Yol heç kimin deyil, qaydanındır... Hamı haqlı olmaq istəyir, amma heç kim səbirli olmaq istəmir

27.01.2026

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda, “Əhmədli” metro stansiyasının yaxınlığında baş verən son insident bir daha sübut etdi ki, şəhər tıxacdan yox, davranışdan yorulub. Piyada ilə sürücü arasında yaşanan və sosial şəbəkələrdə sürətlə yayılan hadisə təkcə bir emosional partlayış deyil, yol mədəniyyətimizin acı mənzərəsidir.

Məlumata görə, piyada keçidinə yaxınlaşan avtomobilin sürücüsü yolu keçən piyadaya qışqırıb. Sürücünün bu davranışına cavab olaraq piyada qaçaraq avtomobilin üzərinə çıxıb. Hadisə bu nöqtədə artıq adi yol mübahisəsindən çıxaraq təhlükəli insidentə çevrilib.

Başlayaq sürücüdən. Sükan arxasında olmaq insanı haqlı etmir. Xüsusilə də piyada keçidi yaxınlığında. Yol hərəkəti qaydaları açıqdır. Piyada keçidində üstünlük piyadaya məxsusdur. Qışqırmaq, təzyiq göstərmək, tələsik və aqressiv davranmaq sürücünün məsuliyyətsizliyidir.

Bakıda sürücülərin bir hissəsi hələ də yolu şəxsi ərazisi kimi qəbul edir. Siqnal, qışqırıq və psixoloji təzyiq adi hala çevrilib. Amma unudulan bir məqam var ki, avtomobil gücdür və güc məsuliyyət tələb edir. Lakin bu hadisədə piyada da günahsız deyil. Avtomobilin üzərinə çıxmaq nə etirazdır, nə də haqlı cavab. Bu, həm öz həyatını, həm də ətrafdakıların təhlükəsizliyini riskə atmaqdır.

Aqressiyaya aqressiya ilə cavab vermək problemi həll etmir, əksinə, böyüdür. Bir anlıq emosional reaksiya ciddi xəsarətlə, hətta faciə ilə nəticələnə bilərdi. Yol mübahisələri küçə şousu deyil və nəticələri real, ağırdır.

Bu insidentin əsas dərsi sadədir: problem nə təkcə sürücüdür, nə də piyada. Problem yol mədəniyyətinin zəifliyidir. Qayda bilinir, amma əməl edilmir. Hamı haqlı olmaq istəyir, amma heç kim səbirli olmaq istəmir. Yol mübahisə yeri deyil. Yol güc nümayişi üçün yox, hərəkət üçündür.

Və ən vacibi odur ki, yolda qalib olmur, yolda yalnız sağ qalmaq var.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью