Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bildiyimiz kimi, istismarda olan köhnə avtobuslar istisna olmaqla, digər müntəzəm marşrut avtobuslarının sərnişinləri yalnız rəsmi avtobus dayanacaqlarında mindirib-düşürməsinə icazə verilir. Lakin bəzən müxtəlif səbəblərdən, xüsusilə metro stansiyalarının yaxınlığında yolun müəyyən hissəsi müvəqqəti olaraq bağlanır. Belə hallarda avtobuslar marşrut üzrə hərəkətlərini davam etdirsələr də, sərnişinlərin istifadə etdiyi dayanacaqlara yaxınlaşmaq mümkün olmur.
Bu vəziyyətdə sual yaranır: avtobus sürücüsünün sərnişinləri dayanacaqdan kənar ərazidə mindirib-düşürməsinə müvəqqəti hallarda icazə verilirmi? Əgər belə hallarda icazə varsa, bu qayda hansı şərtlərlə tətbiq olunur və sürücünün məsuliyyəti necə müəyyən edilir?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında vurğuladı ki, ictimai nəqliyyatda fəaliyyət göstərən bütün avtobuslar mütləq dayanacaqda saxlamalı, sərnişinləri dayanacaqda mindirib-endirməlidir.
"Qaydalara əsasən, sürücü avtobusu dayanacaqdan kənar yerdə saxlaya bilməz. Lakin hər hansı ərazidə güclü tıxac yaranıbsa, yol müəyyən müddətə bağlanıbsa və ya fors-major vəziyyət baş veribsə, bu halda sürücü dispetçerlə məsləhətləşdikdən sonra müvafiq qərar verə bilər".
Həmsöhbətimiz avtobus sürücülərinin cərimələnməsi məsələsinə də toxundu:
"Cərimə məsələsinə gəldikdə isə, bunu hər daşıyıcı şirkət öz daxili qaydalarına uyğun şəkildə tənzimləyir".
Aytəkin TOFİQQIZI