Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Kreml Ukraynanın müttəfiqlərinə təhdidlər və dezinformasiya ilə təzyiq göstərməyə çalışır”
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukraynaya hərbi dəstək verən ölkələrə qarşı son təhdidlərini "absurd təbliğat" adlandırıb. AYNA.AZ xəbər verir ki, nazir bu barədə açıqlamanı “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə deyib.
Vadeful vurğulayıb ki, "Rusiyada Ukraynaya qarşı uğursuz işğal müharibəsinin getdikcə ağrılı iqtisadi və sosial nəticələrini nəzərə alaraq, Kreml Ukraynanın müttəfiqlərinə təhdidlər və dezinformasiya ilə təzyiq göstərməyə çalışır".
O, həmçinin əlavə edib ki, "ən absurd təbliğat belə" Kiyevin Rusiya təcavüzü qarşısında beynəlxalq dəstək sayəsində malik olduğu dayanıqlığı dəyişdirə bilməz.
Qeyd edək ki, ötən həftənin sonunda Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın "Qərbdən Kiyevin müharibə maşınını yanacaqla təmin edən hər şeyi məhv etmək" metodlarını sərtləşdirəcəyi ilə hədələdi. Onun bu sözləri Almaniya hökumətinin diqqətini Leypsiq hava limanında baş verən son dron hadisəsi fonunda cəlb etdi. Belə ki, 5 avqust gecəsi Ukrayna yük təyyarəsinin yaxınlığında partlayıcı maddələr və detonatorla silahlanmış naməlum mənşəli dron aşkar edilib. ABŞ kəşfiyyatı hesab edir ki, dronun Rusiya hökuməti ilə əlaqəsi var.