Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər Azərbaycanda 16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi məsələsi geniş müzakirə olunur.
Yeniavaz.com xəbər verir ki, Milli Məclisdə bu mövzu ilə bağlı bir sıra təkliflər irəli sürülüb.
Təkliflər uşaqların psixoloji təhlükəsizliyinin qorunması, rəqəmsal asılılığın azaldılması və azyaşlıların zərərli kontentə çıxışının qarşısının alınmasını nəzərdə tutur.
Qeyd edək ki, bu sahədə dünyada ilk ciddi addımı Avstraliya atıb. Belə ki, ölkədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab yaratması qanunla qadağan edilib. Fransada 15 yaşdan aşağı uşaqlar üçün sosial mediadan istifadənin məhdudlaşdırılması gözlənilir. Bir sıra digər ölkələrdə isə azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yalnız valideyn razılığı əsasında icazə verilir.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Aynur İsgəndərova bildirib ki, 16 yaşına qədər sosial şəbəkələrin qadağan edilməsi bir sıra müsbət nəticələr verə bilər:
“Sosial şəbəkələrə nə qədər valideyn nəzarət etmək istəsə də, özümüz də görürük ki, yeniyetmələrin telefonlarına nəzarət etmək, onları daim diqqətdə saxlamaq və sosial şəbəkələrdən istifadənin qarşısını almaq valideynlərin əksəriyyəti üçün çətindir. Bəzən valideynlər bu sahədə kifayət qədər məlumatlı olmurlar. Bu da yeniyetmələrin hələ tam olaraq özünü dərk etmədiyi, şəxsiyyət axtarışında olduğu bir dövrə təsadüf edir. Məhz bu mərhələdə onların səhv etmə ehtimalı daha yüksək olur və sosial şəbəkələr yanlış davranışlara yol vermək üçün münbit şərait yaradır”.
Psixoloqun sözlərinə görə, yeniyetməlik dövrü insanın özünü dərk etmədiyi, şəxsiyyət axtarışında olduğu həssas mərhələdir və bu dövrdə səhv davranış ehtimalı daha yüksək olur:
“Yeniyetmələr sosial şəbəkələrdə gördükləri obrazlarla özlərini müqayisə edir, onlara oxşamağa və ya həmin davranışları təkrarlamağa çalışırlar. Bu isə yanlış istiqamətə yönəlmələrinə səbəb ola bilər”.
A.İsgəndərova qeyd edib ki, sosial şəbəkələrə qoyulan məhdudiyyətlər texnologiyadan tam imtina kimi başa düşülməməlidir:
“Yaşadığımız dövr texnologiyanın, xüsusilə süni intellektin sürətlə inkişaf etdiyi bir mərhələdir. Yeniyetmələri texnologiyadan təcrid etmək yox, əksinə, onları düzgün şəkildə bu sahəyə cəlb etmək, maarifləndirmək lazımdır. Zərurət olduqda süni intellekt proqramlarının öyrədilməsi və düzgün istifadə qaydalarının izah edilməsi çox vacibdir”.
Fəridə Əsədzadə