Yer kürəsinin məkanı sürükləmə effekti təsdiqləndi

16.07.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beynəlxalq tədqiqat qrupu Ümumi Nisbilik Nəzəriyyəsinin (ÜNN) ən qeyri-adi fərziyyələrindən birini bir daha və daha böyük dəqiqliklə təsdiqləyib: Yer kürəsi fırlanarkən həqiqətən də öz ətrafındakı fəza-zaman toxumasını özü ilə bərabər "sürükləyir". "LARES-2" peykinin köməyi ilə aparılan yeni ölçmələr əvvəlki təcrübələrlə müqayisədə təxminən 10 dəfə daha dəqiq nəticə verib və alternativ qravitasiya nəzəriyyələrinin manevr imkanlarını bir qədər də məhdudlaşdırıb.

Yüz ildən çox əvvəl Albert Eynşteyn sübut etmişdi ki, qravitasiya bizim öyrəşdiyimiz adi bir cazibə qüvvəsi deyil, nəhəng kütləli obyektlərin fəza-zamanı bükməsi (əyməsi) prosesidir. Bu nəzəriyyədən irəli gələn, lakin o qədər də göz qabağında olmayan digər bir hadisə isə inersial hesablama sistemlərinin sürüklənməsi və ya fizika elmində Lenze-Tirrinq effekti adlanan fenomendir. Bu effektə görə, fırlanan hər hansı bir kütlə fəza-zamanı təkcə əymir, həm də onu öz ətrafında yüngülcə "burur". Yer kürəsi miqyasında bu təsir həddindən artıq kiçik olduğundan, onu eksperimental olaraq yoxlamaq peyklərin orbitlərinin milimetrik dəqiqliklə ölçülməsini tələb edir.

Tzinxua Universitetinin (Çin) professoru İqnazio Çufolinin (Ignazio Ciufolini) rəhbərlik etdiyi beynəlxalq komanda məhz bu çətin tapşırığın öhdəsindən gəlib. Eksperimentin əsasını İtaliya Kosmik Agentliyi tərəfindən 2022-ci ildə kosmosa buraxılan "LARES-2" peyki təşkil edib. Yerdəki stansiyalar peykə lazer impulsları göndərir və onların geri qayıtma müddətini millimetr dəqiqliyi ilə ölçürlər ki, bu da aparatın orbitdəki trayektoriyasını tam nəzarətdə saxlamağa imkan verir.

Lakin yalnız yüksək ölçmə dəqiqliyi kifayət etmir. Peykin hərəkətinə Yerin qravitasiya sahəsinin qeyri-bərabərliyi, günəş radiasiyasının təzyiqi, həmçinin Ay və Günəşin yaratdığı qabarma-çəkilmələr kimi bir çox kənar amillər təsir göstərir. Nisbilik nəzəriyyəsinin yaratdığı zəif siqnalı bu "küyün" içindən təmiz çıxarmaq üçün alimlər "LARES-2"nin məlumatlarını daha köhnə "LAGEOS" peykinin və Yerin cazibə sahəsinin xəritəsini çıxaran "GRACE" missiyasının göstəriciləri ilə birləşdiriblər. Üstəlik, "LARES-2" peykinin orbiti elə hesablanıb ki, onun "LAGEOS" ilə birgə analizi zamanı əsas xəta mənbələrinin təsiri maksimum dərəcədə kompensasiya olunsun (sıfırlansın).

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью