Yenilənən “Qarabağ”, inam verən “Sabah”

10.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda sabah “Orhus”la (Danimarka) qarşılaşacaq. “Bank Respublika Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Azərbaycan millisinin sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Vaqif Sadıqov “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Sabah”a inanırıq. İlk oyun göstərdi ki, təmsilçimiz rəqibdən heç də zəif deyil və onları məğlub etmək gücündədir. Bu görüş komandaya daha inam verdi. Düşünürəm ki, azarkeşləri önündə də layiqli futbol göstərə biləcəklər. Onları yeni tarix yazmağa – Çempionlar Liqasında pley-offa yüksəlməyə yaxın görürəm”.

Sadıqov “Orhus”un II təsnifatda səfərdə “Lex”ə (Polşa) 4 qol vurmasının “bayquşlar” üçün diqqət edilməli məqam olduğunu vurğuladı:

“Çempionlar Liqasında mərhələ keçdikcə rəqiblərin də gücü artır. “Orhus” bir tur əvvəl Polşada 4 qol vurdu. Komandanın sürətli oyunçuları var və əks-hücuma çox yaxşı çıxırlar. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas da bunu bilir və məncə, buna qarşı bir planı olacaq. “Orhus”a çox diqqət etmək lazımdır. “Sabah” ilk oyunda gücünü göstərdi, bəli, ancaq yenə də rəqibi hesabdan silmək olmaz. Komandamız hesabda geridədir və azarkeşləri önündə oynayacaq. Bu, həm motivasiya, həm də təzyiq deməkdir. Düşünürəm ki, “Sabah” bunun öhdəsindən gələ biləcək”.

Mütəxəssis Konfrans Liqasında avqustun 13-də Kiyev “Dinamo”su ilə qarşılaşacaq “Qarabağ” haqqında da danışdı. O, “atlılar”ın ilk oyunda (0:1) məğlubiyyəti və növbəti mərhələ şansları ilə bağlı bunları söylədi:

“Qarabağ” yenilənir. Hər komanda 4-5 ildən bir belə perioddan keçir. Vacib məqam odur ki, Qurban Qurbanov sistemi qoruyub və ona uyğun keyfiyyətli futbolçular transfer edib. Sadəcə zamana ehtiyac var ki, onlar da uyğunlaşsın. Qarşıda adı üstündə “Dinamo” var. İlk oyundakı məğlubiyyət hələ nəyinsə bitdiyini göstərmir. “Qarabağ” azarkeşlərinin də önündə qələbə qazanmağa yaxındır. Qurbanov dəfələrlə belə çətin situasiyalardan komandanı çıxarmağı bacarıb”.

Şahin Cəfərov  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью