Modern.az saytına istinadən Icma.az xəbər verir.
“2026 QQ8” adlı kiçik asteroid Yerin cazibə qüvvəsinin təsirinə düşərək planetimizin müvəqqəti peyki olub. Alimlərin proqnozuna görə, o, dekabr ayına qədər Yerin orbitində qalacaq, daha sonra isə Günəş ətrafındakı hərəkətini davam etdirəcək.
Modern.az xəbər verir ki, əvvəlcə alimlər obyektin kosmik tullantı – raket və ya peyk qırıntısı olduğunu ehtimal ediblər. Lakin sonrakı müşahidələr onun təbii mənşəli asteroid olduğunu təsdiqləyib.
Asteroidin diametri təxminən 1 metrdir. O, ilk dəfə avqustun 20-də macar astronom Kristian Şarneçki tərəfindən aşkarlanıb.
Müşahidələr nəticəsində məlum olub ki, asteroid 2026-cı ilin aprelində Yerin Hill sferasına daxil olaraq müvəqqəti peykə çevrilib. Bu, Yer kürəsinin cazibə qüvvəsinin Günəşin təsirinə baxmayaraq kosmik cisimləri öz təsirində saxlaya bildiyi bölgədir.
Asteroid əvvəllər də Yerə yaxınlaşıb. 1965-ci ildə baş verən yaxınlaşma zamanı o, planetimizin cazibə təsirinə düşəcək qədər yaxın olmayıb. Növbəti yaxınlaşmanın isə 2058-ci ildə baş verəcəyi gözlənilir.