Yerli məhsullar niyə idxaldan baha satılır? Açıqlama

27.08.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Yerli istehsalın artırılması ilə bağlı çağırışlar fonunda bazarda diqqət çəkən məqamlardan biri bəzi yerli məhsulların idxal analoqlarından daha baha satılmasıdır. İlk baxışda qiymət fərqinin əsas səbəbi istehsal xərcləri kimi görünsə də, məhsulun son qiymətinə logistika, saxlama, daşınma, vasitəçilərin sayı və bazardakı rəqabət səviyyəsi də ciddi təsir göstərir.
Yerli məhsulların bəzi hallarda idxal məhsullarından daha baha satılmasının əsas səbəbi nədir? İstehsal xərcləri ilə yanaşı, logistika, vasitəçi zənciri və bazardakı rəqabət səviyyəsi qiymət fərqinə nə dərəcədə təsir göstərir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Zahid Məmmədov bildirib ki, yerli məhsulların bəzi hallarda idxal məhsullarından baha satılmasının səbəbini yalnız istehsal xərcləri ilə izah etmək düzgün deyil.
Onun sözlərinə görə, burada bir neçə amil eyni vaxtda rol oynayır:
“Azərbaycanda bir sıra məhsulların istehsalında maya dəyəri yüksəkdir. Bunun səbəbləri arasında enerji, yanacaq, gübrə, toxum, avadanlıq, kredit və əmək xərcləri, eləcə də istehsal miqyasının kiçik olması dayanır. Böyük həcmdə istehsal edən xarici şirkətlər isə məhsulu daha aşağı maya dəyəri ilə bazara çıxara bilirlər.
İkinci mühüm məsələ logistika və təchizat zənciridir. İlk baxışda yerli məhsulun daşınma xərci az olmalıdır. Lakin istehsalçının məhsulu birbaşa istehlakçıya çıxarmaq imkanı yoxdursa, məhsul bir neçə mərhələdən keçir: toplayıcı, topdansatışçı, distribyutor və pərakəndə satıcı. Hər mərhələdə məhsulun üzərinə marja əlavə olunur. Nəticədə fermerin və ya istehsalçının aldığı qiymətlə mağazada formalaşan son qiymət arasında ciddi fərq yaranır.
Əslində, burada əsas problemlərdən biri vasitəçi zəncirinin həddindən artıq uzanmasıdır. Yerli istehsalçı məhsulunu 1 manata satır, amma istehlakçı onu 2–3 manata alırsa, bu fərqin hamısını istehsal xərci ilə izah etmək olmaz.
Digər mühüm amil bazardakı rəqabət səviyyəsidir. İdxal məhsulları bazara böyük həcmdə daxil olur və istehlakçının daha çox alternativi yaranırsa, satıcı qiyməti aşağı salmağa məcbur olur. Yerli bazarda isə müəyyən məhsul üzrə istehsalçıların sayı azdırsa və rəqabət zəifdirsə, qiymətin yüksək qalması mümkündür.
Məncə, problemin həlli üçün idxala rüsum tətbiq etmək əvəzinə, yerli istehsalçının maya dəyərini aşağı salmaq, ucuz maliyyələşməni artırmaq, logistikanı optimallaşdırmaq, kooperasiyanı inkişaf etdirmək və ən əsası, istehsalçı ilə istehlakçı arasındakı vasitəçi zəncirini qısaltmaq lazımdır.
Çünki istehlakçı üçün əsas sual “məhsul harada istehsal olunub?” deyil, “niyə bu məhsulu bu qiymətə almalıyam?” sualıdır. Yerli istehsal yalnız keyfiyyət və qiymət baxımından rəqabətqabiliyyətli olduğu halda idxalın real alternativinə çevrilə bilər”, - deyə iqtisadçı fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью