Yevlaxda qol dueli “sambaçılar”la gələn qələbə

12.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının V turunda “İmişli”ni məğlub etdi. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Yevlaxda rəqibinə 3:2 hesabıyla qalib gəldi.

Oyunboyu üstün tərəf olan “ağ-qaralar” erkən qolla hesabı açdı, sonra fərqi iki topa çatdırdı. Lakin hesabın yaratdığı arxayınlıq ilk hissənin dramatik yekunlaşmasına səbəb oldu. Meydan sahibləri biri standart vəziyyətdən, digəri isə penaltidən olmaqla iki qol vurdu və fasiləyə bərabərliklə yollandı.

İkinci hissəni üstün keçirən qonaqlar oyunun sonlarına az qalmış Klismanın vurduğu fantastik qolla meydanı üç xalla tərk etdi. Hesab minimal fərqli alınsa da, “Neftçi” hər iki hissədə kifayət qədər qol imkanları yarada bildi. Braziliyalı Almeyda qol vurdu, ötürmə etdi, həmyerlisi Klisman isə qələbə topunun müəllifi oldu. “Sambaçılar”ın səhnəyə çıxdığı Yevlaxda “Neftçi” layiqli qələbə qazandı.

“Ağ-qaralar” Konfrans Liqasındakı uğursuzluqdan sonra bütün diqqətini çempionata verib. 5 turda ən çox qol vuran kollektiv olan bakılılar bəlkə də, ən çox epizodu da qaçıran komandadır.

“Neftçi” adına indiyədək mövsümün ən yaxşısı Breno Almeydadır. 6 qolla liqada bombardir olan braziliyalı həm də məhsuldar ötürmələri ilə diqqət çəkir.

Müdafiə xəttində Murad Xaçayev ilə Andre Qravilyon tandemi hələlik özünü doğrultmur. Qarşıdakı turlarda hər iki oyunçunun ehtiyat skamyasında olması təəccüb doğurmayacaq. Yayda transfer edilən Lyubomir Tupta da hələlik gözləntiləri qarşılamır.

İstənilən halda “Neftçi”nin 5 turda 4 qələbə qazanması həm rəhbərliyi, həm də fanatları məmnun etməlidir. Son illərdə enişdə olan “ağ-qaralar”ın uğurlu startın davamını gətirməsi üçün də kifayət qədər keyfiyyətli heyəti var.

“İmişli” isə yaxşı mübarizəsi ilə diqqət çəkdi. 30 dəqiqəyə buraxdığı qollara baxmayaraq, ruhdan düşməyən bölgə təmsilçisi xal qazanmağa yaxın idi. Oyunun 75-ci dəqiqəsində yaradılan təhlükəli hücum qolla nəticələnsəydi, bəlkə də, yekun fərqli alınardı. Gənc mütəxəssis Namazov kasad heyət olmasına baxmayaraq, yaxşı komanda formalaşdıra bilib. Hər bir halda, rəqibin “Neftçi” olduğunu nəzərə alsaq, “pələnglər” pis oyun sərgiləmədi.

Növbəti turda “İmişli” “Sabah”ın, “Neftçi” isə “Qəbələ”nin qonağı olacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью