Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şuşa, 18 noyabr, AZƏRTAC
Şuşa son üç ildə böyük inkişaf yolu keçib. Şəhərdə “Turizm paytaxtı” ili çərçivəsində qastronomiya festivalı, konsertlər və digər maraqlı tədbirlər təşkil olunub. Bu cür təşəbbüslər İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında turizm əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC- bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yerjan Mukaş deyib.
O bildirib ki, Şuşaya üçüncü dəfədir səfər edir. İlk dəfə 2023-cü ilin dekabrında, Qarabağın işğaldan azad edilməsindən sonra şəhərdə olduğunu xatırladan qonaq sonrakı üç ildə burada baş verən inkişafın onda böyük təəssürat yaratdığını vurğulayıb.
Yerjan Mukaş qeyd edib ki, Şuşanın “Turizm paytaxtı” elan olunması çərçivəsində qastronomiya festivalı, konsertlər və digər maraqlı tədbirlər təşkil edilib.
Səfəri zamanı sərgi ilə də tanış olduğunu deyən baş katibin müavini Azərbaycanın, eləcə də Qazaxıstan, Türkmənistan, İran, Özbəkistan və digər üzv ölkələrin təqdimatlarını izlədiyini bildirib.
"Bu cür tədbirlər bizim region üçün çox faydalıdır. Bilirsiniz ki, təşkilatımızın 10 üzv ölkəsi var. Bura bütün Mərkəzi Asiya ölkələri, Əfqanıstan, İran, Pakistan, Türkiyə və Azərbaycan daxildir. Bu, təşkilatımızın çox yaxşı təşəbbüslərindən biridir. Hər il bir şəhər “Turizm paytaxtı” olacaq", – deyə Yerjan Mukaş vurğulayıb.
O, əvvəlki il Türkiyənin Ərzurum şəhərinin, cari ildə Azərbaycanın Şuşa şəhərinin bu ada layiq görüldüyünü xatırladıb. Gələn il Pakistanın Lahor şəhərinin, 2030-cu ildə isə Qazaxıstanın Aktau şəhərinin “Turizm paytaxtı” olacağını diqqətə çatdırıb.
Baş katibin müavini turizmin xalqlar arasında qarşılıqlı tanışlıq və münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, turizmin inkişafı üçün əsas şərtlərdən biri ölkələrdə sabitliyin və qardaşlıq münasibətlərinin olması, digəri isə birbaşa aviareyslərin təşkilidir.
Yerjan Mukaş bu baxımdan Azərbaycanın AZAL aviaşirkətinin Qazaxıstanın Almatı, Astana və Şımkənd şəhərlərinə birbaşa uçuşlarının olmasını müsbət qiymətləndirib.
O, Bakıdan Şuşaya avtomobillə səfər etdiyini, Zəfər yolunun gözəlliyinin və simvolik adının onda xoş təəssürat yaratdığını da bildirib.
Yerjan Mukaş Şuşanın “Turizm paytaxtı” statusunun Pakistanın Lahor şəhərinə ötürülməsi münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına xoş arzularını bildirib.
Müxbir - Tahir Ağaməmmədov