Yer kürəsində həyat heç vaxt yaranmasaydı, nə baş verərdi?

11.11.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yer kürəsində canlı orqanizmlər heç vaxt mövcud olmasaydı belə, planet milyardlarla il yaşaya bilərdi. Yeni araşdırma göstərib ki, həyatın olmadığı şəraitdə də Yer kürəsi maye suyu və indiki temperatura yaxın iqlimi qoruyub saxlaya bilərdi.

Moderator.az "ScienceAlert" portalına istinadən xəbər verir ki, Vaşinqton Universitetinin astrobioloqu Samanta Gilbert-Yanizekin rəhbərlik etdiyi tədqiqatçılar həyatın olmadığı Yer kürəsinin necə inkişaf edəcəyini kompüter modelləri vasitəsilə araşdırıblar.

Alimlər tədqiqat zamanı planetin nüvəsini, mantiyasını, qabığını, atmosferini və okeanlarını, eləcə də Günəş radiasiyasının təsirlərini nəzərə alıblar. Modelləşdirmə təxminən 4,5 milyard illik dövrü əhatə edib və 19 əsas parametr təhlil olunub.

Nəticələr göstərib ki, canlı orqanizmlər olmasa belə, Yer kürəsi uzun müddət maye suyu və nisbətən sabit temperaturu saxlaya bilərdi. Lakin fotosintezin olmaması səbəbindən atmosferdə oksigen demək olar ki, mövcud olmazdı.

Tədqiqatçılar hesab edirlər ki, planetin iqlim sabitliyində geoloji və kimyəvi proseslər mühüm rol oynayır. Xüsusilə karbonat-silikat dövranı, süxurların aşınması, vulkanik fəaliyyət və okeanlardakı kimyəvi reaksiyalar temperaturun tənzimlənməsinə kömək edə bilərdi.

Hesablamalara görə, bu təbii mexanizmlər Günəşin parlaqlığının son 4,5 milyard ildə təxminən 30 faiz artmasına baxmayaraq, planetdə iqlim tarazlığını qorumağa imkan verə bilərdi.

Alimlər vurğulayırlar ki, bu nəticələr həyatın iqlimə təsirini izah edən Qayya hipotezini təkzib etmir. Canlı orqanizmlər təbii iqlim tənzimlənməsini gücləndirə bilər. Bununla belə, araşdırmada istifadə edilən model bəzi geoloji və atmosfer proseslərini sadələşdirir.

Tədqiqatın nəticələri başqa planetlərdə həyat axtarışı baxımından da əhəmiyyətlidir. Belə ki, Yer kürəsinə bənzər iqlim və maye suyun mövcudluğu həmin planetdə mütləq həyatın olduğu anlamına gəlmir. Buna görə də alimlər yad planetlərdə həyatın müəyyənləşdirilməsi üçün yalnız atmosferin tərkibinə əsaslanmağın kifayət etmədiyini bildirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью