ümumtəhsil məktəbində yeni tədris modeli tətbiq olunacaq.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri