Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İnsanlığın kainatın ən gizli sirlərini açmaq üçün inşa etdiyi ən iddialı layihələrdən biri Çili səhrasında addım-addım gerçəyə çevrilir. Avropa Cənub Rəsədxanasının nəhəng mühəndislik möcüzəsi olan "Fövqəladə Böyük Teleskop" (ELT) tikintisində tarixi bir mərhələ geridə qaldı. İnşaat meydançasındakı mühəndislər bu nəhəng tikilini ilk dəfə öz oxu ətrafında tam fırlatmağı bacardılar. İlk baxışda sadə bir fırlanma hərəkəti kimi görünən bu sınaq, əslində insan zəkasının və mühəndisliyinin gəldiyi son nöqtəni nümayiş etdirir.
Teleskopun miqyasını və ağırlığını təsəvvür etmək üçün kiçik bir müqayisə kifayətdir: bu sınaq anında fırlanan konstruksiyanın çəkisi düz 3500 ton idi. Bu qədər nəhəng bir kütləni yerindən tərpətmək üçün mühəndislər əvvəlcə onu əlləri ilə cəmi bir neçə santimetr itələməli oldular. Yalnız bundan sonra köməkçi elektrik mühərrikləri işə düşdü və tam dövrəni uğurla tamamladı. Bu sınağın uğurla keçməsi alimlərə rahat nəfəs aldırdı. Çünki gələcəkdə kainatın ən uzaq künclərini araşdırarkən bu nəhəng sistem ən xırda titrəmə belə olmadan son dərəcə rəvan və milimetrik dəqiqliklə hərəkət etməlidir.
Tikinti tam başa çatdıqda isə bu nəhəng cihazın çəkisi 4600 tonu keçəcək, onun mərkəzində isə 39 metr diametrində heyrətamiz bir güzgü yer alacaq. Bu, bəşər tarixində yaradılmış ən böyük optik teleskop güzgüsü olacaq. Belə bir "nəhəng göz" sayəsində biz kosmosun dərinliklərindəki ulduzları, qalaktikaları və ən əsası, yaşayış üçün potensial yararlı olan ekzoplanetləri, yəni Günəş sistemindən kənarda yerləşən planetləri görünməmiş bir dəqiqliklə izləyə biləcəyik.
Alimlər bu layihəyə sadəcə bir cihaz kimi yox, zaman maşını kimi baxırlar. Çünki bu teleskop işə düşəndən sonra Böyük Partlayışdan dərhal sonra yaranmış ilk qalaktikaları görməyə, qaranlıq maddənin sirrini açmağa və bəlkə də kainatın harasındasa başqa bir həyatın izini tapmağa imkan verəcək. Hər uğurlu sınaq bizi ulduzlara bir addım da yaxınlaşdırır və bu nəhəng dəmir-beton konstruksiyanı addım-addım bəşəriyyətin ən güclü elmi alətinə çevirir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ