Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Millimiz “FIFA Series-2026” turniri çərçivəsində cırtdan Sent Lüsiya ilə qarşılaşmada ən böyükhesablı qələbəsini qazandı (6:1)…
İkinci oyunda Afrikanın ortabablarından olan Syerra Leone ilə əsas vaxtda 1:1 hesabıyla bitən oyunu dramatik penaltilər seriyasında udub turnirin qalibi oldu – kubok götürdü…
Millinin baş məşqçisi Ayxan Abbasov mükafatlandırmaya övladı ilə qatılmışdı…
Millinin oyunçuları sanki böyük bir turnirin qalibi olubmuş kimi sevinirdi…
Futbolçular mətbuata açıqlamalarında o qədər sevincli görünürdülər ki…
***
Bütün bunlar ironik və ikonik detallarıyla fərqli hisslər yaradırdı.
Açığı, bəzən sentimental olmamaq mümkün deyildi.
Bəli, reallıq hissi hakimlik etsə, olanları qəribə qarşılamaq, təsvir etmək olar. Lakin bütün tərkibi ilə bu mənzərələr futbolumuzun tarixi səbəb-nəticə əlaqələrinin bariz mənzərəsi idi.
Bizə isə rasional olmaq, peşəkar yanaşma gərəkdir.
***
Peşəkarlıq mühitinin formalaşdırılmasına hələ çox var, lakin bir rasional detalı qeyd etmək olar. AFFA-nın baş katibi Cahangir Fərəcullayev “CBC Sport”a flaş açıqlamasında belə bir cümlə işlətdi: “Bu yeni yolun başlanğıcıdır”.
Tipik rasional yanaşmadır. Reallıq hissinə söykənmiş, mövcud vəziyyəti ironiyadan xilas edib gələcək barədə ümidverici iddia etmək.
Bəli, bugünkü nəticə ilə öyünəsi bir şey yoxdur. Lakin simvolik yanaşma sərgiləyib, bu kiçik müsbət məqama uğurlu gələcəyin başlanğıcı mahiyyətində yanaşmaq olar.
Bir şərtlə, iddianın məsuliyyəti dərk edilə və bunun üçün ümidverici zəmin ola/yaradıla.
Varmı?
Görürükmü?
İctimaiyyətin əksəri bu suallara müsbət, pozitiv reaksiya verməz.
Ehtimal ki, bunu AFFA da bilir, baş katibə də əyandır.
3 gün sonra assosiasiyanın hesabat konfransı olacaq. İnkişafa ümid verəcək, yeni yolun başlanğıcı şüarına lobbi yaradacaq arqumentlərin olub-olmayacağı həmin konfransda əyani bilinəcək.
Ötən bir ildə hansı addımlar atılıb və qarşıda hansı planlar/prioritetlər müəyyənləşdirilib? Məhz bu suala cavab həmin konfransda böyük ölçüdə məlum olacaq.
Yeni yolun başlanğıcıdırmı…
Elçin cəlilov