Yeniyetməni səhv əməliyyat edən həkimin məhkəməsi başladı

26.01.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabunçu Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən S.S.-nin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başlayıb.

KONKRET.az bildirir ki, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibət göstərərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına, ehtiyatsızlıqdan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrin yaranmasına səbəb olub.

Belə ki, S.S. 8 aprel 2020-ci il tarixli əmək müqaviləsi və həmin tarixli əmrlə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində həkim vəzifəsinə təyin edilib. O, Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş “Həkim-terapevtin nümunəvi vəzifə təlimatı”na əsasən xəstələrə müasir diaqnostika və müalicə metodları ilə peşəkar tibbi yardım göstərməyə, düzgün diaqnoz qoymağa, zəruri müalicəni təyin və nəzarət etməyə, tibbi sənədləri vaxtında və keyfiyyətli rəsmiləşdirməyə, habelə ona həvalə olunmuş digər təşkilati və icraedici funksiyaları yerinə yetirməyə şəxsən məsul olub.

Lakin təqsirləndirilən şəxs öz xidməti məsuliyyətini lazımi qaydada dərk etməyərək bu tələblərə əməl etməyib. Belə ki, “Travmatologiya-ortopediya” ixtisası üzrə tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən müvafiq şəhadətnamədən keçmədiyi halda meniskektomiya cərrahiyyə əməliyyatını icra edib. O, Səhiyyə Nazirliyinin 70 saylı əmri ilə təsdiq edilmiş nümunəvi vəzifə təlimatının tələblərini pozaraq, 2020-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında MRT müayinəsindən keçmiş, nəticələri əks etdirən CD diski təqdim edən 2007-ci il təvəllüdlü zərərçəkmiş İ.İ-nin (adı, soyadı şərtidir) sağ diz oynağında menisk yırtığına dair hər hansı patologiya qeydə alınmadığı halda, ona “sağ diz oynağında medial meniskin III dərəcəli yırtığı” diaqnozu qoyub. Nəticədə tibbi göstəriş olmadan 12 avqust 2020-ci il tarixdə Zərdab Rayon Mərkəzi Xəstəxanasında zərərçəkmiş şəxs üzərində lüzumsuz meniskektomiya əməliyyatı icra olunub. Həmin əməliyyat nəticəsində İ.İ.-də müvazinətin əhəmiyyətli dərəcədə pozulması, davamlı ağrılar, ödem, deformasiya, diz və aşıq-baldır oynaqlarında hərəkətlərin ciddi məhdudlaşması, habelə ümumi əmək qabiliyyətinin 33 faizə qədər dayanıqlı itirilməsi ilə müşayiət olunan ağır fəsadlar yaranıb. Bu hal sağlamlığa az ağır zərər vurulması ilə nəticələnib.

Bundan əlavə, göstərilən qüsurlu tibbi xidmət zərərçəkmiş şəxsin sağlamlığının bərpası üçün uzunmüddətli və külli miqdarda maliyyə vəsaiti tələb edən müayinə və müalicə prosedurlarına müraciət etməsinə, gündəlik həyat tərzinin dəyişməsinə və aparılan çoxsaylı müalicə tədbirlərinə baxmayaraq sağlamlığının bərpa olunmamasına səbəb olub.

Məhkəmənin hazırlıq iclasında sədrlik edən hakim bildirib ki, ittihama əsasən cinayətin törədildiyi yer Zərdab rayonu olduğundan cinayət işinin aidiyyəti üzrə göndərilməsi məsələsi müzakirə olunmalıdır. Dövlət ittihamçısı işin məhkəmə baxışına təyin edilməsini təklif edib. Təqsirləndirilən şəxs cinayət işinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini deyib. Müdafiəçilər də aidiyyət məsələsini məhkəmənin mülahizəsinə buraxıblar.

Məhkəmə cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib və iş materiallarını araşdıraraq cinayət işinin baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Qeyd: S.S. hazırda “Gold Hospital”da həkim travmatoloq-ortoped vəzifəsində işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью