Yol polisindən sürücülərə müraciət

30.01.2026

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Nasaz nəqliyyat vasitəsilə yola çıxmaq süni tıxac və ciddi narahatlıq yaradır”

Son dövrlərdə şəhər və magistral yollarda hərəkətin intensiv olduğu saatlarda nəqliyyat axınının qəfil dayanmasına səbəb olan əsas amillərdən biri sürücülərin texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən avtomobillərlə yola çıxmalarıdır. Bu cür nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qəfil dayanması nəticəsində zolaqlardan birinin tutulması baş verir və bu da xüsusilə şəhər yollarında uzunmüddətli tıxacların yaranmasına, digər sürücülərin haqlı narazılığına və yol hərəkəti təhlükəsizliyinin pozulmasına səbəb olur. AYNA.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd olunub ki, aparılan müşahidələr göstərir ki, bəzi sürücülər avtomobillərində mövcud olan texniki nasazlıqlardan xəbərdar olduqları halda da bunun doğura biləcəyi fəsadları nəzərə almadan yola çıxırlar. Nəticədə yolun ortasında dayanan bir avtomobil yüzlərlə digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradır, sürücülərin vaxt itkisinə, əsəbi gərginliyə və qəza riskinin artmasına gətirib çıxarır.

Xüsusilə pik saatlarda, dar yol sahələrində, körpülərdə, tunellərdə və yol qovşaqlarında nasaz avtomobilin dayanması şəhərin nəqliyyat sistemində ciddi axsamalara səbəb olur. Bir zolağın tutulması ilə başlayan problem qısa müddətdə genişmiqyaslı tıxaclara çevrilir və minlərlə vətəndaşın gündəlik hərəkətinə mənfi təsir göstərir.

"Yol hərəkəti haqqında” Qanuna əsasən, texniki nasazlığı olan nəqliyyat vasitələrinin istismarı qadağandır və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən bu cür hallara görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

“BDYPİ bir daha sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına daim nəzarət etməyə, nasazlıq aşkarlandığı halda avtomobillə yola çıxmamağa və məsuliyyətli mövqe nümayiş etdirməyə çağırır. Unutmaq olmaz ki, yolda qalan nasaz avtomobil təkcə bir sürücünün problemi deyil, bütün yol hərəkəti iştirakçıları üçün əlavə risk və narahatlıq mənbəyidir”, - deyə məlumatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью