Yevlaxda çətin sınaq

18.11.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında XII tur çərçivəsində “İmişli” Yevlax şəhər stadionunda növbəti sınağına çıxacaq. Noyabrın 20-də baş tutacaq qarşılaşmada bölgə təmsilçisi avrozonaya iddialılarından olan “Zirə”ni qəbul edəcək.

Yüksəlməyə çalışan “İmişli”

Cari mövsümdə komandanın “sükan”ı arxasına keçən Ervins Perkonsun rəhbərliyi altında müəyyən sabitlik əldə etməyə çalışan “İmişli” keçirdiyi 11 qarşılaşmada 3 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 6 məğlub olub. Aktivindəki 11 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan bölgə təmsilçisi xüsusilə ev matçlarındakı inamlı oyunu ilə diqqət çəkir.

Latviyalı mütəxəssis komandaya gələn kimi dərhal səs-küyə səbəb olmuşdu. Perkonsun rəhbərliyi altında imişlililər ilk oyununda “Turan Tovuz”u sensasiyalı şəkildə 1:0 məğlub etmişdi. Ümumiyyətlə, komanda son vaxtlar evdə özünü olduqca inamlı aparır. İmişlililər son 4 ev oyununda məğlubiyyət üzü görməyiblər. Bu seriyaya 3 qələbə (biri kubok matçın olmaqla – red.) və 1 heç-heçə daxildir. Meydan sahibləri doğma divarlar arasında sonuncu dəfə VII turda “Qarabağ”a uduzublar – 0:2.

Heyətdə diqqət çəkən əsas simalardan biri isə Seyxan Fərəcovdur. Aktivində 2 qol olan gənc oyunçu məhsuldar çıxışı ilə yadda qalsa da, gəncləşən millinin son heyətinə dəvət almayıb. Seyxan məhz bu matçda özünü sübut etmək üçün əlavə motivasiyaya sahib olacaq.

“Qartallar”ın düşüşü

Rəşad Sadıqovun başçılıq etdiyi “Zirə” isə 19 xalla (5 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət) turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Kağız üzrə qonaqlar matçın aşkar favoriti təsiri bağışlasalar da, son turun nəticələri və komandadakı ümumi ab-hava “qartallar”ın optimal formasından uzaq olduğunu göstərir.

Komanda son 5 matçında 2 qələbə və 3 heç-heçə əldə edib. Hələ ki məğlub olmasa da, qəsəbə təmsilçisinin sərgilədiyi oyun qeyri-stabildir.

“Zirə” son turda autsayderlərdən olan “Qəbələ”ni matçın son dəqiqələrində vurulan qolla məğlub etmişdi. Bundan başqa, “qartallar”ın hələ də qələbə qazanmayan “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçəsi də narahatlıq doğurur. Üstəlik, kubokda I Liqa təmsilçisi “Səbail”i yalnız penaltilər seriyasında üstələməsi də “Zirə”nin hazırki durumu baxımından müsbət göstərici deyil.

Qələbəyə həsrət duel

İki komanda arasındakı rəsmi matçların tarixinə nəzər salsaq, “İmişli”nin hələ ki “Zirə”ni məğlub edə bilmədiyini görürük. MPL çərçivəsində baş tutan əvvəlki 4 qarşılaşmanın 3-də tarazlıq pozulmayıb:

22 avqust 2026: “Zirə” – “İmişli” – 3:1

8 may 2026: “İmişli” – “Zirə” – 0:0

20 dekabr 2025: “Zirə” – “İmişli” – 0:0

26 sentyabr 2025: “İmişli” – “Zirə” – 1:1

Yevlaxdakı qarşılaşma “İmişli”yə rəqiblə bağlı uğursuz seriyaya son qoymaq, “Zirə”yə isə itirilmiş xalların əvəzini çıxmaq üçün şans olacaq.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью