Yeniyetməlikdə orqanizmdə nələr baş verir? SN dən vacib açıqlama

14.09.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Yeniyetməlik dövrü insan həyatında həm fiziki, həm də emosional baxımdan mühüm dəyişikliklərin baş verdiyi mərhələlərdən biridir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ailə Planlanması Məsləhətxanasının ginekoloqu Leyla Allahverdiyeva açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, yeniyetməlik dövründə hormonal sistem aktivləşir, cinsi yetkinlik prosesi başlayır və orqanizmin müxtəlif funksiyaları tədricən formalaşır.

O bildirib ki, bu mərhələdə reproduktiv sağlamlığın qorunması xüsusi əhəmiyyət daşıyır. Hormonal dəyişikliklər fiziki inkişafla yanaşı, emosional dalğalanmalar, özünəinam problemləri və sosial münasibətlərdə həssaslıqla da müşayiət oluna bilər.

“Yeniyetməlik dövründə boyun sürətlə uzanması, bədən quruluşunun dəyişməsi, dərinin yağlanması, sızanaqların yaranması və bədənin müxtəlif nahiyələrində tüklənmənin artması müşahidə olunur”, – deyə mütəxəssis qeyd edib.

Leyla Allahverdiyeva bildirib ki, qızlarda bu dövrdə menstruasiya başlayır, menstrual sikl formalaşır, süd vəziləri inkişaf edir və reproduktiv sistem tədricən yetkinləşir. Oğlanlarda isə testosteron hormonunun səviyyəsinin artması nəticəsində səs qalınlaşır, əzələ kütləsi artır, çiyinlər enlənir, cinsiyyət orqanları inkişaf edir və sperma istehsalı başlayır.

Mütəxəssis yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı ən çox rast gəlinən problemlərə də diqqət çəkib.

Onun sözlərinə görə, qızlarda menstrual dövrün nizamsızlığı, ağrılı menstruasiya və hormonal disbalanslar müşahidə oluna bilər. Menstruasiyanın ilk illərində siklin qeyri-müntəzəm olması bəzi hallarda normal inkişaf prosesinin tərkib hissəsi sayılsa da, davamlı şiddətli ağrı, həddindən artıq qanaxma və uzunmüddətli gecikmələr zamanı həkimə müraciət etmək vacibdir.

Oğlanlarda isə erkən və ya gec cinsi yetkinləşmə, hormonal problemlər, xayaların inkişafı ilə bağlı pozuntular, varikosel və iltihabi proseslərə rast gəlinə bilər.

Yeniyetmələrin sağlamlığının qiymətləndirilməsi zamanı həkim konsultasiyası, fiziki inkişafın müayinəsi, boy, çəki və bədən kütlə indeksinin müəyyənləşdirilməsi əsas mərhələlərdəndir. Zərurət yarandıqda hormonal analizlər, ümumi qan müayinəsi, digər laborator testlər və ultrasəs müayinəsi aparıla bilər.

Leyla Allahverdiyeva reproduktiv sağlamlığın qorunması üçün yeniyetmələrə balanslı qidalanma, kifayət qədər yuxu, müntəzəm fiziki aktivlik və şəxsi gigiyena qaydalarına riayət etməyi tövsiyə edib.

O həmçinin vurğulayıb ki, valideynlərin yeniyetmələrlə açıq və dəstəkləyici ünsiyyət qurması, onların etibarlı tibbi məlumat mənbələrinə yönləndirilməsi və hər hansı narahatlıq yarandıqda vaxtında həkimə müraciət etməsi mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью