Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Yevlaxdan olan şəhid ailələrinin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili ənənəvi olaraq davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə şəhid ailələrinin üzvlərinin Ağdam rayonuna, Xankəndi, Laçın və Şuşa şəhərlərinə səfəri təşkil olunub.
Səfər zamanı iştirakçılar həmin ərazilərdə müxtəlif məkanları ziyarət edib, aparılan genişmiqyaslı abadlıq, quruculuq və bərpa işləri ilə tanış olublar. Onlara işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, müasir sosial infrastrukturun yaradılması, şəhər və rayonların tarixi simasının bərpası istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Şəhid ailələrinin üzvləri üçün səfər xüsusi mənəvi əhəmiyyət daşıyıb. Onlar vaxtilə işğal altında olmuş torpaqların bu gün azad, abad və yenidən qurulan şəkildə görülməsinin böyük qürur hissi doğurduğunu bildiriblər.
Səfər iştirakçıları işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərini yaxından görməyin, doğma torpaqların dirçəldilməsinin onlar üçün xoş və unudulmaz təəssüratlar yaratdığını qeyd ediblər. Bildirilib ki, bu cür səfərlər Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, şəhid ailələrinin mənəvi dəstəklənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Səfər şəhid ailələrinin üzvlərində xoş və unudulmaz təəssüratlar yaradıb. Şəhid ailələri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Onlar şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.