Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Rayonlardan kəndlərə aparan yolların böyük hissəsində yol nişanlarının olmaması artıq təkcə texniki çatışmazlıq deyil, ciddi təhlükəsizlik və idarəetmə problemi kimi gündəmə gəlir.
Xüsusilə bəzi yaşayış məntəqələrinin adlarının müxtəlif istiqamətlərdən görünməməsi sürücülər və turistlər üçün əlavə çətinlik yaradır.
Milli Məclisin plenar iclasında “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bu məsələyə diqqət çəkərək bildirib ki, rayon və kənd yollarında nişanların çatışmazlığı sürücülərin azmasına, vaxt itkisinə və gərginliyə səbəb olur.
O, rayon və kənd yollarının vəziyyətinə diqqət çəkib.
"Bu yollarda sürücülər və turistlər azırlar. Xaricdə xəritə açmadan belə yollardakı işarələrlə istənilən kəndə getmək mümkündür. Bizim yollarda isə bu imkan yox dərəcəsindədir.
Kəndlərə GPS-lə getmək çətindir, hər yer tanınmır. Sürücülər dönməli olduqları yolu ötürürlər, çünki nişan yoxdur. Döngələrin olmaması vaxt itkisinə və gərginliyə səbəb olur", - parlament üzvü bəyan edib.
Kənd və rayon yollarında yol nişanlarının quraşdırılması hansı standartlara uyğun olmalıdır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, tək rayon və kənd yollarında yox, heç paytaxtımızın da əksər küçə və prospektlərində yol nişanlarının olmaması təsadüfi və ya texniki xırda problem deyil:
“Bu, illərdir formalaşmış idarəetmə və prioritetləşmə boşluğunun nəticəsidir. Əsas diqqət uzun müddət magistral və şəhərdaxili yollara yönəldilmiş, kənd və rayon yolları isə “ikinci dərəcəli” kimi qəbul olunmuşdur. Yol çəkilib, asfalt salınıb, amma onun “dili” olan nişanlar unudulub.
Halbuki yol nişanı olmayan yol yarımçıq infrastrukturdur. Digər mühüm səbəb məsuliyyət bölgüsünün aydın olmamasıdır:
bəzi yollar yerli icra orqanlarının, bəziləri isə aidiyyəti dövlət qurumlarının balansındadır və nəticədə “kim qoymalıdır?” sualı cavabsız qalır. Turizmin və regionlara axının artmasına baxmayaraq, bu problem hələ də sistemli yanaşma ilə həll edilməyib”.
Onun sözlərinə görə, işarəsiz yollar təkcə azma problemini yaratmır, həm də təhlükəsizlik riskini ciddi şəkildə artırır:
“Sürücü son anda döngəni görəndə qəfil manevr edir, sürəti kəskin azaldır və ya artırır, bu isə qəzaya zəmin yaradır.
Turistlər və rayonu tanımayan sürücülər üçün vəziyyət daha ağırdır, çünki GPS hər yerdə dəqiq işləmir və bəzi kənd adları sistemlərdə ümumiyyətlə qeyd olunmayıb.
Xarici ölkələrdə isə sürücü xəritə açmadan belə, ardıcıl istiqamət nişanları ilə rahat şəkildə istənilən yaşayış məntəqəsinə çata bilir. Bu, yol mədəniyyətinin və planlamanın göstəricisidir.
Kənd və rayon yollarında yol nişanlarının quraşdırılması beynəlxalq və milli standartlara uyğun aparılmalıdır. Nişanlar oxunaqlı ölçüdə, düzgün məsafədə və ardıcıllıqla yerləşdirilməli, sürücünün qərarını son anda yox, əvvəlcədən verməsinə imkan yaratmalıdır.
Yaşayış məntəqələrinin adları ən azı iki istiqamətdən görünməli və gecə vaxtı üçün işıq əks etdirən materialdan istifadə olunmalıdır. Döngələr, yolayrıcılar və təhlükəli sahələr əvvəlcədən xəbərdarlıq nişanları ilə müşayiət olunmalıdır”.
Ekspert qeyd edib ki, ən əsası isə bu iş kampaniya xarakterli yox, inventarlaşdırma və mərhələli plan əsasında görülməlidir:
“Bu problem illərdir həll olunmursa, deməli məsələ maliyyədən çox yanaşmadadır. Yol təhlükəsizliyi yalnız sürücünün məsuliyyəti deyil, düzgün və başa düşülən infrastrukturun təmin olunmasıdır.
Kənd və rayon yollarında nişanların olmaması həm vətəndaşın vaxtını, həm də həyatını riskə atır və bu artıq təxirəsalınmaz məsələdir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Yol nişanları Adil Nəbiyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin